"Çalışacayıq ki, axıra qədər biz bu aksiyada iştirak edək".
Bunu Qaziler.az saytının əməkdaşına açıqlamasında Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə Şuşa-Xankəndi yolunda keçirilən etiraz aksiyasının iştirakçısı Regional Gender Mərkəzi ictimai birliyinin sədri Şərqiyə Dadaşova deyib. Ş.Dadaşova səhhətində problem olmasına baxmayaraq bu aksiyada iştirak etməyi özünün vətəndaşlıq borcu hesab etdiyini deyir.
"30 ildir biz məcburi köçkün kimi əziyyət çəkirik. 2020-ci il 44 günlük müharibədə düzdür, biz qalib gəldik, amma bu tam olmadı. Həmin müharibədə mənim qardaşım oğlu da şəhid oldu. İkinci dəfədir ki, Şuşaya gəlirəm. Hər gəlişimdə elə bilirəm ki...(kövrəlir- red.)".
Sözünü əvvəlcə tamamlaya bilməyən ictimai birlik rəhbəri fikrini belə yekunlaşdırdı:
"Bu "Ekoloji terrora son!" aksiyasına biz də qoşulmuşuq və axıra qədər də davam edəcəyik. Uzun illər bizim sərvətimizdən istifadə ediblər, indi də bizi o ərazilərə buraxmırlar. Öz torpağımıza gedə bilmirik. Çalışacayıq ki, axıra qədər biz bu aksiyada iştirak edək".
QAZİLER.AZ