Təyyarəsi ermənılər tərəfindən iki dəfə vurulmuşdu... - Milli Qəhrəman Sergey Murtuzəliyevin doğum günüdür

Təyyarəsi ermənılər tərəfindən iki dəfə vurulmuşdu... -  Milli Qəhrəman Sergey Murtuzəliyevin doğum günüdür backend

Bu gün "Azərbaycanın Milli Qəhrəmanı" polkovnik-leytenant Sergey Murtuzəliyevin doğum günüdür.

Murtuzəliyev Sergey Murtuzəli oğlu 1963-cü il noyabrın 17-də Bakının Pirallahı qəsəbəsində dünyaya göz açmışdır. Uşaqlıqdan arzusu təyyarəçi olmaq idi. Orta məktəbi bitirdikdən sonra təyyarəçilər məktəbinə daxil olmuşdur. Buranı müvəffəqiyyətlə başa vurduqdan sonra, təhsilini Yeysk Ali Hərbi Aviasiya Məktəbində davam etdirmişdir.

Bir müddət Rusiyada işləyən Sergey sonra Kürdəmirə gələrək, hərbi aviasiya alayında xidmət etməyə başlamış polkovnik-leytenant rütbəsinəcən yüksəlmişdi.

Rus hərbçiləri gedəndən sonra köhnə təyyarələri özü təmir edirdi. Elə o vaxtdan da bu təyyarələrdə uçmağa başladı.

Qəlbi hər an Vətən üçün doyünürdü. Qarabağa ilk uçuş edənlərdən biri də Sergey oldu. Qısa müddətdə ad-san çıxardı. Onun igidliyi dillərdə gəzirdi. Döyüş bölgələrinə əməliyyata gedəndə ölüm barədə fikirləşmirdi. Adətən havaya qalxanda, təyyarəni əvvəlcə göydə oynadır, sonra istiqamət götürürdü. Hamı onun Sergey olduğunu bilirdi.

Onun təyyarəsi erməni yaraqlıları tərəfindən iki dəfə vurulmuşdu. O, məharətlə təyyarəni yerə endirmiş, özü də salamat qalmışdı. Sergey dəfələrlə Qarabağa uçuşlar etmiş, əhalinin təhlükəsiz yerə çıxarılmasında böyük rəşadət göstərmişdir.

30 avqust 1993-cü il... Təlim uçuşu... O, kursantlara təyyarənin sirlərini öyrədərkən maşını qəzaya uğradı. O, xidmət etdiyi hissədə böyük hörmət qazanmışdı. Hər dəfə uçuşa gedəndə, dostları onun yolunu həsrətlə gözləyirdilər. Sergeyin düşmənə vurduğu zərbələrin hər biri bir qəhrəmanlıq idi. Onun adı bir əfsanəyə çevrilmişdi.

Evli idi. İki qızı Vətənə əmanətdir.

Azərbaycan Respublikası prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə polkovnik-leytenant Murtuzəliyev Sergey Murtuzəli oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Sergey Dərbənd şəhərinin Darğuş kəndində dəfn edilmişdir. Kürdəmir Hərbi Aviasiya alayında onun büstü qoyulmuşdur.

Qaziler.az

Diaspora