Şəhid Rövşən Camalovun yubileyi keçirildi - film təqdim olundu FOTO

Şəhid Rövşən Camalovun yubileyi keçirildi - film təqdim olundu FOTO backend

Martın 31-də Milli Azərbaycan Tarixi Muzeyinin binasında "Azərbaycan Bayrağı" ordenli, şəhid Rövşən Camalovun 50 illik yubileyi və onun döyüş yolundan bəhs edən "PK Rövşən" sənədli filminin (rejissoru Natiq Novruzov)  təqdimatı keçirilib.

Qaziler.az bildirir ki, tədbirdə Ağdam rayon icra hakimiyyəti başçısının müavini Xaqani Nəzərov, "Qarabağ qaziləri" ictimai birliyi idarə heyətinin üzvü Rey Kərimoğlu, Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin həyat yoldaşı Flora Qasımova, Milli Azərbaycan Tarixi Muzeyinin direktor müavini, tarix üzrə elmlər doktoru Fərhad Cabbarov, qəhrəmanın döyüş yoldaşları Bəxtiyar Ağayev, Şamil Əbilov, jurnalist İlqar Rəsul etnoqrafiya elmi fond şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Gülzadə Abdulova çıxış edərək şəhidin Qarabağ uğrunda gedən döyüşlərdə göstərdiyi şücaətdən danışıblar. 

Sonda şəhidin anası Fatma Camalova çıxış edərək tədbiri təşkil edənlərə  - muzeyin direktoru akademik Nailə Vəlixanlıya, etnoqrafiya elmi fond şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Gülzadə Abdulovaya və iştirakçılara təşəkkürünü bildirdi. 

Xatırladaq ki, Rövşən Saleh oğlu Camalov 1973-cü ildə Ağdam rayonu, Seyidli kəndində anadan olub. Seyidli kənd orta məktəbini bitirdikdən sonra Ağdam peşə məktəbinə qəbul olub. O, Qarabağda baş verən hadisələrə biganə qala bilmədiyi üçün təhsilini yarımçıq qoyub canından artıq sevdiyi vətəninin müdafiəsi üçün döyüşə yollanıb.

Rövşən Camalov Şelli kəndi uğrunda gedən döyüşlərdə ağır yaralanmasına baxmayaraq, yaralı döyüş yoldaşının həyatını xilas edə bilib. Rövşən yarası tam sağalmamış yenidən silahdaşlarının yanına qayıdıb, torpaqlarımız uğrunda gedən döyüşlərdə iştirak edib.

Rövşən Camalov 31 dekabr 1993-cü ildə Qaraqaşlı kəndi uğrunda gedən döyüşlərdə şəhid olub. O, Bakıda Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 1994-cü il fərmanı ilə Rövşən Camalov ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilib.

QAZİLER.AZ

Diaspora