Növbəti mərhələdə “yol bağlı deyil, nəzarət altındadır, sivillər və xəstələr istifadə edə bilərlər” tezisimizi sübutlarla, görüntülərlə beynəlxalq aləmə qəbul etdirməliyik.
Qaziler.az-ın məlumatına görə, "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyasına Qərb dövlətlərindən gələn təpkilərlə bağlı bildirib ki, haqlı olduğumuz halda yenə bizi haqsız duruma sürükləmək istəyirlər.
"BMT Təhlükəsizlik Şurasındakı müzakirələr və Qərb dövlətlərinin “yolun açılmasıyla” bağlı Azərbaycana çağırışları buna sübutdur. İzahlarımızı qulaqardına vurdular. Narahat olmağa dəyməz, qulaqlarını tıxayaraq bizi eşitmək istəməyənlər həmişə olacaq, sadəcə diplomatlarımız daha çox çalışsaydılar nəticə bizim üçün fərqli ola bilərdi.
Hadisələrin inkişafının bir neçə variantı var.
Birinci variant: Ermənistanla Qarabağı birləşdirən yolda etirazımız yataqlarda monitorinqə icazə verilən günə qədər sürəcək. Bu zaman müxtəlif ölkələrin Azərbaycana qarşı təzyiqləri davam edəcək. Ancaq bizi heç nəyə məcbur edə bilməzlər. Ermənistan 28 il BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini yerinə yetirmədi və Qərb dövlətlərindən heç biri buna görə İrəvana təzyiq etmədi. BMT qətnamələri yerinə yetirilmədisə biz niyə bir qisim dövlətin “çağırışını” yerinə yetirməliyik?
İkinci variant: Hərbçilərimiz artıq Ermənistanla Qarabağı birləşdirən yolda yerləşiblər. Hansısa mərhələdə sivil etiraza fasilə versək belə nəticəni xeyrimizə dəyişmişik, azərbaycanlı hərbçilər yoldakı postda bölgəyə daxil olan və çıxan maşınları rahat şəkildə yoxlayacaqlar. Yoldan sivillər keçəcək, silah, sursat, mina və cinayətkarlar keçə bilməyəcək. Bundan sonra ermənilərin “yol bağlıdır” yalanı işləməyəcək. Yolu nəzarətə götürsək də, yataqların monitorinq məsələsi aktuallığını qoruyacaq.
Başqa variantlar da mümkündür. Əsas odur ki, yola enmişik və bölgəyə silah və mina daşıyan erməni separatçılar rahatlıqlarını itiriblər. Növbəti mərhələdə “yol bağlı deyil, nəzarət altındadır, sivillər və xəstələr istifadə edə bilərlər” tezisimizi sübutlarla, görüntülərlə beynəlxalq aləmə qəbul etdirməliyik", - deyə politoloq deyib.