“30 ilə yaxın müddətdə Ermənistan işğalına və talanına məruz qalmış ərazilərimizin işğaldan azad edilməsi, bu ərazilərdən etnik təmizlənməyə məruz qalmış məcburi köçkünlərimizin öz doğma torpaqlarına geri qayıtması həm böyük siyasi, həm böyük strateji, eyni zamanda, çox böyük mənəvi əhəmiyyət daşıyır”.
QAZİLER.AZ APA-ya istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov "Heydər Əliyev və Azərbaycanda müstəqil dövlət quruculuğu: sosial-iqtisadi keçidin tarixi və müasirliyi" mövzusunda keçirilən konfransda deyib.
O bildirib ki, böyük qələbə nəticəsində azad edilmiş torpaqlarımız dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın fəal iştirakı ilə yenidən dirçəlir:
“Bu gün üçrəngli bayrağımız işğaldan azad olunmuş torpaqlarımızda qürurla dalğalanır, Azərbaycan azad etdiyi ərazilərini qarış-qarış yenidən qurur və bərpa edir.
Bu gün, Azərbaycanın post-münaqişə dövründə regionda sülh səyləri xarici siyasət xəttimizdə yeni dövrün başlanğıcının göstəricisidir. 30 ilə yaxın davam etmiş hərbi işğala son qoyulması nəticəsində xarici siyasətimizin qarşısında ən böyük çağırış olan keçmiş münaqişənin həll olunması, regionda yeni reallıqların və gündəliyin yaranması xarici siyasətimizin üfüqlərinin genişlənməsində də mühüm rol oynayıb”.