“Qızının 1 yaşı noyabrda olacaqdı, şəhid olan günü isə oğlu olacağını bildik...” - FOTO

“Qızının 1 yaşı noyabrda olacaqdı, şəhid olan günü isə oğlu olacağını bildik...” - FOTO backend

“Atası da Vadimin yanına getdi. Evə xəbər gəldi ki, oğlun yaralanıb. Dedim ki, “get balanı salamat evə gətir”. Gəncəyə onun yanına getdi. Balamın tabutu şəhid oğlunun tabutu ilə birlikdə evə gəldi. Evimə iki tabut girdi! İki tabut qucaqladım! Bilmədim oğluma ağlayım yoxsa nəvəmə?! Allah heç kimi bu cür sınaq qarşısında aciz qoymasın! Vətən sağ olsun! Şəhidlər ölmür, onlar hər zaman yaşayacaq”

Bunu Moderator.az-a şəhid Vadim Qocayevin nənəsi Həmail Qocayeva deyib. O daha sonra Vadimin dekabr ayında ikinci övladının dünyaya gələcəyini bildirib.

“Bir yaşlı qızı qaldı. Qızının 1 yaşı noyabrda tamam olacaqdı. Nə yaşı var idi ki, Vadimin?! 25 yaş nədir ki?! Dekabr ayında da oğlu dünyaya gələcəkdi. Yoldaşı ona sürpriz edəcəkdi, oğul xəbərini! İndiyə qədər elə bilirdi ki, ikinci övladı da qızdır, amma şəhid olan günü bildilər ki, oğlan gözləyirlər. Bu xəbəri bilmədən Vadim şəhid oldu. Çox heyf ki, Vadim bu günləri görmədi. O qədər yandırıb tökür məni. Anası ilk günündən istəmirdi ki, oğlu hərbçi olsun. Elə o bu yolu seçən gündən çox nigaran idi. Vadim çox vətənpərvər oğul idi. Sonuncu dəfə danışdı, ailəsinə fotolar yolladı. Özlərinə bir sığınacaq hazırlamışdılar. Soruşurduq ki, a bala, orada yemək, içməyiniz varmı? Deyirdi ki, hər şey var! 3 həftə idi ki, Kəlbəcərdə idi. Çox istiqanlı, qayğıkeş, səmimi bir bala idi. Özünə ev almışdı, heç evində də otura bilmədi. Bütün günü işdə-gücdə olurdu” deyə o bildirib.

 

Nənəsi Vadimin digər qardaşlarının da hərbi xidmətdə olduğunu bildirib.

“Ortancıl qardaşı sərhədçidir, kiçik qardaşı da hərbi xidmətdədir. Bu ailə ümumilikdə hərbçi ailəsi idi. Vadim iştirak etdiyi döyüşlərdə dəfələrlə yaralansa da ordu sıralarına yenidən qayıdıb. Uzun illər Xüsusi Təyinatlı Qüvvələrdə xidmət etmişdi. Vadim həm Aprel, həm də 44 günlük Vətən müharibəsi iştirakçısı idi. Yaralandı, gedib hospitalda yaralarını yüngül yazdırıb, yenidən cəbhəyə qayıtdı. Dedi ki, mənim dostlarım orada qalıb, mən necə xəstəxanada qala bilərəm? Bax belə oğul idi” - deyə nənəsi bildirib.

Diaspora