Cəbhə xatirələri: Ağdərədən qaçan “haski”…

Cəbhə xatirələri: Ağdərədən qaçan “haski”… backend

Bizim ATS-də işləyir Elnur. İşinə çox məsuliyyətlə yanaşır. Evdə internetlə bağlı problem yarandığına görə gəlmişdi. İşini başa çatdırıb gedəndə mobil telefonunu verdi ki, xəttə yenidən nasazlıq yaransa əlaqə saxlayaq. Adını telefonun yaddaşına qeyd edəndə Whatsapp profilindəki “haski” ilə olan şəkil diqqətimi çəkdi. Elnur hərbi geyimdə idi…

 

Döyüş yolu

44 günlük Vətən savaşının iştirakçısıdır Elnur. Şükür ki, ağır döyüşlərdə iştirak etsə də yaralanmayıb və sağ-salamat evlərinə qayıdıb. Müharibə veteranıdır. Özü haqqında danışmağa o qədər xəsislik edir ki, az qala “kəlbətin”lə çəkirəm sözü…

1998-ci ildə Bakıda anadan olan Elnur Səmədzadə 2019-cu il, iyulun 1-də hərbi xidmətə yola düşüb. Əvvəl Goranboyda, sonra Tərtərdə xidmət edib. Müharibə başlayanda Ağdamın Təzəkənd kəndində döyüşlərə qatılıb. Hücum əməliyyatlarında iştirak edib. Müharibədə qumbaraatan olub. Zarafatla deyir ki, mən döyüşlərdə qumbaranı atırdım bilmirdim ki, düşmən əsgəri mənim atdığım qumbaradan ölürdü, yoxsa kənardan atılan güllədən.

“Hər halda yaşın az idi, qorxurdunmu” sualıma,  özünəməxsus qətiyyətlə, düşünmədən “Yox!” dedi.  “Niyəsə heç qorxmurdum. Çünki bilirdim ki, qorxdunsa öləcəksən. Bu, müharibənin yazılmamış qanunudur. Səngərdə, döyüşdə bir yerdə olduğumuz uşaqlarda da qorxu hissi yox idi. Bu yəqin ondan irəli gəlirdi ki, biz öz Vətənimiz uğrunda döyüşürdük, haqlı idik savaşımızda. Biz öz torpaqlarımız uğrunda savaşırdıq, onu nəyin bahasına olursa olsun düşmən tapdağından xilas etməliydik.  Bu da bizə yenilməz cəsarət verirdi”.

Yatmağı çox sevdiyini söyləyən bu qaradinməz oğlan cəbhədə də bu “şakərinə sadiq qaldığ”ını gülə-gülə deyir: ”Təsəvvür edin ki, döyüşlərdən sonra verilən fasilələrdə daş kimi yatırdım, dünyadan xəbərim də olmurdu”…

 

Heç nə düşünmürdüm…

Deyir cəbhədə heç nə fikirləşə bilmirdim. “Sabah haqqında təsəvvürlərin korşalır onda. Axı bilmirsən növbəti döyüşdən sağ çıxacaqsan, ya yox..”

“Əsgəri xidmətə yola düşməzdən xeyli əvvəl bir dostumla söhbət əsnasında ona dedim ki, mən xidmətdə olanda müharibə başlayacaq və biz torpaqlarımızı düşməndən azad edəcəyik. Bilmirəm niyəsə buna əmin idim, bu hiss içimə dolmuşdu. Elə də oldu…”

 

Suqovuşandan üzü Ağdərəyə doğru…

“Suqovuşanda bir neçə erməni postu qalmışdı. Biz o postları alıb Ağdərəyə girəcəkdik. 2020-ci ilin oktyabr ayının 16-dan 17-nə kecən gecə, axşam saat 9-dan hücum hazırlığına başladıq, səhər saat 5-də hücuma keçdik. Taborla yola düşmüşdük, 3 qrupla döyüşə girdik. Əsas məqsədimiz yüksəklikdə yerləşən erməni postunu almaq idi. Postu aldıq. Şiddətli döyüşdə bizim bölükdən iki döyüş yoldaşımız şəhid oldu…

Komandanlığın əmri ilə bir müddət Tərtər meşəsinə çəkildik. Ağdərə uğrunda döyüş başlamalı, biz o hücumda iştirak etməli idik. Lakin müharibənin  bitdiyi élan edildi...”

 

Əkin sahəsindəki çarəsiz “haski”

Elnurdan “haski”ni haradan “tapdığ”ını soruşdum. Bilirdim ki, bu heyvan sevgi dolu olsa da azadlığıına düşkündür və inadcıldır, yaltaqlanmağı da sevmir. Haskilər hürməyi də sevmir. Bu xarakterik xüsusiyyətinə görə də onlardan gözətçi iti olmaz. Yəni bu itin orada olması təəccüblü idi.

Elnur onun tarixçəsini danışdı: “Deyəsən Ağdərədən qaçmışdı. Biz olduğumuz ərazidə ermənilərin əkin sahəsi vardı. Xidmət yoldaşım biləsuvarlı Əfsun Dədəliyevlə “sektorumuz”dan (düşmənin müşahidə edildiyi yer – red.) gördük ki, “haski” əkin sahəsində vurnuxur. Palazla tutduq. Əvəllər qaçmaq istəyirdi, yəqin bizi başa düşmürdü. Amma təsəvvür edin ki, heç bir həftə keçmədi ki, bizə öyrəşdi. Yanımızda gəzir, hətta postu qoruyurdu. Evə qayıdanda onu başqa postdakı əsgərlərə verdik. Bizə çox öyrəşmişdi. Deyəsən indi də oradadı…”

 

Arzu Səlim

Diaspora