Qubadlının işğaldan azad olunmasının ildönümüdür

Qubadlının işğaldan azad olunmasının ildönümüdür backend

Bu gün Qubadlı şəhərinin Ermənistanın işğalından azad edilməsindən iki il keçir.

Azərbaycan ordusu 44 günlük Vətən müharibəsinin 25 oktyabr tarixində Qubadlı şəhəri ilə yanaşı, digər rayonlar üzrə də bir sıra məntəqələri işğaldan təmizləyib.

Həmin tarixdə Zəngilanın Birinci Alıbəyli, İkinci Alıbəyli, Rəbənd, Yenikənd kəndləri, Cəbrayılın Qovşudlu, Sofulu, Dağ Maşanlı, Kürdlər, Hovuslu kəndləri işğaldan azad olunub.

Qubadlı rayonu üzrə Qubadlı şəhərindən əlavə digər kəndlərdə də erməni işğalına son qoyulub.

Belə ki, ordumuz Qubadlının Padar, Əfəndilər, Yusifbəyli, Çaytumas, Xanlıq, Sarıyataq, Mollabürhan kəndlərini öz əsl sahibinə - Azərbaycana qaytarmağa nail olub.

Bildirək ki, qələbə xəbərlərini Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev xalqa müraciətində çatdırıb.

Qeyd edək ki, Qubadlı rayonu 1933-cü ildə Qubadlı kəndinin əsasında təşkil olunub. 1963-cü ildə ləğv edilərək ərazisi Zəngilan rayonu ilə birləşdirilib. 1964-cü ildə yenidən müstəqil rayon olub. Qubadlı 31 avqust 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilmişdi. İnzibati bölgüsünə 1 şəhər, 93 kənd, 31 inzibati-ərazi dairəsi aiddir.

Qubadlı rayonunun səthi əsasən dağlıqdır. Ərazisi Qarabağ silsiləsinin cənub-qərb (Topağac dağı – 2 010 m, Pirdağ-1 316 m), Bərgüşad silsiləsinin şərq (Hərtis dağı – 1 277 m) və Qarabağ yaylasının cənub-şərq (Qurbantəpə dağı – 1 075 m) hissəsinə daxildir. Qarabağ yaylasının cənub-şərq qurtaracağı olan Yazı düzü (Bazarçay və Həkəri çayı arasında) ərazidə 450 m-dək alçalır. Ərazidə Qarabağ silsiləsi maili və dalğalı İncə düzünə keçir. Yura-Antropogen çöküntüləri yayılıb. Əqiq yatağı var. Çayları Bazarçay, Həkəri və onların qollarıdır (Kiçik Həkəri, Meydandərəsi və s); bunlardan suvarmada istifadə edilir.

Rayonda əsasən, qəhvəyi dağ-meşə torpaqları yayılıb. Əsas bitki örtüyü kollu və seyrək meşəli çəmənlərdir. Dağ meşələri (fıstıq, palıd, vələs və s.) var. Meşələrin sahəsi 13,2 min hektardır. Heyvanları ayı, canavar, vaşaq, tülkü, boz dovşan, süleysin, oxlu kirpi və s-dir. Quşlardan boz kəklik, turac, qırqovul, göyərçin və s. var. Rayonda Qubadlı yasaqlığı təşkil edilib.

Diaspora