Xocalı soyqırımının törədilməsindən 31 il ötür...

Xocalı soyqırımının törədilməsindən 31 il ötür... backend

QAZİLER.AZ saytı xəbər verir ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndində yerləşən keçmiş SSRİ-nin 4-cü ordusunun 23-cü diviziyasına daxil olan 366-cı motoatıcı alayın 10 tankı, 16 zirehli transportyoru, 9 piyadaların döyüş maşını, 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə alaraq dinc azərbaycanlılara qarşı soyqırımı törədiblər. Ermənilər ən müasir silahlarla şəhərə hücum edərək Xocalını yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdıldı və yandırıldı, insanlar isə xüsusi qəddarlıqla qətlə yetirildi. Onların içərisində başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılanlar çoxluq təşkil edirdi.

Otuz bir ildir ki, xalqımız bu qanlı cinayətin - Xocalı soyqırımının mənəvi ağrısını, ağlasığmaz dəhşətlərini qəlbində, həyatında daşıyır.

Ümumilikdə Xocalı soyqırımı nəticəsində şəhərin 5379 nəfər sakini zorakılıqla qovuldu, 1275 insan əsir və girov götürülərək işgəncələrə məruz qaldı. Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovin şəxsi qəhrəmanlığı sayəsində 1125 Xocalı sakini erməni girovluğundan azad edilib.   Təəssüf ki, hələ də150 nəfərin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil. Xocalılardan 487 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri aldı, 8 ailə tamamilə məhv edildi, 130 uşaq valideynlərdən birini, 25 uşaq isə valideynlərinin hər ikisini itirdi, 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın və 70 qoca işgəncə verilməklə vəhşicəsinə öldürüldü.

Qeyd edək ki, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi 2020-ci ili Azərbaycan tarixinə Zəfər ili kimi yazdı. Güclü siyasi iradə, möhkəm iqtisadi potensial, qüdrətli ordu, Xalq-lider vəhdəti, cəmiyyətdəki böyük ruh yüksəkliyi, vətənpərvərlik, əzmkarlıq tarixi Qələbəni təmin etdi. Otuzillik həsrət bitdi, torpaqlarımız mənfur düşmənin işğalından azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Bu gün xalqımız Bakıdakı Xocalı soyqırımı abidəsini alnıaçıq, başıuca ziyarət edir, çünki düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb. Artıq Xocalı soyqırımının anım günü Azərbaycan xalqının birliyinin, milli təəssübkeşliyinin simvoluna çevrilib.

Paytaxtın Xətai rayonunda, Goranboyun rayon mərkəzində və Ağcakənd qəsəbəsində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidələrin önünə əklil qoyulması mərasimləri təşkil olunacaq. Ölkəmizin bütün şəhər və rayonlarında, mərkəzi və yerli icra hakimiyyəti orqanlarında, idarə və təşkilatlarda, Azərbaycanın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində Xocalı soyqırımı ilə bağlı tədbirlərin keçirilməsi, xocalıların müvəqqəti məskunlaşdıqları şəhər və rayonlarda (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Şəki, Goranboy, Bərdə, Sabirabad, Göyçay, Zaqatala, Oğuz, Balakən) soyqırımının şahidləri, həlak olmuş şəxslərin ailə üzvləri ilə görüşlərin təşkili nəzərdə tutulub.

Fevralın 26-da ölkə ərazisində və respublikamızın xarici ölkələrdəki diplomatik nümayəndəliklərində Azərbaycanın Dövlət Bayrağı endiriləcək, həmçinin saat 17.00-da faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunacaq. Ölkəmizin məscid, kilsə və sinaqoqlarında anım tədbirləri təşkil ediləcək.

Xocalı faciəsinin 31-ci ildönümündə diasporumuzun iştirakı ilə dünyanın müxtəlif şəhərlərində aksiyalar, piketlər, yürüşlər, fləş-moblar və digər tədbirlər keçiriləcək, xarici ölkələrdəki məscid, kilsə və sınaqoqlarda soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq moizələr səsləndiriləcək.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

QAZİLER.AZ

Diaspora