Şəhid mayorun ailəsinə yazdığı son məktubu: "Müqəddəs vəzifəmi icra etməyə gedirəm"

Şəhid mayorun ailəsinə yazdığı son məktubu:  "Müqəddəs vəzifəmi icra etməyə gedirəm" backend

Bu gün şəhid mayor Xəyal Məmmədovun doğum günüdür.

Qaziler.az bildirir ki, Xəyal Məmmədov 1986-cı il noyabrın 18-də Şəki şəhərində anadan olub.1993-2001-ci illərdə Şəki şəhərində 5 nömrəli tam orta məktəbdə, 2001-2004-cü illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2004-2008-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Hərbi təhsilini aldığı müddətdə bir sıra dövlətlərdə təlimlərdə olub. Ailəli idi. 2 qızı yadigar qaldı.

Azərbaycan Ordusunun mayoru olan Xəyal Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın, Hadrut qəsəbəsinin, Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə savaşıb, həmçinin döyüşlər zamanı yaralı hərbçiləri döyüş meydanından çıxararaq fərqlənib. Oktyabrın 7-də döyüşdən əvvəl ailəsinə yazdığı son məкtubunda bunları yazmışdı: "Mən gedirəm vətəni qorumağa. Müqəddəs vəzifəmin icrasına. Ailəm və övladlarım Allaha əmanət olsun. Hər həs haqqını halal etsin. Vətən sağ olsun".

Xəyal Məmmədov oktyabrın 20-də Qubadlı döyüşləri zamanı snayper gülləsi nəticəsində şəhid olub. Şəki şəhərində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Məmmədov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarının rəhbəri olan, düşmənin canlı qüvvəsinin məhv edilməsində rəşadət göstərən, vəzifə borcunu ləqayətlə və vicdanla yerinə yetirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Məmmədov ölümündən sonra 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edildi.

Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Məmmədov ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Xəyal Məmmədov ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən Xəyal Məmmədov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.

Qeyd edək ki, mayor Xəyal Məmmədovun 2020-ci il oktyabrın 7-də döyüşdən əvvəl ailəsinə yazdığı son məкtubu və şəxsi əşyaları Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda qorunur.

Ruhu şad olsun!

QAZİLER.AZ

Diaspora