“Vətən müharibəsində Zəngilanda “Üç nöqtə” yüksəkliyini düşməndən azad edəndə ermənilərin gözləmədiyi taktika işlətdik”.
Bunu “Report”un Zəngilan rayonuna ezam olunan əməkdaşına açıqlamasında Dövlət Sərhəd Xidmətinin (DSX) mayoru, Vətən Müharibəsi Qəhrəmanı Anar Məmmədov deyib.
O bildirib ki, İkinci Qarabağ müharibəsində DSX-nin bölmələri tərəfindən Zəngilan şəhəri düşməndən təmizləndikdən sonra sərhədçilər rayonun mühafizə və müdafiəsini həyata keçirib:
“Eyni zamanda, heyətimiz rayonda yaralanmış, həmçinin binaların və evlərin zirzəmilərində gizlənmiş ermənilərin arama-taramasını apardı. Şəhər ərazisində bir müddət qaldıqdan sonra yuxarı komandanlıqdan əməliyyat məlumatı daxil oldu ki, “Üç nöqtə” yüksəkliyini - Azərbaycan, İran və Ermənistan dövlət sərhədlərini birləşdirən ərazini düşməndən təmizləyək. Bura strateji əhəmiyyətə malik olan yüksəklikdir. Belə ki, həmin yer bizə Ermənistan ərazilərinin müəyyən bir hissəsini nəzarətdə saxlamağa imkan verir”, - Vətən Müharibəsi Qəhrəmanı söyləyib.
Sərhədçilər əməliyyatın icrasına başlamamışdan bir gün əvvəl 825 metr məsafədə yerləşən adsız yüksəklikdən “Üç nöqtə” yüksəkliyinin kəşfiyyatını aparıblar. Həmçinin pilotsuz uçuş aparatları vasitəsilə yüksəkliklərin arxasında yerləşən erməni bölmələrinin silah və texnikasının yerləşmə mövqeləri müəyyənləşdirilib.
A.Məmmədov deyib ki, toplanan kəşfiyyat məlumatları yuxarı rəhbərliyə məruzə olunub:
“Daha sonra bilavasitə əməliyyatın icrası üçün komandalar daxil oldu. Belə bir taktika işlətdik. Hansı ki, Araz çayı kənarında yerləşdirdiyimiz zirehli transportyorları qismən də olsa irəli çəkdik və fasiləli atışlarla düşmənin əsas qüvvələrini o istiqamətə cəmləşdirdik”.
Mayor xatırlayır ki, bundan sonra DSX bölmələri ikili - “Badi”lər şəkilində yola düşüblər və “Üç nöqtə” yüksəkliyi istiqamətində addım-addım irəliləməyə başlayıblar və həmin yollarda onlar düşmənin çoxlu “sürprizlər”i ilə qarşılaşırlar:
“Orada ermənilərin tank və piyada əleyhinə minaları vardı. Düşmən bizim hərəkətimizi ləngitməyə çalışırdı. Lakin onlar heç cürə bizim bölmələrimizin hərəkətini ləngidə bilmədilər. Sol cinahdan zirehli transportyorlarımızın atışı nəticəsində sürətlə yüksəkliklərə qalxmağa başladıq. Qruplar sızma yolu ilə hər 40-50 metr məsafədən bir şok atəş açmaqla ermənilərin baş qaldırmasına imkan vermirdik. Həmin yerdə aktiv döyüş əməliyyatları gedirdi. Nəticədə yüksəklik düşməndən azad edildi və məqsədimizə nail olduq. Burada bizim şəhidlərimiz və yaralılarımız da oldu. Allah şəhidlərimizə rəhmət eləsin, yaralılarımıza şəfa versin!”
Onun sözlərinə görə, döyüş əməliyyatının icrasının gedişatında DSX-nin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən “mayor” hərbi rütbəsi ilə təltif olunub:
“Mənə xoşdur ki, mayor hərbi rütbəsini döyüş meydanında aldım. Həmçinin Vətən müharibəsindən sonra Prezident, Ali Baş Komandan İlham Əliyevin müvafiq sərəncamlarına əsasən, “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülməyimlə yanaşı “Cəbrayılın azad olunmasına görə” və “Zəngilanın azad olunmasına görə” medalları ilə təltif edildim”.