Laçının Zerti kəndində “Disneyland” tikiləcəyi, hətta artıq bunun üçün françayzın alındığı haqqında məlumat yayılıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə iddialar qeyd olunub. Paylaşımlara əsasən, nəhəng tikinti layihələri ilə Laçın Avropa ilə rəqabət aparacaq.
İddialar arasında həmçinin, Laçında məşhur “fast food” restoranlarının və brend hotellərin də françayzının olacağı da yer alıb.
Məsələ ilə bağlı Oxu.Az-a danışan Bakı Abadlıq Xidmətinin memarı Elnur Abdullayev iddiaların əsassız olduğunu qeyd edib. Laçında tikinti işlərinə nəzarəti həyata keçirən memarın sözlərinə görə, şəhərin yenidən qurulması layihəsində bu məqamlar yoxdur:
“Bizim hələlik əsas məqsədimiz ən qısa zamanda Laçında yaşayış şəraitinin bərpa olunması, sakinlər üçün əlverişli şəraitin yaradılmasıdır. Yaxın müddətdə Laçında “Disneyland” və ya iri “fast food” restoranlarının tikintisi nəzərdə tutulmayıb. Gələcəkdə necə olacağını isə indidən demək tezdir”.