Mahnılarda döyüşən o SƏS!!!
Hər bir sahədə təbliğatın böyük rolu var. Məsələn, düşməndən 30 illik qisasımızın 44 gündə alınmasında da vətənpərvərliyin, Qarabağ sevgisinin, Şəhid zirvəsinin müqəddəsliyinin, Qazi adının qürurlu bir status olduğunun gənclərimizə düzgün təbliğatı bizə qələbə sevincini yaşatdı.
Ən əsası evdə valideynlərimiz, məktəbdə müəllimlərimiz, şairlərimiz, incəsənət nümayəndələrimiz birlikdə bu təbliğatı uğurla aparmağa nail oldular. Və sonda qazanan Azərbaycan adlı bir xalq, bir millət, bir ordu oldu. Uğurlu sonluq düzgün təbliğatın təməlindən başlayır...
Qəhrəmanlarımıza bu hissi öz əzəmətli, gur səsiylə aşılayan Azərbaycanın hərbi diktoru Şəmistan Əlizamanlının dəstəyini unutmaq olmaz. Qeyd etdiyim kimi bu təbliğatın bir qolu da incəsənətə, musiqiyə aiddir. Məhz, Şəmistan Əlizamanlı müharibə şəraitində yaşadığımız bir dövrdə orduya, millətə, Vətənə sevgi aşılayan mahnıları ilə ürəklərdə sevgi yaratdı...
Gah, HAY VER MƏNƏ, CƏNAB LEYTENANT deyib, ürəkləri titrətdi, gah ƏSGƏR, VƏTƏN ƏMANƏTİ, YURD əmanəti deyib bizi döyüşə səslədi...
Şəmistan Əlizamanlı yaradıcılığı böyük bir məktəb oldu gənclərə. Çoxları onun səsinin sehrinə düşüb Şəhid oldu, Qazi oldu, əsgər oldu, zabit oldu... Şəmistan Əlizamanlı deyəndə o məğrur sima göz önünə gəlir. Onun səsi hələ çox qəlbləri riqqətə gətirəcək, bəlkə sabah Təbriz sevincinə aid nəğməsi də gələcək nəsillərə ərmağan olacaq...
Bəzi insanlar öz doğum günlərini tarixə çevirirlər. Bəli, dəyərli diktorumuz, qələbə müjdəli Şəmistan Əlizamanlı da elə insanlardandır. Sabah onun doğum günüdür.
Dəyərli Şəmistan Əlizamanlı, sizi QAZİLƏR.AZ adından təbrik edirik. Sizə Təbriz müjdəli qələbə xəbəri arzu edirik. Əmin ola bilərsiz ki, 44 günlük Şanlı Vətən müharibəmizdə sizin qələbə soraqlı mahnılarınız da ordumuzun qəlbində düşmənə qarşı mübarizəyə qatılıb və qalib gəlib. O müharibədə sizin də səsiniz vuruşub.
QALİB ORDUNUN HƏRBİ DİKTORU, DOĞUM GÜNÜNÜZ MÜBARƏK!!!
Sevinc Muradxanlı
QAZİLER.AZ