"Mən mayor Asim İbişovun adını çəkməyi özünə borc bilirəm. Məhz onun savadı və şücaəti sayəsində biz öz bölmələrimizlə rahat şəkildə mina sahəsini keçdik. Sonra hücum tempini azaltmadan düşmənin üzərinə getdik".
Bunu "Report"a açıqlamasında Azərbaycan Ordusunun mayoru, İkinci Qarabağ müharibəsi iştirakçısı Elmar Hüseynov deyib.
"Vətən müharibəsində döyüş təyinatlarına yollandıq, düşmənin dərinliklərinə irəliləyərək birbaşa təmas xəttini aşıb Ermənistan silahlı qüvvələrinə qarşı əks-hücum əməliyyatına başladıq. Düşmənin 30 ildən bəri qurduğu mühəndis istehkam zolağını yararaq onları məhv etdik", - o vurğulayıb.
Zabit bildirib ki, ilk olaraq döyüşlərə Füzuli rayonunun Alxanlı kəndi istiqamətindən başlayıb:
"Döyüşlər zamanı bölmə rəisi idim. Qoşunlarımızın mühəndis xidmətinin peşəkarlığı sayəsində düşmənin çox güclü istehkam zolağını yara bildik. Heç kimə sirr deyil ki, Ermənistan işğal etdiyi torpaqlarımızda güclü istehkam, müdafiə zolağı qurmuşdu. Oranı keçmək isə böyük məharət və qəhrəmanlıq tələb edirdi. Ərazidə piayada və tank əleyhinə minaları qarışıq şəkildə basdırılmışdı".
Cəbrayıl və Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə də iştirak edən E.Hüseynov söyləyib ki, burada ermənilərin iki sədd və gücləndirilmiş mövqelərini məhv ediblər:
"Artıq geri çəkilən düşmənin döyüş əzmi demək olar ki, qırılmışdı. Amma onlar kiçik qruplar yaradaraq hücumumuzun qarşısını almağa cəhd edirdi. Düşmənin dislokasiya məntəqələri Cəbrayılda yerləşirdi. Oradan əks-hücum əməliyyatları keçirməyə cəhd edirdilər. Lakin bizim ordumuz müasir döyüş texnikaları və müasir silahlarla təchiz olunduğuna görə ermənilər qarşımızda dayana bilmədi. Ermənistan ordusu 30 ilə yaxın idi ki, müdafiə mövqeyində dayanmışdı. Torpaqlarımızda düşmənin gücləndirilmiş fortifikasiya qurğuları, ucu-bucağı bilinməyən basdırılmış mina sahələri var idi. Bundan əlavə, onların dərinliklərində bir neçə səddən ibarət müdafiə mövqeləri mövcud idi. Hərbi strategiya nöqteyi nəzərdən bu,düşmən üçün əlverişli şərait demək idi. Çünki yaxşı bilirsiniz ki, hücum edən tərəfin müdafiə olunan tərəfə nisbətən itkisi birə üç nisbətində olur. Buna görə də biz daha çox itki verməli idik. Amma sırf Azərbaycan Ordusunun döyüş qabiliyyətinin yüksək olması və əsgərlərimizin Vətən eşqi ilə alışıb yanması düşmənin geri çəkilməsinə səbəb oldu".
Onun sözlərinə görə, 44 günlük Vətən müharibəsində bir çox döyüş yoldaşlarını itirib:
"Biz hazırda gənc əsgərlərimizə şəhid yoldaşlarımızın qəhrəmanlıqlarından söhbət açıb onlardan nümunə götürmələrini tövsiyə edirik. Şəhid yoldaşlarım - mayor Rəhim Hüseynov, kapitan Samit Əsgərov, baş leytenant Daşdəmir Paşayevi xatırlayanda həm fərəhlənirəm, həm də kədərlənirəm. Onlar elə bir zabit olublar ki, həmin şəxslərə şəhidlikdən başqa ölüm yaraşmırdı. Füzuli istiqamətində "İlan dağ" deyilən ərazidə bizim tabor komandiri vəzifəsində xidmət etmiş Asif Azayev düşmənin dərinliklərinə doğru irəlilədi. O, ermənilərin kəsici mövqelərində yerləşən kiçik qrupların təxribatı nəticəsində şəhid oldu. Asif Azayevin şəhidliyi tabeliyində olan şəxsi heyətə çox pis təsir etdi, amma biz sınmadıq, əksinə onun getdiyi yolu başa çatdıra bildik. Mənim həmişə bir arzum olub ki, 20 faiz işğal altında olan torpaqlarımızın azad edilməsində əməyim keçsin. Şükürlər olsun ki, bu gün mən qalib ölkənin qalib zabiti olaraq, istər ölkə hüdudlarından kənarda, istərsə də beynəlxalq təlimlərdə qürurla, başı uca gəzirəm".
Qeyd edək ki, E.Hüseynov Ali Baş Komandan, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Füzulinin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.