Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Silahlı Qüvvələrinin tibb xidməti polkovnik-leytenantı, Vətən müharibəsi şəhidi Rasim Abdullayevin xanımı Səadət İbrahimova və oğlu Miryaqub Abdullazadə ilə görüşüb.
QAZİLER.AZ Axar.az-a istinadən xəbər verir ki, Milli Məclisdə növbəti vətəndaş qəbulu günündə baş tutan görüşdə şəhid ailəsinin qayğıları öyrənilib, ürək sözləri dinlənilib.
Komitə sədri Azərbaycan dövlətinin ali rəhbərliyinin şəhid ailələrinə yüksək diqqət-qayğısından danışıb, həmin diqqət-qayğının hər bir millət vəkili üçün də nümunə olduğunu söyləyib. Qənirə Paşayeva 31 mart – Azərbaycanlıların Soyqırımı Günündə şəhid ailəsi ilə keçirilən görüşün onunçün xüsusi anlam daşıdığını deyib, bütün dövrlərdəki şəhidlərin xatirəsini ehtiramla yad edib.
Millət vəkili şəhid polkovnik-leytenantın oğlunun yaxşı təhsil almasından və öz ixtisası üzrə layiqli kadr kimi yetişməsindən məmunluğunu bildirib, ona uğurlar arzulayıb.