İsveçrənin “sa_partners" şirkəti Azərbaycana təkliflər verib. Azərbaycandan olan tərəfdaşlarımız bizim təkliflərimizə açıq və dəstəkləyici yanaşdılar. Əsas məqsəd bu regionda öz evlərinə qayıdacaq sakinlərin təhlükəsiz, dayanıqlı və ləyaqətli yaşayışını təmin etməkdir.
Apa xəbər verir ki, bunu Milli Şəhərsalma Forumunda "Ekoloji cəhətdən davamlı və dayanıqlı şəhər inkişafı" sessiyasında İsveçrənin "sa_partners" şirkətinin təsisçi tərəfdaşı Dunja Kovari bildirib.
Onun sözlərinə görə, şirkət Zəngilan, Kəlbəcər və Qubadlı üçün planlar verib: “Bu şəhərlərin öz xüsusiyyətləri var. Zəngilanın gözəl landşaftı var və biz bu şəhərin quruculuğunda öz töhfəmizi vermək istəyirik. Şəhər yaşıl olacaq. Şəhərin planı yarımsentrik olacaq. Belə ki, şəhərdə 3 mərkəz olacaq - mərkəz və iki yarım mərkəz. Bu şəhərdə 15 dəqiqəlik şəhər konsepsiyası tətbiq olunacaq. Şəhərdə yaşıllıq qorunacaq, parklar salınacaq, iki mərtəbəli yaşayış binaları olacaq. Həmçinin şəhərin öz elementləri də binanın inşasında tətbiq olunacaq”.
İsveçrə şirkətinin təmsilçisi Kəlbəcərin Baş planı ilə bağlı deyib ki, orada sağlamlıq turizminin yaradılması üçün əlverişli şərait var və bu, şəhərin Baş planının hazırlanmasında nəzərə alınıb: “Şəhərdə hərəkətlilik əsas konseptdir”.
İsveçrəli nümayəndə Qubadlı ilə bağlı da Baş planı təqdim edib. O deyib ki, bu regionun gözəl su mənzərələri var: “Təbii ki, bu regionda su həm də nadirdir və ehtiyatla istifadə olunmalıdır. Qubadlı üçün "Sponge" şəhər konsepti təklif edirik ki, bu da su ehtiyatlarından səmərəli istifadəyə hesablanıb”.