Səddi göz qırpımında keçdik-Aprel döyüşlərinin iştirakçıları danışır

Səddi göz qırpımında keçdik-Aprel döyüşlərinin iştirakçıları danışır backend

Aprel döyüşləri zamanı tapşırığa uyğun olaraq bölmələrimiz tərəfindən əks-hücum əməliyyatı keçirildi. Düşmən hücumunun qarşısını aldıq, torpaqlarımızı bir daha işğal etməsinə imkan vermədik, bundan sonra da imkan verməyəcəyik.

Bu sözləri APA-ya açıqlamasında Aprel döyüşlərinin iştirakçısı, Azərbaycan Ordusunun polkovnik-leytenantı İlham Hüseynov deyib.

O bildirib ki, döyüşlər zamanı ermənilərə sarsıdıcı zərbələr vurublar:

"Düşmənin Ohanyan səddi vardı, elə qələmə vermişdilər ki, keçilməzdir. Biz o sərhədi bir göz qırpımında keçdik, torpaqlarımızın yüksəkliklərini götürdük. Ordumuz tərəfindən düşmənə vurulan sarsıdıcı zərbənin nəticəsində bölmələrimizin fəaliyyətini, təminat yollarını, yaşayış yerlərimizin onlar tərəfindən müşahidəsini əngəllədik".

Hərbi Dəniz Qüvvələrinin xüsusi təyinatlı mənsubu D.S. (ad-soyad şərtidir – red.) da Aprel döyüşlərinin iştirakçısı olub. O bildirib ki, Azərbaycan Ordusu aktiv döyüşlərə aprelin 2-dən Tapqaraqoyunlu-Talış istiqamətindən başlayıb:

Əsas məqsədimiz Talış yüksəkliyini azad edib, oradan keçən ən önəmli yollara nəzarət etmək idi. Biz aprelin 3-dən Tapqaraqoyunluda yerləşən çay istiqamətindən Xüsusi Təyinatlı Qüvvələr ilə birgə Talış yüksəkliyinə irəlilədik. Əks-hücum zamanı ermənilərin böyük müdafiə xəttini tez bir zamanda yarmış olduq. Ermənilərin müdafiə səddini yardıqdan sonra artıq biz düşmənin 3-4 km dərinliyinə qədər irəlilədik. Aprelin 4-ü bir neçə önəmli yüksəkliyi ələ keçirdik və daha sonra orada mühafizəyə başladıq. Şəhidlərimiz oldu, Allah onlara rəhmət eləsin! Ağır günlərimiz oldu, amma verilən tapşırığı, düşmən təxribatının qarşısını almağı bacardıq. Biz yenidən tapşırıqları yerinə yetirməyə hazırıq".

Hərbi Hava Qüvvələrinin mənsubu, kapitan Pərviz Rəcəbov qeyd edib ki, Hərbi Hava Qüvvələri Aprel döyüşləri zamanı düşmən təxribatlarına layiqli cavab verib:

“Biz daimi hazırlaşırdıq. Aprel döyüşləri böyük Vətən müharibəsinə gedən yol idi. Mən özüm helikopterlə Gülüstan kənd istiqamətində olan döyüşlərdə iştirak etmişəm. Həmin kənd elə mövqedə idi ki, aviasiyanın işləməsi çətin idi. Lakin biz bunu bacardıq. Aprelin 2-də döyüş fəaliyyətinə başladıq, düşmənin canlı qüvvəsini, mövqelərini məhv etdik. Birgə olaraq Quru Qoşunları ilə qabaqcadan koordinatların verilməzi, düşmənin zəif nöqtələri danışılırdı. Bizim əməliyyatımız uğurlu oldu, ordunun irəliləməsi üçün aviasiyanın rolu böyük oldu".

Quru Qoşunların zabiti Famil Hüseynov deyib ki, Aprel döyüşləri Azərbaycan xalqının və ordusunun Qarabağın işğaldan azad edilməsi üçün hər cür fədakarlığa və hərbi qüdrətə hazır olduğunu düşmənlə yanaşı, bütün dünyaya sübut edib:

"Aprelin 2-də düşmənin genişmiqyaslı təxribatının qarşısını almaq əmri verildi. Döyüş tapşırığını üç istiqamətdən kiçik bir qüvvə ilə yerinə yetirdik. Buna hər birimiz özümüz qədər əmin idik. Düşmənin illərdir qurub yaratdığı müdafiə səddini cəmi bir neçə dəqiqəyə yardıq. Amma onlar elə zənn edirdilər ki, həmin səddi yarmaq bizim üçün çətin olacaq. Artıq Lələ Təpə yüksəkliyini və ermənilərin bir neçə postunu ələ keçirdik".

Ehtiyatda olan polkovnik leytenant, hərbi ekspert Vüqar Əliyev deyib ki, Azərbaycan ordusu 1994-cü ildəki atəşkəsdən sonra özünü bərpa edib:

"Möhtərəm Prezidentimizin rəhbərliyi, diqqəti və qayğısı ilə Azərbaycan Ordusu yenidən silahlandı. Bizim zabitlərimiz xaricdə təhsil aldı, xarici dövlətlərdən ən müasir hərbi texnika, silah və sursatlar alındı, Aprel döyüşlərində sınaqdan keçirildi.

NATO qüvvələrinin Əfqanıstanda, İraqda pilotsuz uçuş aparatlarını görmüşük. Havada uzun müddət qalır, operator hədəfi tapır və atəş açır. Hazırda pilotsuz uçuş aparatı o qədər inkişaf edib ki, onlardan kamikadze yaranıb. Özü gedir, hədəfi tapır və vurur. “Bayraktar” da özü zərbə endirir. Bunların hamısı Aprel döyüşlərində sınaqdan keçirildi, dünyada belə şey olmamışdı. Bizim döyüş təcrübəmizi hazırda xaricilər - hərbi məktəbləri, akademiyaları və s. öyrənirlər. Düşmən başa düşməli idi, verdiyi sözlərə əməl etməli idi".

Ekspert qeyd edib ki, döyüşlərdə Ordumuz qalib gəlib:

"Vacib əraziləri əldə etdik. Düşmən 4 gün sonra Rusiyadan xahiş etdi ki, atəşkəs olsun, onlara vədlər verdi. Ancaq etmədi. Aprel döyüşlərində qazandığım təcrübə 44 günlük müharibədə bizə çox faydalı oldu".

 

 

Diaspora