Vətən müharibəsi qazisi: “Mülkidə arıq, çəlimsiz görünən oğlanlar döyüşlərdə şücaətlər göstərdilər” - FOTO

Vətən müharibəsi qazisi: “Mülkidə arıq, çəlimsiz görünən oğlanlar döyüşlərdə şücaətlər göstərdilər” - FOTO backend

Vətən müharibəsi qəhrəmanlarımızdan Tural Abbasov 44 günlük müharibə öncəsi könüllü olaraq orduya yazılıb, silaha sarılaraq ön cəbhəyə yollanıb, döyüşlərdə iştirak edib, 2020-ci ilin sonunda ehtiyata buraxılıb. O, döyüş yolunu fəxrlə xatırlayır: “Sentyabrın 30-da zəng vurub çağırdılar. O an sevincimin həddi-hüdudu yox idi”.

Mövzu ilə bağlı “Kaspi” qəzetinin məqaləsini təqdim edirik

Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış “Dəmir yumruq” əməliyyatı nəticəsində Silahlı Qüvvələrimiz 30 ilə yaxındır davam edən işğala son qoyub. 2020-ci ilin 27 sentyabr-10 noyabr tarixində Ordumuz düşmənin belini qırıb. 44 günlük müharibədə 300-dən artıq yaşayış məntəqəsi döyüş meydanında erməni yaraqlılarından təmizlənib. Ermənistan kapitulyasiya aktına imza ataraq digər rayon və kəndlərimizi tərk etmək məcburiyyətində qalıb.

Rabitə manqa komandiri, baş sürücü

Hər bir azərbaycanlının qürur və fəxarət hissi ilə xatırladığı Vətən müharibəsində iştirak edənlərdən biri də Tural Rövşən oğlu Abbasovdur. O, 14 oktyabr 1990-cı ildə Naftalan şəhərində anadan olub. 2009-cu ildə Naftalan şəhər 1 nömrəli orta məktəbi bitirib. 2009-cu ilin oktyabr ayından 2011-ci ilin aprel ayına qədər həqiqi hərbi xidmətdə olub, rabitə manqa komandiri, baş sürücü vəzifələrini daşıyıb. 2013-cü ildə Ukraynada maliyyə-kredit ixtisası üzrə ali təhsil alıb. Ordudan tərxis olunandan sonra ali təhsil almaqla paralel, müxtəlif sahələrdə çalışıb. 2016-cı ildə ailə həyatı qurub. Vətən müharibəsi başlayanda könüllü olaraq orduya yazılıb, silaha sarılaraq ön cəbhəyə yollanıb, döyüşlərdə iştirak edib, 2020-ci ilin sonunda ehtiyata buraxılıb. Hazırda Naftalan şəhərindəki hotellərin birində baş sürücü işləyir.

“Zərurət yaransa, səfərbərliyə alınacaqsınız”

Tural Abbasov həmin günləri belə xatırlayır: “Həmyaşıdlarım, dostlarımla 2020-ci ilin iyul ayında çay evində görüşüb söhbət edirdik. Bu vaxt televizorda xəbərlər səsləndirildi. Ermənistan silahlı qüvvələrinin növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozmasından, artilleriya qurğularından istifadə etməklə ordumuzun mövqelərinə hücuma keçməsindən bəhs edilirdi. Hərbi əməliyyatlar zamanı korpus komandirinin müavini, orduda xüsusi hörmətə və nüfuza sahib olan general-mayor Polad Həşimovun əsgərlərlə birlikdə şəhid olduğu bildirildi. Düşmənə olan qisas hissindən, əsəbdən nə edəcəyimi bilmirdim. Dostlarla birlikdə çay evini tələsik tərk edib Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Goranboy rayon şöbəsinə getdik. Könüllü kimi orduya yazılıb, döyüşlərdə iştirak etmək niyyətimizi bildirdik. Müvafiq qeydiyyat aparıb bizi evə yola saldılar, dedilər ki, zərurət yaransa, səfərbərliyə alınacaqsınız”.

Suqovuşan uğrunda ağır döyüşlər

Qazi deyir ki, Orduya könüllü yazıldığı vaxtdan günlər keçsə də, onu axtaran, hərbi hissəyə dəvət edən olmayıb. Həmin il sentyabrın 27-də Vətən müharibəsi başlayanda təkrar şöbəyə yollanıb, xidmətə yararlı olduğunu bildirərək döyüşlərə cəlb edilməsini istəyib:

“Sentyabrın 30-da zəng vurub çağırdılar. O an sevincimin həddi-hüdudu yox idi. Dərhal evə gəlib valideynlərimlə, ailəmlə halallaşdım, oktyabrın 1-də ön cəbhəyə gedəcəyimi bildirdim. Atamla söhbət əsnasında dedim ki, hər şeyə hazır olsun, geriyə sağ-salamat da qayıda bilərəm, yaralı da, müqəddəs Azərbaycan bayrağına bükülü şəhid kimi də. Beləcə döyüş yolum başladı. Əvvəlcə Ballıqaya və Tərtər rayonu ərazisindəki hərbi hissəyə gətirildik, geyimlə, silah-sursatla təmin olunduq, ardınca Tülkü dərəsi deyilən yerə istiqamət aldıq, Suqovuşan uğrunda ağır döyüşlərə cəlb edildik. Bu, mənim üçün ilk döyüş idi. Orada keçirilən hiss və həyəcanı sözlə ifadə etmək çətindir. Hamı bir amal uğrunda döyüşür, yanındakı silahdaşını canı bahasına olsa da, qoruyur, yaralanarkən döyüş meydanından çıxarır, düşmənə bacardığı qədər ağır zərbə vurmağa çalışırdı. Mülkidə arıq, çəlimsiz görünüşünə görə döyüşçü olacağına şübhə etdiyimiz oğlanlar silaha sarılıb böyük şücaətlər, qəhrəmanlıqlar nümayiş etdirirdi”.

Xalqın Ali Baş Komandanla həmrəyliyi

T.Abbasov ön cəbhədə xidmət edən, qanı və canı bahasına torpaqlarımızı işğaldan azad edən hərbçilərimizin arxa cəbhədəki insanların dəstəyindən ruhlandıqlarını dilə gətirdi. Qeyd etdi ki, tariximizin şanlı səhifəsinə çevrilən 44 günlük müharibədə qələbəni Azərbaycan xalqının birliyi, Ali Baş Komandanla həmrəyliyi qazanıb: “Suqovuşanın azad olunmasından sonra bizi Mingəçevirə, oradan da Ağdam cəbhəsinə apardılar. Hərbi maşın karvanı Bərdədən keçirdi. Dayanmaq qadağan olsa da, yaşayış məntəqəsi və insan sıxlığı olduğuna görə aşağı sürətlə hərəkət edirdik. Yolun hər iki tərəfində düzülən insanlar gücü və imkanları daxilində hərbçilərə nə isə verməyə çalışırdı. Müəllim aldığı maaşla, təqaüdçü təqaüdü ilə, heç bir gəlir yeri olmayan isə borc-xərclə dükan-bazardan ərzaq, su alır, avtomobillərin yük yerində əyləşən hərbçilərə verirdilər. Əslində, buna ehtiyac yox idi və qidalanmada, təchizatda çətinlik yaşamırdıq. Amma mülki əhalinin bu dəstəyi, əzmkarlığı, əsgərinə doğma balası kimi yanaşması bizi daha da ruhlandırırdı. Anlayırdıq ki, bizim qələbə qazanmaqdan başqa yolumuz yoxdur”.  

Əlin qabarı, alın təri və zəhmət hesabına qürurlu yaşamaq

Döyüşlərin birində minaatan mərmisinin zərbə dalğasına düşən T.Abbasovu hərbi hospitala təxliyə etmək, arxa cəbhəyə yollamaq istəsələr də, o, bununla razılaşmayıb. Cəbhə yoldaşlarını səngərdə qoyub getməyi, düşmən qarşısında geri çəkilməyi şəninə sığışdırmayan qazimiz son damla qanı axana qədər düşmənə qarşı vuruşacağını bildirib. Beləliklə də, Vətən müharibəsinin sonuna kimi döyüşüb. Vətənə xidməti təmənnasız etdiyini, kimsədən nə isə ummadığını dilə gətirən T.Abbasov əlinin qabarı, alnının təri, zəhməti hesabına qürurlu yaşamağı ən düzgün yol hesab edir. O, şəhidlərimizə bir ömür boyu borclu olduğumuzu düşünür.

Döyüşlərdə göstərdiyi şücaətinə görə Tural Rövşən oğlu Abbasov “Suqovuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. 

Diaspora