“İki il öncəyə qayıtmaq çox çətindir. Qarışıq hislər keçirirəm. 27 sentyabr elə gündür ki, hər an hazır vəziyyətdə dayanırsan. Elə zənn edirəm ki, bu dəqiqə yenə zəng gələcək”.
Bu sözləri Oxu.Az-a müsahibəsində Vətən müharibəsi iştirakçısı Sudeyif Abbasov deyib.
Abbasov Sudeyif Vaqif oğlu 1996-cı il noyabrın 26-da Suraxanı rayonunun Əmircan qəsəbəsində anadan olub. Hərbi xidmətə 2015-ci ilin oktyabrında kəşfiyyatçı olaraq başlayıb, aprel döyüşlərində, Lələtəpənin azad olunmasında iştirak edib. 2017-ci ilin aprel ayında hərbi qulluğunu başa çatdırıb.
- Döyüşə yollanmağınızdan danışaq. İkinci Qarabağ müharibəsinə nə zaman qatıldınız?
- Zəng gələcəyini bilirdim. Çünki aprel döyüşlərinin iştirakçısı olmuşam. 2020-ci il sentyabrın 29-da hərbi komissarlıqdan zəng gəldi. Zəng gəlməsəydi, özüm könüllü olaraq müraciət edəcəkdim. Vətənin bu günündə də getmiriksə, onda nəyə lazımıq? Beləcə, həmin gün əvvəlcə Ağcabədiyə getdik, oradan da cəbhəyə yollandıq. Artıq sentyabrın 30-u Füzuli rayonu istiqamətində gedən döyüşlərdə iştirak edirdim.
- Hansı ərazilərin azad olunmasında iştirak etdiniz?
- Füzuli istiqamətindən Şuşaya qədər davam etdik. Füzuli, Cəbrayıl, Qubadlı, Hadrut, Zəngilan, Şuşa uğrunda döyüşlərdə iştirak etdim. Döyüşlə bağlı xatirələrimlə qürur duyuram. Həm sevincli, həm də kədərli günlərdir. Sevincliyəm ki, torpaqlarımızı xain düşmən tapdağından azad etdik. Kədərliyəm ki, birlikdə döyüşdüyümüz yoldaşlarımı itirdim.
- Müharibədən ən yadda qalan hansı anları xatırlayırsınız?
- Müharibənin bitdiyi günü heç vaxt unuda bilmərəm. Gecə idi. Hərəmiz bir istiqamətdə postda dayanmışdıq. Birdən-birə atəşkəs elan olundu. Adətən meyitləri götürmək üçün atəşkəs elan edilirdi. Bu cür atəşkəs 2-3 saatlıq olurdu. Onu da qeyd edim ki, ermənilər meyitlərini götürmək üçün o qədər də canfəşanlıq etmirdilər. Götürməyə qorxurdular. Biz elə bildik ki, bu dəfə də o cür atəşkəs elan olunur. Daha sonra döyüşlərin bərpa olunacağını düşünürdük.
Lakin həmin vaxt bizim generallardan bir çıxıb dedi ki, təbrik edirəm, döyüş əməliyyatları uğurla həyata keçirildi, torpaqlarımız azad olundu, müharibə bitdi. Həmin andakı sevincimizi sözlə ifadə edə bilmirəm. O duyğunu, hissi yaşamaq tamam başqa bir şeydir. O gecə səhərə kimi yatmayıb, sevincdən ağlamışıq. Eyni zamanda, şəhid qardaşlarımıza görə kədərlənirdik. Təsəllimiz o idi ki, şəhidlərimizin qanı yerdə qalmadı.
- Ailənizlə görüşmədən cəbhəyə yollanmısınız. Ölüm-dirim savaşında idiniz. Hər şey ola bilərdi. O anlarda ağlınıza kimlər gəlirdi?
- Ailəmlə görüşsəydim, pis olacaqdım. Ən yaxşısı bu idi. Ümumiyyətlə, döyüşə gedirsənsə, hər şeyi unutmalısan...
Ailəmlə tez-tez əlaqə saxlaya bilmirdim. Bir dəfə həftələrlə danışmadım. Mənim şəhid olduğumu zənn edib, adımı siyahıda axtarıblar.
Bəzən ailəm ağlıma gəlirdi. Şəhid olsam, o xəbəri necə qarşılayacaqları məni düşündürürdü. Mənim ölümümə dözə bilməyəcəklərini bilirdim. O uca məqama çatmaq istəyirdim. Lakin qismət olmadı. 140 nəfərlik şəxsi heyətdən 20 nəfər sağ qaldıq. 10 metrliyimdə döyüş yoldaşım şəhid olub, mən sağ qalmışam. Görünür qismət belə imiş.
- Doğum gününüzü Şuşada qeyd etdiyinizi dediniz. Həmin gün hansı hisləri keçirdiniz?
- Doğum günümü hər kəsdən gizlədirdim. Lakin komandirimiz hər kəsdən məlumatlı idi. Doğum günümü qeyd etdilər. O ad günü mənim xatirimdə həyatım boyu unutmayacağım bir iz qoydu. Çünki mən həmin ad günümü Şuşada keçirdim.
Heç vaxt ağlıma gəlməzdi ki, 30 illik işğalda qalan torpaqların azad olunmasında iştirak edəcəm, ad günümü də Şuşada keçirəcəm. Bu da Allahın qismətidir.
İndi məndən böyüklər bəzən zarafatla deyirlər ki, biz sənə paxıllıq edirik. Səbəbini soruşanda, cavab verirlər ki, biz döyüşlərdə iştirak edə bilmədik, amma sənə qismət oldu. Ən böyük arzum azad etdiyimiz torpaqları yenidən görməkdir.
- Bu gün müharibənin başlanmasının ikinci ildönümüdür. Hansı hisləri keçirirsiniz?
- Qarışıq hislərdir. Bu gün Şəhidlər xiyabanında şəhidlərimiz dəfn olunur. Çox ağır mənzərədir. İki ili yada salmaq çox çətindir. 27 sentyabr elə gündür ki, bu gün də zəng gələcəyini gözləyirsən. Hazır vəziyyətdə oluram, elə zənn edirəm ki, bu dəqiqə yenə zəng gələcək.
- Son baş verən təxribatlardan xəbərdarsınız. Sizcə, yenidən iki il öncəyə qayıdacağıqmı?
- İki il öncəyə qayıdacağımızı düşünmürəm. Əvvəlki kimi ola bilməz. Düşmən təxribat törətdi, layiqli cavabı aldı. Hər an döyüşə getməyə hazırıq. Son baş verənləri gördük. Cəbhə yoldaşlarımızla bir araya gəldik. Yenidən cəbhəyə yollanmağa hazırıq.
- Səngərdə olan əsgərlərimizə nə demək istərdiniz?
- Səngərdə olan əsgərlərə demək istəyirəm ki, möhkəm olsunlar. Daim onların yanındayıq. Lazım olduğu anda silaha sarılıb, yanınızda olacağıq. Əlimizdən gələni edəcəyik. Əmr gözləyirik. Hər birimiz hazır vəziyyətdə gözləyirik. Allah əsgərlərimizi qorusun.
Qeyd edək ki, Vətən müharibəsi veteranı Sudeyif Abbasov göstərdiyi şücaətə görə beş medalla təltif olunub.