Biz Şuşanı da Vasif kimi əlbəyaxa döyüşərək almışıq
Dünya 2020-ci ildə bir qəhrəmanlıq səhnəsinə tamaşa etdi. Azərbaycan xalqı 30 ilin qisasını 44 günlük müharibədə qəhrəmancasına öz düşmənindən aldı. Həm də dünya tarixinə adını QƏHRƏMAN XALQ olaraq yazdı...
Əlində ağır pulemyot, çiynində isə yaralı döyüş yoldaşını daşıyan Azərbaycan əsgəri dünyanın qəhrəmanlıq simvoluna çevrilmişdi. Hətta eşitmişdim hansısa xarici dövlət rəsmisi demişdi ki, biz kinolarda gördüyümüz döyüş səhnələrini azərbaycanlı döyüşçülər cəbhədə canlı-canlı göstərirdilər.
Müsahibə aldığım Qazilər deyirdilər ki, sayımız az olsa da, Şəhid olan döyüş yoldaşlarımızın da yerinə elə vuruşurduq ki, ermənilər hətta səs-küyümüzdən qorxub postlarını qoyub qaçırdılar.
Şuşadakı qələbəmiz də bir başqa qəhrəmanlıq dastanıdır. Şuşa dağlıq ərazi olduğundan ora ağır texnika daxil ola bilməyib. Demək olar ki, qəhrəman oğullarımız Şuşanı qol gücünə azad ediblər. Xarici mətbuatdan verilən :"Necə oldu ki, Şuşaşını silahsız azad etdiniz?" sualının cavabını 2 il əvvəl igidlərimiz sözlə verirdilər. Çünki o vaxt o döyüş görüntülərini çəkmək mümkün olmayıb. Və dünyaya bizim oğulların Şuşanı silahsız qol gücüylə necə azad etdiyi bir müəmmalı sirr olaraq qalmaqdaydı. Ta o vaxta kimi ki...
Yanvarın 27-də səhər saat 08.30 radələrində fars terrorçusu Tehrandakı səfirliyimizə silahlı basqın edir və mühafizə xidmətinin rəisi soydaşımız Orxan Əsgərovu qətlə yetirir. Bu anda yan otaqdan əli silahsız soydaşımız, səfirliyimizin əməkdaşı Vasif Tağıyev səs-küyə koridora çıxır. Əli avtomatlı terrorçunu görür və onun üstünə atılır. Vasif terrorçuyla sonuna qədər mübarizə aparıb onu tərkisilah edir. Hətta açılan atəşlərdən yaralansa da bu onu qorxutmur. Bəlkə də o olmasaydı səfirlikdə itkilərimizin sayı daha çox olardı. O, əliyalın olsa da terrorçunun əlindən silahı alır və onu təslim edir. Bu qorxulu anlar kameralara düşür.
Bu gün dünya soydaşımızın qəhrəmanlığından danışır. Vasif Tağıyev 1989-cu ildə Şuşada anadan olub. Şuşanın işğalından sonra 1992-ci ildə onun ailəsi məcburi köçkün kimi Bakıya köçür. O vaxt Vasifin 3 yaşı olub. Vasif orta təhsilini Pirşağıdakı Xocalı orta məktəbində alıb. Məktəbi bitirdikdən sonra əsgəri xidmətə yola düşüb. O, xidmətini Prezident qvardiyasında çəkib. Vasif mütəmadi olaraq idmanla məşğul olub, nailiyyətlər əldə edib, medal və fəxri fərmanlarla təltif edilib. Düz 14 ildir dövlət mühafizə xidmətində çalışır. Onun 8 ilini xarici səfirliklərimizdə- İstanbul, Moskva, Ukrayna, Gürcüstan, Tehranda çalışıb. Tehrandakı səfirliyə ikinci dəfədir göndərilib. Vasif Azərbaycana uzanan əli qırdı, Azərbaycanın ərazisinə girən dizi bükdü. Çünki səfirlik bir dövlətin nümayəndəliyinin yerləşdiyi ərazi olduğu üçün o dövlətə məxsus ərazi sayılır. Vasif də Azərbaycan ərazisinə soxulan düşmənin cavabını verdi...
Bütün dünya səfirlik əməkdaşının yalın əllə döyüşdüyünü kamera qeydlərindən gördü. Yəqin ki, artıq "Şuşanı əliyalın necə azad etdiniz sualının cavabını" Vasif Şuşalı olaraq dünyaya bəyan etdi. Fərz edin ki, Şuşada da ermənilərlə igidlərimiz elə döyüşürdü. Lazım gələndə silahsız, əlbəyaxa, qol gücünə...
Biz Şuşanı silahdan çox, Vasif kimi oğulların cəsarətiylə, qeyrətiylə aldıq, azad etdik. Döyüşmək, qalib gəlmək üçün silah yox, qeyrət lazımdır.
Vasifin atası Tağıyev Natiq Sərhəd oğlu 1-ci Qarabağ Müharibəsinin Qazisidir. O, Şuşada artilleriya diviziyasında vuruşub. Vasif ailəlidir, 3 övladı var. Atası, Vasiflə fəxr etdiyini deyir.
Vasif dünənə qədər bir ailənin oğlu, bir ailənin fəxri, qüruru idisə, artıq dünəndən o Azərbaycanın fəxridir. O, qəhrəman atanın qəhrəman övladıdır. Onu dünyaya gətirən ana da qəhrəmandır. Çünki hər ana Qəhrəman oğul doğmur.
Tehranda səfirliyimizdə baş verən hadisə terror aktı idi. Əfsuslar olsun ki, soydaşımız Orxan Əsgərov Şəhid oldu. Biz Şəhidimizin ailəsinə, Azərbaycanımıza başsağlığı veririk...
Qəhrəmanımız Vasifə isə şəfa diləyirik... Nə yaxşı ki, Azərbaycanın sizin kimi oğulları var... FƏXRİMİZSİZ!!!
Sevinc Muradxanlı
QAZİLER.AZ