Bu gün onlar anadan olub. Vətəni qiblə bilib, Vətən daşı olan şəhidlərin bir neçəsi 24 noyabrda doğulub...
Bu gün Milli Qəhrəmanımız Çingiz Qurbanovun doğum günüdür.
Çingiz Salman oğlu Qurbanov 24 noyabr 1994-cü ildə Qusar rayonunun Həzrə kəndində anadan olub. 2012-ci ildə məktəbi bitirən Çingiz Qurbanov elə həmin il Azərbaycan Texniki Universitetinə daxil oldu.
2016-cı ildə universitetin məzunu olan Çingiz Qurbanov həmin ilin iyul ayında həqiqi hərbi xidmətə yollanıb.
Əsgər Çingiz Qurbanov 2016-cı ilin dekabrın 29-da ermənilərin kəşfiyyat qrupunun təxribatının qarşısını alan zaman, ermənilərin pusqusuna düşərək qəhrəmancasına Şəhid olub.
Çingiz Qurbanovun nəşi üç həftədən artıq erməni tərəfində qalıb. Bütün beynəlxalq normaları pozan erməni tərəfi sonda 2017-ci il fevralın 5-i Çingiz Qurbanovun nəşini Azərbaycan tərəfinə təhvil verdi.
Bu gün Şəhidimiz baş gizir Paşa Mehdiyevin doğum günüdür.
Baş gizir Mehdiyev Paşa Ehtibar oğlu 24.11.1978-ci ildə Füzuli rayonu, Dövlətyarlı kəndində anadan olub. Paşa Vətən müharibəsində igidlik və mərdlik göstərərək 07.10.2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
Ailəli idi. Etibar və Aytac adlı övladı Vətənə əmanətdir.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə "Azərbaycan Bayrağı" ordeni, “Vətən uğrunda”, “Qüsursuz xidmətə görə” II dərəcəli və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilib.
Bu gün şəhid gizir Orxan Namazovun anadan olduğu gündür.
Orxan Ceyhun oğlu Namazov 24.11.1994-cü ildə Goranboy rayonu, Xoylu kəndində anadan olub. Orxan Vətən müharibəsində igidlik və mərdlik göstərərək 10.10.2020-ci ildə Ağdərə istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə” və “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
Bu gün qəhrəman şəhidimiz MAXE Şahin Hümbətovun doğum günüdür.
Hümbətov Şahin Əlicuvan oğlu 24.11.1986-cı ildə Sabirabad rayonu, Minbaşı kəndində anadan olub. Şahin Vətən müharibəsində igidlik və mərdlik göstərərək 26.10.2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
Şəhidimiz ailəli idi. Aqşin və Aylin adlı övladları Vətənə əmanətdir.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, "Xocavəndin azad olunmasına görə", "Kəlbəcərin azad olunmasına görə" və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.
Bu gün qəhrəman Şəhidimiz MAXE Vadim Ələsgərovun doğum günüdür.
Ələsgərov Vadim Ağaba oğlu 24.11.1993-cü ildə Qusar rayonu, Urva kəndində anadan olub. Vadim Vətən müharibəsində igidlik və mərdlik göstərərək 08.10.2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə ölümündən sonra “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Bugün qəhrəman Şəhidimiz MAXE Əyyub Bəşirovun doğum günüdür.
Əyyub Ramis oğlu Bəşirov 24.11.1998-ci ildə Yevlax rayonu, Ərəş kəndində anadan olub. Əyyub Vətən müharibəsində igidlik və mərdlik göstərərək 16.10.2020-ci ildə Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Bu gün şəhid əsgər Musa Həsənovun doğum günüdür.
Musa Tapdıq oğlu Həsənov 24 noyabr 1995-ci ildə Mingəçevirdə doğulub.
21 sentyabr 2020-ci ildə Hərbi Komissarlıq tərəfindən hərbi vəzifəlilərin təlim toplantısına çağırılıb. Musa təlim toplantısına gedərkən ailəsiylə görüşə bilmir. Çünki çağırış gələndə iş yerində olur və son olaraq da müdiriylə görüşüb gedir. Hətta müdirinə gülümsəyərək, zarafatla "deyəsən, mən getməsəm, bu torpaqlar alınmayacaq" - deyir. Musa Tapqaraqoyunlu, Suqovuşan istiqamətlərində döyüşlərdə iştirak edib. Ailəsiylə son danışığı sentyabrın 28-də olub. Sentyabrın 29-u Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub. Nəşi isə noyabrın 4-də neytral ərazidən çıxarılaraq ailəsinə təhvil verilib, elə həmin gün dəfn edilib.
Musanın doğma qardaşı Tural da Vətən müharibəsinin şəhididir. Musa şəhid olduqdan bir neçə gün sonra Tural da Suqovuşan istiqamətində şəhid olub. Şəhidimizin 2 övladı Vətənə əmanət qalıb.
Vətən yolunda iki oğlunu şəhid verən Nəhayət ana oğulları barədə danışarkən deyir ki, oğullarının ikisi də bir gündə müharibəyə gedib:
"Balalarım bir-birindən xəbərsiz şəhid oldular. Musa Turaldan qabaq şəhid olmuşdu. Təsəllim Tural idi. Musanın qırxı çıxandan sonra Turalım da şəhid oldu. Mən anayam, birtəhər dözürəm, amma 80 yaşlı ataları bu dərdə dözə bilmir, hər gün ağlayır, təsəlli verirəm ki, oğullarımızın hərəsinin iki balası qalıb. Biz onları da böyütməliyik. Turalla sentyabrın 30-da axırıncı danışığım oldu. Dedi ki, "Musadan çox narahatam, bir xəbər varmı?" Dedi, "Ana, biz sabah Suqovuşan uğrunda müharibəyə çıxırıq, zəng etməsəm, narahat olmayın". Amma daha sonra ondan səs çıxmadı. Son dəfə müharibəyə yola düşəndə yoldaşına deyib ki, "Bilirəm ki, bu döyüşdə şəhid olacağam. Mənim büküldüyüm bayrağı oğluma verərsən"...
İki oğul, iki şəhid anası sözünə davam edir:
"Oğullarım oxumuş, təhsilli idilər. Hər ikisi əvvəlcə Mingəçevir Texniki liseyin, sonra isə Mingəçevir Turizm kollecinin məzunu olublar. Musanın 25 yaşını Şəhidlər Xiyabanında qeyd etdik. Turalın da 27 yaşı vardı. Döyüş yoldaşları deyir ki, Tural çox ağır yaralanmışdı, son sözü bu olub: “Balalarım mənsiz yaşaya bilməyəcəklər”. O, balalarını çox sevirdi, onlar üçün hər zaman narahat idi. Ailəyə çox bağlı idi. Noyabrın 4-də xəbər gəldi ki, Tural BTR-də yanıb, şəhid olub. Ümidlərim hamsı puca getdi. Mən vətən üçün oğul böyütmüşdüm Vətən sağ olsun! Onlar da həmişə deyirdilər ki, biz vətən üçün yaranmışıq. Amma ən böyük dərd bir ayda ananın üstünə iki tabut gəlməsi imiş, çox böyük dərddir. İki oğul Turalındır, iki qız da Musanın, indi bizim təsəllimiz onlardır”.
Turalın az yaşlı uşaqları atalarının şəkilinə baxaraq, “atam gələcək” - deyirlər. Şəhidlərin atası Tapdıq Həsənov deyir ki, "Nə yaxşı, bu balacalar var. Başımı onlarla qatıram. Hər dəfə şəkli göstərib, məndən atalarını soruşurlar"...
Bu gün şəhid əsgər Osman Manafov anadan olub.
Osman Natiq oğlu Manafov 24.11.1991-ci ildə Bakı şəhəri, Suraxanı rayonunda anadan olub. Osman könüllü olaraq Vətən müharibəsinə qatılıb və böyük şücaətlər göstərərək 27.10.2020-ci ildə Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
Bu gün qəhrəman şəhidimiz Ələs Rüstəmovun da doğum günüdür.
Ələs Vidadi oğlu Rüstəmov 24.11.1998-ci ildə Goranboy rayonu, Dəliməmmədli kəndində anadan olub. Ələs müharibə başlayanda 3 ay idi ki, MAXE olaraq işə başlamışdı. Ələs Vətən müharibəsində igidlik və mərdlik göstərərək 02.10.2020-ci ildə Murov istiqamətində gedən döyüşlərdə qəhrəmancasına Şəhid olub. 24 noyabr doğum günündə Şəhid xəbəri və tabutu evinə gətirilən qəhrəman Şəhidimiz, həmin gün dəfn edilib.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “İgidliyə görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.
Məkanınız cənnət olsun, Vətənin mərd oğulları!
QAZİLER.AZ