"Mən ona hər zaman sadiq qalacam" - Şəhid Hüseyn Nəcəfzadənin nişanlısı

"Mən ona hər zaman sadiq qalacam" - Şəhid Hüseyn Nəcəfzadənin nişanlısı backend

12-13 sentyabr Azərbaycan-Ermənistan sərhədində baş vermiş təxribat zamanı şəhid olan qəhrəman oğullardan biri də şəhid Nəcəfzadə Hüseyndir.

Abşeron rayonu, Saray qəsəbəsində anadan olan qəhrəman sentyabrın 17-də doğulduğu torpaqda dəfn edilib.

Şəhidimizin anası Könül Nəcəfzadə Moderator.az-a açıqlamasında bildirib ki, övladı toya hazırlaşırmış. 

“Oğlumu dəfn edəndə xonçalar bəzəmişdim. Arzumuz var idi, bu xonçaları toyunda əllərimizdə olacaqdı. Təəssüflər olsun ki, bu bizə qismət olmadı. Oktyabr ayının 11-də toyu olacaqdı. Hər kəs, el-aləm Hüseynimin toyuna hazırlaşırdı, tabutu gəldi. Şəhid olmazdan bizimlə, nişanlısı ilə elə toy haqqında danışırdı. Oğlum Kəlbəcərdə şəhid oldu. Oktyabrın 11-də atası restoran danışmışdı. Qız evinə danışığa getmişdik, hər şeyi həll etmişdik. Təlimat üçün aşağı düşmüşdü, evə zəng edib danışırdı. Yarım saat sonra onun şəhid xəbəri gəldi. Hər şey yarımçıq qaldı. Xınası çəkilməyən, arzuları nakam qalmış balam” deyə anası bildirib.

 

Şəhid anası daha sonra Hüseynin 44 günlük müharibədə göstərdiyi igidlikdən də danışıb.

“Gəlinim oğluma yaraşırdı, oğlum da gəlinimə. Dünyanın xoşbəxti biz idik. 44 günlük müharibədə Hüseyn qəhrəmanlıq göstərdi, igidcəsinə vuruşdu. “Suqovuşanın azad olunmasına görə”, “Cəsur döyüşçü”, “Vətən uğrunda”medalları ilə təltif edildi. Müharibədən sonra Fərrux dağının alınmasında da qəhrəmanlıq göstərdi. Fəxr edirəm ki, Hüseyn şəhid olub, qəhrəman anayam. Hərb sahəsinə uşaqlıq illərindən həvəs göstərirdi, çünki atası da 1-ci Qarabağ müharibəsinin iştirakçısı olub. Şuşada, Ağdamda, Ağdərə istiqamətində vuruşub. Əmisinin adını daşıyırdı, o da hərbçi olub. Heydər Əliyev adına Ali Hərbi Məktəbi bitirib, vətənə xidmətə başlayır. Qüsursuz xidmətlərinə görə bir çox təltiflərlə mükafatlandırılıb, baş leytenat rütbəsini almışdı” deyə şəhidimizin anası bildirib.

 

Şəhidimizin atası Abbasqulu Nəcəfov bildirib ki, övladı ilə fəxr edir.

“Hüseyn mənim canım idi, hər şeyim idi. Hərbçi idi, 2 gün evə gəlirdi, dincəlmirdi. İnanın ki, içimdə bir narahatlıq var idi. Restoran gedib danışırdım, bir əlim gedirdi, bir əlim yox. Çox çətindir, dözmək olmur. Amma şəhid olduğu üçün fəxr edirəm. O mənim başımı uca etdi. Dövlətimiz şəhidləri hər zaman uca tutub, buna görə prezidentə təşəkkür edirəm. Oğlum şəhid olan gündən mən bütün şəhidlərin atasıyam, bütün şəhidlər mənim oğlumdur, tək Hüseyn yox” deyə o bildirib.

 

Şəhidimizin nişanlısı Atlas Nəcəfzadə Moderator.az-a açıqlamasında bildirib ki, hər zaman Hüseynə sadiq qalacaq.

“11 rəqəmini çox sevirdi, deyirdi ki, “11 bizim ən uğurlu rəqəmimizdir”. Çünki hər ikimizin də doğum günü 11 təqvim günündə idi. Mənim ad günümdə nigahımız olmuşdu. Şəhid olmağı ürəyinə danmışdı. Dedi ki, “mənə bir şey olsa, nə olar, pis olma, vətən sağ olsun”. Deyirdi ki, “bu dünyada bir şeydən nakam gedərəm ki, evlənənədən sonra şəhid olum”. Mən ona hər zaman sadiq qalacam, onu bütün dünyaya tanıdacam, hamı bizi tanıyacaq. Bizim sevgimiz əbədidir, dönməzdir. Sevinirəm ki, nə vaxtsa qovuşacağıq” deyə o bildirib.

Diaspora