Müstəqillik dövrünün ilk  şəhid kursantları anılıb - FOTOLAR

Müstəqillik dövrünün ilk  şəhid kursantları anılıb - FOTOLAR backend

QAZİLER.AZ saytı xəbər verir ki, 1993-cü ildə Ağdərə döyüşlərində şəhid olmuş müstəqil Azərbaycanın Ali Hərbi Məktəbinin ilk kursantlarının (müdavimlər) xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Vətən uğrunda canından keçən qəhrəmanlarımızın anım tədbirində şəhidlərin valideynləri, yaxınları, komandir və kursant  yoldaşları iştirak edib.

Tədbirdə müharibə dövrünü yada salan və həmin döyüşlərdə iştirak edən leytenant Yalçın Zeynalov çıxış edərək bildirib ki, 30 il bundan öncə 1993-cü ilin fevral ayında 65 zabit və kursant heyətiylə Ağdərə istiqamətində gedən döyüşlərə qatılaraq düşmənə ağır zərbələr vurulub. Müstəqil ölkəmizin ilk kursantları hələ zabit adını almamış döyüşlərdə iştirak etmiş və onlardan 12-si şəhid olmuşdur.

Y.Zeynalov çıxışında daha sonra bunları deyib: “Ali Hərbi məktəbə qəbul olduğumuz dövr 1991-ci il SSRİ-nin süqutu ərəfəsinə təsadüf edirdi. Müstəqilliyimizi bərpa etdikdən sonra Azərbaycanda ilk hərbi and içən zabitlər də biz olduq. Ümumqoşun fakültəsində oxuyurduq. 2-ci kursun 1-ci semestri bitəndən sonra tətilə yox, birbaşa döyüş bölgəsinə - Ağdərəyə yolla düşdük. Sevincli idik...Çünki vətən torpaqlarının keşiyində durmaq çətin və şərəfli hərbçi peşəsinə sahib olub və gələckdə zabit olacaq biz kursantların əsas vəzifəsi idi. Üç həftəlik döyüş əməliyyatlarının ilk günlərində 8 kursant şəhid oldu. Döyüşlərin son günlərində isə komandirimiz və daha 4 kursant yoldaşımız şəhidlik zirvəsinə ucaldı. Bundan təqribən bir il sonra bizim kurs rütbə alaraq məzun oldu və yenə də döyüşlərdə iştirak etdi. 1994-cü il döyüşlərində 4 tələbə yoldaşımızda zabit olaraq Şəhid oldular. Bu gün bizim bura toplaşmağımızda məqsəd həm kursant, həm də zabit kimi şəhid olan tələbə yoldaşlarımızın simasında bütün şəhidlərimizin xatirəsini yad etməkdir”.

Şəhid atası Yaqub İsmayılov həmin günləri  ürək ağrısı ilə yada salaraq bunları dedi: “Birinci və İkinci Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycanın bayrağını işğaldan azad edilən torpaqlarında dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizi, bütün şəhidlərimizi dərin ehtiramla yad edir, qəhrəmanlıqları qarşısında baş əyirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”

Tədbirdə şəhidlərimizin ruhuna dualar oxunub, qəhrəmanlıq göstərmiş igid əsgərlərimizin döyüş yollarından, xatirələrindən danışılıb.

Şəhidlərimiz:

  1. Kapitan Rəhimov Aydın
  2. Leytenant Hacıyev Nizami
  3. Leytenant Həmidov Elşad
  4. Leytenant Məmmədov Elçin
  5. Leytenant Quliyev Cavid.
  6. Kursant Əbdullrəhmənov Əbabil
  7. Kursant Əyyubov Fuad
  8. Kursant Əmiraslanov İlqar
  9. Kursant Əsədov Afiq
  10. Kursant Şirinov Vüqar
  11. Kursant Hüseynov Aydın
  12. Kursant İsmayılov Emil
  13. Kursant Mehdiyev Eldəniz
  14. Kursant Məmmədov Sərvan
  15. Kursant Məmmədov Yalçın
  16. Kursant Pirimov Səlim
  17. Kursant Seyidov Okean

Allah ruhlarını şad etsin!

Xatırladaq ki, 2020-ci ildə Tovuz döyüşləri zamanı şəhid olan Azərbaycanın Milli Qəhrəmanı, polkovnik İlqar Mirzəyev də Müstəqillik dövrünün ilk kursantı kimi 1 il bu qrupda oxuyub. Sonra ixtisasına görə başqa qrupa keçib.

QAZİLER.AZ

Diaspora