Xocalım... Qan yaddaşım...

Xocalım... Qan yaddaşım... backend

Qaziləri "Xudayar" təsnifinin sədaları altında yola saldılar

Bu gün tariximizin qan yaddaşı olan Xocalı faciəsindən 31 il keçir. O məğlubiyyət tarixindən bizi 44 günlük bir ŞANLI ZƏFƏR ayırır. Aradakı məsafə bəlkə də çox oldu, uzun zaman keçdi, 31 il ötdü. Amma Şəhidliyi, Qaziliyi özünə şərəf bilən, Vətən yolunda canını fəda edən oğullar o məğlubiyyət damğasını millətimizin alnından qanlarıyla sildilər.

O soyuq qış gecəsi təkcə Xocalı işğal olmadı, təkcə Xocalı körpələri avtomat qundağıyla əzilmədi, təkcə Xocalıdan olan əsgər Şəhid olmadı... O şaxtalı 26 fevral günü bütün Azərbaycan soyqırım matəmini yaşadı.

Unutmadıq faciəmizi. Unutsaq məğlubiyyətimizə boyun əyib, razılaşmış hesab olunardıq. Biz qəlbimizdə yaşatdıq, acımızı da, Vətənə sevgimizi də. Hər an ürəyimizdə qisas və qələbə arzusu ilə yaşadıq. 

Körpələrimizə baxçada, məktəbdə Qarabağ sevgisini, Vətən sevgisini aşıladı müəllimlər. Birinci sinfə gedən uşaqlarımız işğal tarixlərimizi əzbərlədi. Bəlkə elə onun nəticəsi oldu ki, 30 il əvvəl anasının qucağında Qarabağdan çıxan körpə dünən əlində silah Qarabağda qələbə çaldı. 

Hər il olduğu kimi bu il də Bakının Yasamal rayonundakı Mikayıl Müşfiq adına 18 saylı məktəbdə Xocalı faciəsinin 31-ci ildönümünə həsr olunmuş tədbir keçirildi. Tədbirə Vətən Müharibəsi Qaziləri mayor Murad Şirinov, Neman Allahverdiyev, Abbas Məmmədov da dəvət olunmuşdu. Müəllim və şagirdlər Qazilərimizi ayaqüstə alqışlarla qarşıladılar. Qürurverici bir mənzərə idi. Bəli, bizə qələbə qüruru yaşadan oğullara biz də qürur yaşatdıq ki, sevildiklərini, bu xalq üçün müqəddəs olduqlarının bir daha fərqinə varsınlar. Tədbir Azərbaycanın Dövlət himni ilə başladı, Şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad edildi. Şagirdlər Vətənə, Şəhidlərə, Xocalıya aid şeirlər söylədilər, səhnəciklər göstərdilər 

Tədbirin əsas təşkilatçıları məktəbin Uşaq birliyi rəhbəri, əslən Xocalıdan olan Gülnar Kərimova, 2"ç" sinfinin sinif rəhbəri Mehriban Qarayeva, tədris işləri üzrə direktor müavini Bəsti Ağayeva, tərbiyə işləri üzrə müavin Rəvanə Məmmədova, hərbi rəhbər Telman Məmmədov idi. 

Tədbirdə Qazi Murad Şirinov çıxış edərək Vətən müharibəsində ordumuzun qələbəsindən,  Vətəni sevməyin, onun yolunda ölümə getməyin müqəddəsliyindən danışdı. Sonda Qazilərimizlə xatirə foto şəkilləri çəkildi. 

Tədbirin sonunda Qazilərimizi "Xudayar" təsnifinin sədaları və alqışlarla yola saldılar.

Sevinc MURADXANLI

 

 

 

Diaspora