Əsir hərbçimizin İrəvandan göndərdiyi məktub: “İnşallah, gələcəyəm, anam” - FOTO

Əsir hərbçimizin İrəvandan göndərdiyi məktub: “İnşallah, gələcəyəm, anam” - FOTO backend

Ermənistanda əsir saxlanılan Azərbaycan Ordusunun əsgəri Hüseyn Axundovun məktubu ailəsinə çatdırılıb.

Bu barədə Modern.az-a əsir hərbçinin anası Şəlalə Axundova məlumat verib.

Onun sözlərinə görə, məktub Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndələri tərəfindən təqdim olunub.

“Salam anam. Mənəm Hüsü. Necəsən, anam? Vəziyyət necədir? İnşallah, gələcəyəm, anam. Gözlə. Özünə yaxşı bax. Nə olar məktub yaz mənə”, - məktubda deyilir.

Qeyd edək ki, bu yaxınlarda BQXK nümayəndələri Ermənistanda əsir götürülən Azərbaycan Ordusunun əsgərlərinə baş çəkiblər. İrəvanda keçirilən görüş zamanı hərbçilərə ailələri ilə Qırmızı Xaç Məktubu vasitəsilə əlaqə yaratmaq imkanı verilib.

“Mandatına uyğun olaraq, BQXK başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir, onların ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır”, - BQXK-nın yaydığı məlumatda deyilir.
 
Xatırladaq ki, Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən Azərbaycan ordusunun itkin düşmüş əsgərləri - 2004-cü il təvəllüdlü Aqşin Qabil oğlu Bəbirov və 2003-cü il təvəllüdlü Hüseyn Əhliman oğlu Axundov Ermənistan tərəfindən əsir götürülüblər və onlara qarşı saxta ittihamlarla cinayət işi açılıb.

 

Diaspora