“Özümü qumbaranın üstünə atdım, cəmisi 5 saniyə vaxtım var idi...”- “Qumbara Tərlan”

“Özümü qumbaranın üstünə atdım, cəmisi 5 saniyə vaxtım var idi...”-  “Qumbara Tərlan” backend

“Sentyabr ayının 27-də hərbidən təxris olunmalı idik, müharibə başladı. Döyüş xəbərini eşidəndə sevindik ki, illərdir bu günü gözləyirdik. Torpaqlarımızı geri almağa əlimizə fürsət düşmüşdü. İçimizdəki qisas hissini bu müharibə üzə çıxardı. Goranboydan döyüşlərə başladıq. Oktyabr ayında da Talış dağı istiqamətində düşmənlə döyüşürdük. Aramızda 8-10 metr olardı ya yox. Çox qatı duman şəraiti var idi, sıx meşə idi, düşməni görə bilmirdik. Komandirim, şəhid Mehman Şirvanov deyirdi ki, “biz heç vaxt məğlub olmuruq, ya qalib oluruq, ya qazi oluruq, ya da şəhid. Bunlardan üçün də ən uca zirvədir. Bu minvalla hərəkət etmişik, çox şükür ki, qalib olmuşuq”.

 

Bunu Moderator.az-a açıqlamasında 2-ci Qarabağ müharibəsi qəhrəmanı Tərlan Həsənov deyib. O daha sonra əlavə edib.

 

“Düşmən postuna çatmağımıza təxminən 30-40 metr məsafə qalmışdı. Həmin vaxt düşmən tərəfindən əl qumbarası atıldı. Allah da elə etdi ki, həmin qumbaralar yol boyu bizim yanımıza yox, boşluğa düşürdü. Amma qumbaranın biri gəlib düz yanımıza düşdü. Düşündüm ki, qumbaranın kənarına uzansam bəlkə sağ qalaram, üstünə uzansam isə döyüş tapşırığımız yarımçıq qalmaz, postu alarıq. İstəməzdim ki, döyüş yoldaşlarım xəsarət alsın, onların analarının gözü yaşlı qalsın. Biri var bir evə-yəni mənim evimə şəhid getsin, biri də var bir qumbaraya görə 30 evə şəhid getsin. Düşünmək üçün 5 saniyəm var idi. Özümü əl qumbarasının üstünə atdım. Əl qumbarası partlayanda şoka düşdüm, başqa səs eşitmirdim. Özümdə deyildim, artıq sonrasını xatırlamıram. Döyüş yoldaşlarım daha sonra mənə danışır ki, kapitan Elçin Tağıyev o zaman şəhid olmamışdı, həkimə deyib ki, “onu tez burdan çıxarın”. Həkim gəlib deyib ki, “cənab kapitan, bu şəhid olub, heç olmasa yaralılarımızı çıxaraq”. Cənab kapitan deyib ki, “yox, onu çıxarın, o sizin milli qəhrəmanınızdır, həyatınızı xilas edib”. Həmin vaxt mənim əynimdə zirehli gödəkçə və rabitə paradı var idi. Çünki rabitəçi əsgər idim”, - deyə qazi bildirib.

Diaspora