Putinin danışmanından Bakıya təhdid - Rusiya Qarabağda referendum keçirmək istəyir

Putinin danışmanından Bakıya təhdid - Rusiya Qarabağda referendum keçirmək istəyir backend

Bakıdan sərt reaksiyalar gəldi; “Kremlin təxribatlarına qarşı ayıq olmalıyıq...”

Kremlin danışmanlarından sayılan ekspert, Rusiya Federasiyası Prezidenti yanında Elm və Təhsil Şurasının Rəyasət Heyətinin üzvü, Rusiya EA-nın Beynəlxalq İqtisadi Münasibətlər İnstitutunun direktoru Fyodor Voytolovski Azərbaycan əleyhinə sarsaqlayıb, ərazi bütövlüyümüzə dil uzadıb.

Belə ki, erməni mediasına müsahibəsində o, Kremlin “kartlarını” açaraq deyib: “ABŞ-ın bu məsələdə mövqeyi birmənalıdır - onlar Azərbaycanın Dağlıq Qarabağ üzərində suverenliyini tanıyırlar. Rusiya isə məsələdə daha çevik mövqe tutur. Yəni mən ABŞ və Rusiyanın Qarabağın Azərbaycan torpağı olması haqda eyni mövqeyə malik olması fikri ilə razı deyiləm. DQR-in statusu danışıqlar və Dağlıq Qarabağ ərazisində keçiriləcək referendum (! - red.) yolu ilə həll edilməlidir. Bu, ABŞ və Avropa İttifaqının mövqeyindən ciddi şəkildə fərqlənir”.

Görəsən, hansı referendumdan dəm vurur rusiyalı ekspert? Doğrudanmı, o güman edir ki, Rusiya Azərbaycanı ikinci saxta erməni “dövlətinin” yaradılmasına məcbur edə bilər? Hər şey qırağa, bəs Putinin imzası duran 22 fevral 2022-ci il Moskva Bəyannaməsi necə olsun? Yoxsa Moskva artıq bu sənədi də unudub? Nəhayət, Voytolovskinin mövqeyini nə dərəcədə rəsmi Kremlin mövqeyinə yaxın saymaq olar?

Yada salaq ki, 31 oktyabr Soçi görüşü zamanı Azərbaycan Prezidenti İlham Əliyev Putinlə ikitərəfli görüş zamanı Dağlıq Qarabağ konfliktinin artıq tarixdə qaldığını bildirib. Bunun üstündən Kreml yenəmi Qarabağda separatçı layihələri (“Rus icması”, Vardanyan layihəsi və s.) irəli aparmağa çalışacaq?

Milli Məclisin deputatı Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, bütün hallarda rusiyalı siyasi ekspertlərin və rəsmilərin bu cür sərsəm iddialar irəli sürməsi qəbuledilməzdir: “Bu, ilk növbədə Rusiya prezidentinin də imzaladığı 10 noyabr üçtərəfli bəyanatına ziddir. Rusiyadan səslən anti-Azərbaycan açıqlamalar, iddialar Rusiya dövlətinin imzaladığı sənədlərə nə qədər əməl etdiyinin göstəricisidir. Ona görə də hesab edirəm ki, Rusiya rəsmiləri, siyasi ekspertləri fikrilərində Azərbaycanın ərazi bütövlüyü məsələsinə həssas yanaşmalıdırlar. Qarabağ Azərbaycanın tərkib hissəsidir, buna heç kimin şübhə ilə yanaşması Azərbaycan üçün qəbul edilən deyil.

Ceyhun Məmmədov - YouTube

Ceyhun Məmmədov

Qarabağ münaqişəsi iki il öncə yekunlaşıb. Hansısa referendumdan, statusdan söhbət gedə bilməz. Həmçinin Qarabağda Rusiya sülhməramlı qüvvələrinin uzunmüddətli fəaliyyətindən söhbət gedə bilməz. Azərbaycan buna imkan verməyəcək. Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Ona görə də Rusiya anlamalıdır ki, status və referendum kimi sərsəm fikirlər ümumu prosesə müsbət töhfə vermir. Əksinə, münasibətlərin korlanmasına, pisləşməsinə aparıb çıxarır. Rusiya birdəfəlik nəzərə almalıdır ki, artıq Qarabağ münaqişəsi bitib, heç bir statusdan, referendumdan söhbət gedə bilməz. Azərbaycanın bu məsələdə mövqeyi qətidir".

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov isə bildirdi ki, respublikamız müstəqillik qazandıqdan sonra Rusiya Azərbaycanın Qarabağ üzərində suverenliyini dəfələrlə tanıyıb: “İlk dəfə bu barədə rəsmi sənəd 1991-ci ilin dekabrında Alma-Atada, sonuncu dəfə bir neçə gün əvvəl Soçidə imzalanıb. Ancaq çox təəssüf ki, Rusiya özünün atdığı imzaya heç vaxt dəyər verməyib və bu gün də vermir. Bu səbəbdən bu dövlət asanlıqla bir tərəfdən Azərbaycanın suverenliyini tanıdığını imzasıyla təsdiq edə bilir, digər tərəfdən, imzasını ayaqlar altına ataraq ən yüksək səviyyədə sərsəm bəyanatlar verir. Soçi görüşündə Rusiya prezidentinin tutduğu ikiüzlü mövqe heç birimizin diqqətindən yayınmadı. Ermənistan Baş naziri ilə görüşdə Qarabağ barədə danışarkən - ”konflikt on illərdir davam edir və nə vaxtsa bitirilməlidir" deyən Putin Azərbaycan Prezidenti ilə görüşərkən “konfliktin nizama salındığını” və bu işdə Rusiyanın oynadığı rolu dilə gətirdi.

Yeri gəlmişkən, ABŞ-ın və Avropa İttifaqının bu məsələdə bizi tam qane edən mövqe tutduğunu güman etmək yanlış olardı. Sadəcə olaraq Ukrayna müharibəsinə qədər onların əsas məqsədi Qarabağa status vermək idi və bu istiqamətdə çalışırdılar. Bu gün Rusiyanı bölgədən vurub çıxarmaq imkanı yaranıb və Qərb status barədə bir müddət danışmamaq qərarına gəlib. Bu o demək deyil ki, gələcəkdə bizim qətiyyən qəbul etməyəcəyimiz təkliflər ortaya çıxmayacaq. Bəs Rusiya nə istəyir və Voytolovskinin söylədikləri qonşu dövlətin rəsmi mövqeyi kimi qiymətləndirilə bilərmi? Birmənalı şəkildə demək olar ki, Rusiyanın onun söylədiyi kimi, “referendum” təklifi ilə ortaya çıxma ehtimalı sıfıra yaxındır.

Ancaq əgər Rusiya Ukraynada məqsədinə tam nail ola bilsə və müharibəni qələbə ilə başa çatdıra bilsə, ondan hər cür “sərsəm təkliflər” gözləmək mümkündür. Hadisələrin gedişi göstərir ki, Rusiyanın Ukraynadan “tam qələbə” ilə çıxmaq ehtimalı çox aşağı olsa da, 1991-ci il sərhədlərinə, hətta, 24 fevral 2022-ci il vəziyyətinə qaytarılmaq ehtimalı da demək olar ki, mümkünsüzdür".

A.Səmədov hesab edir ki, bu səbəbdən qarşıdan gələn aylarda həm ABŞ və Aİ-nın, həm də Rusiyanın dəfələrlə mövqeyinin dəyişməsinin şahidi ola bilərik: “Bir şey aydındır ki, onların heç biri bizi qane edən təkliflə ortaya çıxmayacaq. Azərbaycan hakimiyyətini istədiyi hədəfə çatmaq yolunda qarşıda ağır mübarizə gözləyir və bütün siyasi qüvvələr bu mübarizədə əllərindən gələn köməyi göstərməyə çalışmalıdır”.

Politoloq Oktay Qasımov isə bildirdi ki, son dövrlər Rusiya mediasında və rusiyalı ekspertlər səviyyəsində, bəzən isə rəsmi şəxslər tərəfindən Azərbaycan əleyhinə səslənən bəyanatlar Azərbaycan cəmiyyətində çox da təəccüblə qarşılanmır: “44 günlük müharibə bitəndən sonra da Rusiyanın bölgədə sülhməramlı qüvvələrinin yerləşdirilməsi ciddi narahatlıqlara səbəb olmuşdu. Bu narahatlıq qalmaqdadır. Bunun əsas səbəbi ondan ibarətdir ki, Rusiya, ümumiyyətlə, etibarlı tərəfdaş deyil. Bundan əlavə Rusiya öz imzasına hörmət edən dövlət deyil. Ən azı bunun nümunələrini biz son dövrlər həm Ukraynaya, həm də Azərbaycana qarşı Rusiyanın siyasətində görməkdəyik.

Oqtay Qasımov: “Bu, Cənubi Qafqaz regionu üçün önəmli bir addım olardı”

 Oktay Qasımov

Rusiya tərəfindən son dövrlər Azərbaycan əleyhinə aparılan kampaniya və Azərbaycanın ərazi bütövlüyünün şübhə altına alınması faktları getdikcə daha da artmaqdadır. Bu, 22 fevral 2022-ci ildə Azərbaycanla Rusiya arasında imzalanmış “Müttəfiqlik fəaliyyəti haqqında Bəyanat”a ziddir. O sənəddə birmənalı şəkildə dövlətlərin ərazi bütövlüyünə qarşı fəaliyyətlərinin yolverilməz olduğu qeyd olunur və ölkələr arasında bir-birinin əleyhinə təbliğat aparmasının qəbul edilməz olduğu göstərilir. Amma Rusiya bu sənəddəki imzasına hörmət etmir və Azərbaycana qarşı fəaliyyət davam etdirilir.

Putin çıxışlarında Qarabağın Azərbaycan ərazisi olduğunu dəfələrlə ifadə edib. Amma biz bu gün tamamilə fərqli bir ritorikanın şahidi olmaqdayıq. Bunun əsas səbəbi ondan ibarətdir ki, Rusiya güney Qafqazda gedən proseslərdə xeyli dərəcədə zəifləmiş durumdadır və müəyyən qədər kənarda qalıb. Ona görə Rusiya özünün aktiv rolunu göstərmək, eyni zamanda gərginliyi saxlamaqla öz təsir imkanlarını artırmağa, bölgədə özünün mövcudluğunu qorumağa çalışır. O ki qaldı Qarabağın statusu söhbətləri və orada hansısa referendum keçirilməsi barədə irəli sürülən fikirlərə, Rusiya siyasi dairələri və siyasi ekspertləri, deyəsən, yatıb hələ də yuxularında Kazan prinsiplərini görməkdədirlər".

O.Qasımov qeyd etdi ki, Kazan prinsipləri Sergey Lavrov tərəfindən hazırlanan planın tərkib hissəsi idi və Azərbaycan tərəfindən qəbul edilmirdi: “O zaman Azərbaycanın daha 7 rayonu da işğal altındaydı. Lavrov planına görə, həmin rayonlardan beşi Azərbaycana təhvil verilirdi və bunun əvəzində faktiki olaraq Laçın və Kəlbəcər Ermənistanın nəzarətində qalırdı, Qarabağda isə nə zamansa bir referendum keçirilirdi, bunun da nəticələri bəri başdan bəlli idi. Diqqət edin, Azərbaycan o zaman bu plan irəli sürülərkən indikindən xeyli zəif durumda olmasına rəğmən bu təklifi qəbul etməmişdi. Bu gün Azərbaycan güc yolu ilə ərazisinin xeyli hissəsini işğaldan azad edib, Ermənistanı məğlub edib və çox güclü, üstün mövqedədir. Belə vəziyyətdə hansı statusdan, hansı referendumdan söhbət gedə bilər?! Bu məsələ Azərbaycan üçün qapanıb və Azərbaycan Prezidenti tərəfindən bu məsələyə nöqtə qoyulub. Son Soçi görüşündə Prezident İlham Əliyev bu barədə qəti mövqeyi ortaya qoydu.

Məhz Soçi görüşündən sonra Rusiya Azərbaycana təzyiqləri artırmağa çalışır, müxtəlif təxribatlar törədir, planlar qurur. Ruben Vardanyan layihəsi, yeni Laçın dəhlizindən rusların separatçı ermənilərə silah-sursat daşıması, verilən bir sıra bəyanatlar açıq təxribatlardır. Rusiya Ermənistan hakimiyyətinə də sülh sazişini imzalamamaq üçün müxtəlif aksiyalar və addımlarla mesajlar verir. Rusiyanın təxribatlarına qarşı ayıq olmalıyıq. Rusiya yanlış yolda olduğunu dərk etməlidir və yeni reallıqları qəbul etməlidir, Azərbaycanın Qarabağ üzərində suveren hüquqlarını tanımalıdır".   

Diaspora