Cəbrayıl rayonuna media-tur təşkil edilib.
QAZİLER.AZ APA-nın Qarabağ bürosuna istinadən xəbər verir ki, media-tur iştirakçıları işğaldan azad olunan Cəbrayıl rayonda aparılan yenidənqurma və bərpa işləri ilə tanış olublar.
Mətbuat nümayəndələri mayın 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin açılışını etdiyi 330 kV-luq “Cəbrayıl” qovşaq yarımstansiyasında da olublar.
“Azərenerji” QSC-nın mətbuat xidmətinin rəhbəri Teymur Abdullayev jurnalistlərə açıqlamasında bildirib ki, 330 kV-luq “Cəbrayıl” qovşaq yarımstansiyası işğaldan azad olunan ərazilərdə tikilən ən böyük yarımstansiya olmaqla yanaşı, eyni zamanda ən strateji enerji qovşağıdır.
“Bu yarımstansiyanın tikilməsi işğaldan azad olunan ərazilərin dairəvi elektrik təchizatında xüsusi rol oynayır. Eyni zamanda əlavə mənbənin yaradılması üçün bu yarımstansiyanın çox böyük əhəmiyyəti var. “Cəbrayıl” enerji qovşağı həm də işğaldan azad edilən ərazilərdə tikilən, su elektrik stansiyalarının, “BP Günəş”, “Xudafərin”, “Qız qalası” elektrik stansiyalarının Azərbaycanın ümumi enerji sisteminə ötürülməsi üçün olduqca əhəmiyyətlidir. “Cəbrayıl” enerji qovşağının beynəlxalq əhəmiyyəti də var. qovşaq ölkələrarası layihədir. Bu layihə çərçivəsindən Azərbaycandan Naxçıvana, oradan isə Türkiyəyə keçəcək. Türkiyədən isə Avropaya enerjinin ötürülməsi layihəsi var. Ən əsası bu müddətdə işğaldan azad edilən rayonlarda 11 yerdə tikilən 110 kilovoltluq yarımstansiyaları selektiv paylama ilə qidalandırıb, dairəvi elektrik təchizatına nail olmaq üçün 330 kilovoltluq “Cəbrayıl” qovşaq yarımstansiyası ilə 110 kilovoltluq “Qubadlı” yarımstansiyası arasında ötürmə xətti çəkilib. Bu layihənin bir neçə mühüm əhəmiyyəti var. Belə ki, Qarabağ və Şərqi Zəngəzur regionlarını yeni mənbə olaraq qidalandırıb dairəvi elektrik təchizatını təmin etmək, bu bölgələrin dayanıqlı və fasiləsiz elektrik təchizatına nail olmaq, yaradılan meqalayihələrin tələbatını qarşılamaq, BP Günəş və digər bərpa olunan enerji mənbələrində, həmçinin “Xudafərin” və “Qız qalası” elektrik stansiyalarında, o cümlədən işğaldan azad edilən ərazilərdə “Azərenerji” tərəfindən tikilən 25 Su elektrik stansiyasında istehsal olunan enerjini ümumi sistemə ötürmək üçün “Cəbrayıl” enerji qovşağının istismara verilməsi olduqca əhəmiyyətli hadisədir”, - Teymur Abdullayev bildirib.
Qeyd edək ki, işğaldan azad edilən ərazilərdə “Azərenerji” tərəfindən bu günədək 37 enerji obyekti - 12 yarımstansiya, 25 Su elektrik stansiyası tikilib və tikilməkdədir. Bu enerji obyektlərində indiyədək 170 nəfər yerli sakin məskunlaşma siyasətinə uyğun olaraq daimi işlə təmin edilib.