Əsgərlər məni gözləyirdi, mən yaxınlaşanda dedilər ki, komandir, biz Şəhid olmağa gedirik, səni gözləyirik...
Dəyərli oxucum, bu günki müsahibim Şəhid Vüsal Məhərrəmovun xanımı Mətanət Məhərrəmovadır. Adının qarşısında müqəddəs bir ad olan xanım... Şəhid xanımı ...
Mətanət xanımla "QAZİLER.AZ" saytının redaksiyasında görüşdüm. Şəhidimizlə bağlı xatirələri diqqətinizə çatdırıram.
BİR SEVGİ TARİXÇƏSİ...
Həyat yoldaşım Məhərrəmov Vüsal Aslan oğlu 1979-cu il dekabrın 6-da Masallının Hişkədərə kəndində ziyalı ailəsində anadan olub. Gəncə Dövlət Kənd Təsərrüfatı Akademiyasınn torpaqşünaslıq fakültəsini bitirib. Akademiyanı bitirəndə leytenant rütbəsi də alıb.
Hərbi xidmətini Naxçıvan Muxtar Respublikasında keçib. Xidmət müddəti bitdikdən sonra nümunəvi zabit olduğuna görə əlavə olaraq orda 1 il də xidmətdə saxlayıblar.
Hərbi xidmətdən sonra Bakıya gəlib. Bakıda kirayədə qalaraq, özü işləyib, bacı-qardaşı da universitetdə təhsil alıblar.
Vüsal mənim qardaşımgilin qonşuluğunda kirayədə yaşayırdı. O, 5 uşaqlı ailənin 2-ci övladı idi. Bacısı ilə rəfiqə idim. Həyətdə oturar, söhbət edərdik. Bir gün bacısı dedi ki, qardaşım neçə vaxtdır səninlə maraqlanır. Bir neçə dəfə bu haqda söhbətimiz oldu. Bir gün də bacısı yenə dedi ki, valideynlərimiz elçi gəlmək istəyirlər, evdə xəbər ver. Beləliklə, elçi gəldilər. Toyumuz 2005-ci ilin dekabr ayının 17-də Masallıda, ata evində oldu. Sonra yenidən Bakıya qayıtdıq. Vüsal yenidən işləməyə başladı.
HƏMİŞƏ MÜHARİBƏ ARZUSU İLƏ YAŞAYIRDI...
Mən onunla ailə quranda ehtiyyatda olan zabit olduğunu demişdi. Həmişə deyirdi ki, müharibə olsa, mən də gedəcəm. Çox istəyirdi müharibə olsun. Torpaqlarımızın işğal altda qalmağını heç cür qəbul edə bilmirdi. Qarabağın adı çəkiləndə ürəyi ağrayırdı, bəlkə də içində ağlayırdı. Arzusu idi müharibədə iştirak edə, elə bil qulağı səsdə idi, hər an xəbər gözləyirdi. Deyirdi, Mətanət, müharibə başlasa, məni çağıracaqlar, biz o torpaqları gec-tez almalıyıq...
DÖYÜŞƏ GEDƏCƏYİ ÜÇÜN SEVİNCİNİN HƏDDİ-HÜDUDU YOX İDİ...
Artıq müharibə başlamışdı, səfərbərlik elan olunmuşdu. İlk Şəhid də onların kəndinə gəlmişdi. Həmin gün tələsik, həyəcanla, sevinclə işdən gəldi, qanadı yox idi uçmağa. Soruşdum ki, nolub? Dedi, mənə hərbi komissarlıqdan çağırış vərəqəsi gəlib, gedirəm Qarabağa döyüşməyə. Birdən soruşdum ki, Vüsal, müharibəyə gedirsən? Dedim və onun cavabını sanki bir quyunun dibindən eşitdim. Elə bil bir anlıq zaman gözlərimdə dayandı, nitqim qurudu, bilmədim nə deyim. Araya dərin sükut çökdü. Özümə gələndə Vüsal danışırdı. Dedim, sən hara, mən də ora, mən də gedirəm vuruşmağa. Bir az məni dilə tutdu, ay qız, nə danışırsan, bəs uşaqları, ev-eşiyi kimə tapşırırıq, sən uşaqlardan muğayat ol, sağ-salamat gələcəm inşəallah deyib, məni sakitləşdirməyə çalışdı.
ÜRƏYİMƏ DAMMIŞDI Kİ, DÖNMƏYƏCƏK...
O gecə sabaha qədər gözlərimə yuxu getmədi. Amma Vüsal çox həvəslə hazırlıq görürdü. Ancaq uşaqları tapşırırdı ki, sən indi onlara həm ata, həm ana olmalısan. Ürəyim qan ağlayırdı. Çox narahat idim. Gecə zəng vurduq bibisinə ki, gəlin, sabah uşaqların yanında qalın, biz gedəcəyik Vüsalı müharibəyə yola salmağa.
Səhər tezdən qardaşı, mən, Vüsal yollandıq Masallıya. Gedəndə sənədlərini hazırlayıb təqdim etdilər. Əsgərlərini təhvil aldı və sanki bizimlə sağollaşıb avtobusa minəndə ona çatdı ki, o müharibəyə gedir. Yola düşənə kimi ancaq uşaqları tapşırdı ki, onlara yaxşı bax, sağ-salamat gələcəm, hər şey yaxşı olacaq...
QƏLƏBƏ XƏBƏRLƏRİNİ VERƏNDƏ ÇOX SEVİNİRDİ, QÜRURLANIRDI...
Vüsalgil getdikləri gündən döyüşlərə qatılıblar. İlk döyüş yolu Fizulidən başlayıb, Laçın, Kəlbəcər və digər rayonların azad olunmasında qəhrəmanlıqlar göstəriblər. Hər gün zəng edəndə ona alınan kəndləri sayanda çox sevinirdi, fəxr duyurdu. Həmişə də sonda uşaqları tapşırardı mənə, ancaq onlardan narahat idi. Və deyirdi ki, gələcək...
ODUN-ALOVUN İÇİNDƏ ZARAFATLARINDAN QALMIRDI...
Danışanda hiss edirdi ki, ağlayıram. Zarafatca deyirdi, ağlama, sənə bir söz deyim, deyəsən sən tapşırmısan ki, məni ən döyüşün ən qızğın yerlərinə aparsınlar. Məni güldürməyə çalışırdı.
Deyirdim yemək yemisiz? Deyirdi, hə, qəşəng qonaqlıq var, süfrə açmışıq, dur gəl, yeyək. Sonra ciddiyə keçəndə deyirdi ki, bizə yemək gətirənləri vururlar, təhlükəli yerlərdə oluruq, biz yemək-içməyə gəlməmişik, qələbə çalıb torpaqlarımızı azad etməyə gəlmişik. Hərdən deyirdi, dağlar qızısan sən, bir az su gətir mənə, susamışam. Ürəyim parçalanırdı o elə deyəndə...
Əsgərlərini çox istəyirdi. Həmişə zəng edəndə deyirdi ki, əsgərlər uşaqdı, onlara qıymıram, öz övladlarım göz önümə gəlir. Mən onları qorumağa çalışıram. Hamısı onun xətrini çox istəyirdilər...
QORXUDAN DƏLİ OLACAQDIM...
Bir gün zəng etdim, zəngi açanda əcnəbi səsləri eşitdim. İnanın elə qorxdum, az qala dəli olmuşdum. Mən xətdin bu başından qışqırıram, ağlayıram. Xətdin o biri başında isə əcnəbi səslər, qarışıq danışıqlar. Elə bildim əsir düşüblər. Məhv oldum. Vüsalın səsini eşidənə qədər ağlamaqdan nəfəsim kəsilmişdi. Sonra başa saldı ki, orda dalğa yaxşı tutmur, xətlər qarışır.
ZƏNGİ GƏLMƏYƏN GÜN BİLDİM Kİ, ŞƏHİD OLUB...
Vüsal o qədər canını əziz tutan adam idi ki, bir yeri ağrayanda aləmə hay salardı. Başı 1 dəqiqə ağrasa 10 dərman alıb içərdi, bir dəfə öskürsəydi sistem alıb qoşdurardı, həkimə gedərdi, dava-dərman alıb yığardı ki, mən xəstələnmişəm. Ağrıya dözümü yox idi. Hərdən zarafatca deyirdim sən bu xasiyyətlə müharibəyə necə gedəcəksən, sən yaralansan dünyanı dağıdarsan ki... Deyirdi, yox, müharibədə yaralanmaq başqa, xəstə olmaq başqa...
Sonuncu zəngi noyabrın 4-də oldu. Səhər saat 07.50-də zəng elədi ki, atamgilə də xəbər elə, biz Şuşaya gedirik. Narahat olmayın zəng edəcəm. Sən uşaqlara yaxşı bax...
Səhər Vüsaldan zəng gəlmədi. Çox narahat qaldım. Həmin gün dünya mənə dar gəldi, ev-eşiyə sığmırdım. Ürəyim döyünürdü. Səhər durdum uşaqları da oyatdım ki, durun, niyə yatmısız? Elə bil harasa gedəsi adam kimi ayaqüstə qalmışdım.
Baldızımgil bizimlə qonşudu, keçdim onlara. Dedim Vüsaldan xəbər yoxdu, ürəyim çox narahatdı, ona nəsə olub. Bacısı dedi narahat olma, danışar, bir az gözləyək. Vüsalın bir qardaşı Mahir də Fizulidədir. Zəng vurduq onunla danışdıq ki, Vüsaldan xəbər yoxdu.
Gəldim evə. Bir az keçmiş gördüm baldızımın əri sakitcə darvazanı açıb keçdi həyətə. Adətən bizə gələndə həmişə darvazaya çatmamış, uşaqları çağırar, ya da, ay gəlin, çay dəmlə deyib, səslənərdi. İndi onun gəlişi məni qorxutdu. Üzünə baxanda gördüm ağlayıb. Dedim, Vüsaldan xəbərdən var? Dedi, hə, yaralanıb, rayona gətirirlər, hazırlaşın, gedək. Dedim, yox, o Şəhid olub. Əlinə tikan batanda hay salan adam yaralansaydı, nəsil-nəcabəti başına yığardı. Baldızımın əri göz yaşlarını saxlaya bilməyib, hə, Şəhid olub dedi... İnanın, uşaqlar da yanımda məhv oldum, dünyam dağıldı. Elə bil bu boyda yer üzündə tək qaldım, bütün doğmalarımı itirdim sanki. Hələ də o acı xəbər qulaqlarımdan getmir...
Qardaşı Mahir bizim danışığımızdan sonra Vüsalın yola düşdüyü hərbi hissəyə gedib, orda Şəhid olanların siyahısını yoxlayanda deyiblər qardaşın Şəhid olub, bir azdan göndərəcəklər tabutlarını evlərinə. Bu bir qardaş üçün ağır mənzərədi. Mahir Vüsal Şəhid olandan sonra hələ də özünə gəlməyib...
VÜSALIN "ŞƏHİD YUXULARI"...
Şəhid olanda ona məxsus şəxsi əşyalarını bizə təqdim etdilər. Telefonu sadə telefon idi. Açıb səslərinə qulaq asanda dəhşətə gəldim.
2018-ci ildə qardaşına gördüyü yuxunu səsli mesaj şəklində göndərib. Yuxuda görüb ki, dağ başında əsgərlər yığılıb bunu gözləyir, bu da əlində siyahı onları yoxlayır. Əsgər buna deyib ki, komandir, biz Şəhid olmağa gedirik, səni gözləyirdik, tez gəl.
Başqa bir yuxusunda isə görübmüş ki, qaranlıqda göz üzünə baxır, birdən ulduzun biri göydən sürüşüb onun yaxınlığında partlayıb. Deməli, Şəhid olduğu Vüsala Allah tərəfindən agah olubmuş...
UŞAQLAR BÖYÜK SARSINTI KEÇİRDİLƏR...
Bizim 2 oğlumuz var, Nicat, Nihad. O müharibəyə gedəndə Nicat 12, Nihad 11 yaşındaydı. Vüsal uşaqlarına çox bağlı idi. Uşaqlar da onunla nəfəs alırdı. Onun işdən gəlməyini hər gün səbirsizliklə gözləyirdilər. Darvaza açılan kimi qabağına qaçıb görüşürdülər. Əlində alıb gətirdiyi bazarlığı həmişə verərdi uşaqlar əlində evə gətirsinlər. Ailə başçısı kimi çox ciddi, mehriban, ailəcanlı adam idi. Amma həm də çox tələbkar idi. Ən xoşu gəlməyən şey süfrədə süfrədə pərakəndəlik idi, hamı süfrəyə bir yerdə oturmalıydı, süfrə başında olmalıydı uşaqlar, hətta tox olsalar belə. Hərdən uşaqlar deyirdi ki, ana, sən ataya de ki, biz yemişik, toxuq. Deyirdim, yox, atanızı əsəbləşdirməyin.
Uşaqlar onun yoxluğu ilə barışa bilmirdilər. Çox əziyyət çəkdilər, travma aldılar. Balaca ürəyinə saldı dərdini, böyük isə, çox ağır stress keçirdi. Düz 1 il əziyyət çəkdim. Psixoloqa apardım, nə bilim ora-bura apardım, amma uşaq özünə gələ bilmirdi. Bir gün dedim ki, Nicat, bax, gör nə qədər Şəhid övladları var, heç atalarının üzünü görməyiblər. Oğlum ağlaya-ağlaya mənə dedi ki, onlar atalarını görməyiblər, ata nə olduğunu bilmirlər. Amma mən ata adında dostumu, arxa-dayağımı itirmişəm, mən bilirəm ata kimdir, nədir, mən itkimin ağırlığını hiss edirəm, Ana... (Ağlayır...)
Gözümün qabağında övladım şam kimi əriyib gedirdi. Artıq Vüsalın itkisi yadımdan çıxmışdı. Mənə əmanət etdiyi yadigarı məhv olurdu. Ona bir şey olsa, özümü bağışlaya bilməzdin. İndi o iki uşaq mənə həm də Vüsalın yadigarları, əmanətləri kimi qiymətli idilər. Mən bütün səylərimi səfərbər etmişdim, buna baxmayaraq bütün cəhdlərim boşa çıxırdı. Ümidim üzülmüşdü. Nə edəcəyimi bilmirdim. Hətta psixoloqun yardımı da kömək etmədi. Sanki kənarda oğlumun çökməsini izləyirdim, əlim heç nəyə çatmırdı.
Bir gün Nicatı qarşımda oturdub onunla ağlaya-ağlaya danışdım, sən Şəhid oğlusan, güclü olmalısan atan kimi, sən niyə dərdimin üstünə dərd gətirmisən, niyə qoymursan dərdimi çəkim, atan gedəndə sizə beləmi tapşırıq vermişdi, Vüsalın yoxluğundan istifadə edib məni niyə incidirsən, axı özünü də, məni də məhv edirsən deyib ağladım.
Axşam Nicat mənə dedi ki, ana, mənə it al. Səhər ona it tapıb aldıq. İnanın o it uşağı yenidən həyata qaytardı. Uşaq itlə başını qatdı, bir az özünə gəldi. Hələ də o it bizim həyətimizdədi. Nicat yenidən normal yaşayışına döndü, stresini atdı...
HƏRDƏN DEYİRLƏR ŞƏHİD XANIMI OLMAQ QÜRURLU BİR HİSSDİ...
Mən bu sözlə razı deyiləm. Mən belə qürur istəmirəm. Hansı qürurdan danışırıq? Bir qadın olaraq həyatım alt-üst oldu, evin artıq həm kişisiyəm, həm qadını, uşaqların həm atasıyam, həm anası... Bütün problemlərin, çətinliklərin qarşısında tək qalmışam. Yorulanda başımı qoymağa bir çiyin yoxdu, arxamda dayanan bir ailə başçım yoxdu. Bütün arzularımız yarımçıq qaldı. Kasıb ailəmiz oldu. Evimizi əziyyətlə tikib-qurduq. Yenicə rahat həyat sürməyə başlamışdıq, ocağımız söndü. Qürur duyulacaq hiss odur ki, Vətən yolunda Şəhid olub, özündən sonra övladlarına şərəfli bir ad qoyub getdi. Nicatla Nihad Bakı Slavyan Universitetinin nəzdindəki məktəb lisey kompleksində təhsil alırlar. Onlar bu gün atalarıyla fəxr edirlər.
YUXULARIMDA DA UŞAQLARI TAPŞIRIB GEDİR...
Hərdən gəlir yuxuma. Deyirəm, niyə gəlirsən, uşaqlar gəlib səni görsələr, pis olacaqlar, ya qal, ya da gəlmə. O da deyir ki, gəldim səni görməyə, uşaqlardan muğayat ol, narahatam onlardan. Amma yuxudan oyananda çox pis oluram, bütün günü ağlayıram...
Vüsal şanlı döyüş yolu keçdi. Ölümündən sonra Rəşadət ordeni, Vətən uğrunda medalı, Şuşa uğrunda medal, Fizuli uğrunda medalı, Cəsur döyüşçü medalı ilə təltif olundu, ölümündən sonra baş leytenant adı verildi. Adına məktəb, küçə verildi. Aprelin 8-də Mübariz Məsimovun rəhbərlik etdiyi "Palmali" Şirkətlər qrupu tərəfindən adına verilən VUSAL MAHARRAMOV gəmisi Türkiyədə sulara buraxıldı. Əfsuslar olsun ki, həmin vaxt uşaqların imtahanı olduğuna görə biz iştirak edə bilmədik. Amma gəminin təntənəli surətdə təqdimetmə mərasimi keçirilib.
Bu gün bunlar Vüsalın uşaqları üçün bir təskinlikdi. Amma dünyada heç bir ad atanın, ailə başçısının yoxluğunu əvəz eləmir...
Sevinc MURADXANLI
QAZİLER.AZ