Ağdamda bir sıra məkanlar olub ki, yaşlı ağdamlılar onlarla bağlı həmişə xoş xatirələr danışır. Bunlardan biri də Ağdamın məşhur “Çay evi” olub. İşğaldan sonra burdan cəmi bir fraqment qalıb.
Qaziler.az xəbər verir ki, sözügedən tikili ilə bağlı prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov “Asan radio”nun Ağdamda apardığı çəkiliş zamanı deyib ki, “Çay evi” qədim mədəni abidə deyil, lakin bütün ağdamlıların fəxr etdiyi bir irs olub. Ona görə onun bərpası üzərində də düşünülür:
“Yeni şəhərsalma planına görə bu ərazi mərkəzi park olacaq. Ola bilər ki, “Çay evi” də olsun. Necəsə eləmək olar ki, ona bənzədək, həmin irsi bərpa edə bilək”.
Xoş xəbərlə bağlı “Qarabağ qaziləri” İctimai Birliyinin sədr müavini Bəhruz Camalov Qaziler.az-la öz fikirlərini bölüşüb:
“Bu, çox sevindirici xəbərdir. “Çay evi” müasir tikili olsa da, onun əsas sxemini Azərbaycanın görkəmli ziyalısı Xudu Məmmədov verib. Həmin məkan nəinki ağdamlılar üçün, ümumiyyətlə bütün qarabağlılar üçün çox gözəl tikili və dəyərli yerlərdən biri idi. Bu iş baş tutsa, çox gözəl olar, sevinərik”.
QAZİLER.AZ