Şəhid və qazi övladları Şuşa təəssüratlarını bölüşüblər - FOTO

Şəhid və qazi övladları Şuşa təəssüratlarını bölüşüblər -  FOTO backend

Qarabağın incisi Şuşa şəhərində üç gün davam edən, ölkənin bütün regionlarını əhatə etməklə 80 nəfər gəncin iştirak etdiyi “Xarıbülbül” şəhid və qazi övladlarının yay düşərgəsinin iştirakçıları öz təəssüratlarını bölüşüblər. 

Gənclər ilk dəfə şəhidlərimizin qanı və canı bahasına işğaldan azad olunan torpaqlara, Şuşaya ayaq basdıqlarına görə böyük qürur hissi keçirdiklərini bildiriblər. Hər biri sanki bu torpaqları atasının müqəddəs ruhu ilə birlikdə gəzdiklərini və Qarabağın tacı olan Şuşanın gözəlliklərinə şahid olduqca qəhrəman ataları ilə fəxr duyduqlarını ifadə ediblər. Gənclər bu il düşərgənin məhz Şuşada keçirilməsini böyük sevinclə qarşıladıqlarını, bu kimi düşərgələrdə tanış olduqları digər şəhid və qazi övladları ilə eyni taleyi paylaşdıqları üçün daha sıx dostluq əlaqələrinin yarandığını, asudə vaxtlarını daha maraqlı keçirdiklərini vurğulayıblar.

Qeyd edək ki, düşərgə müddətində gənclər üçün Şuşanın azad olunmasında qəhrəmanlıq göstərmiş Vətən müharibəsi qazilərinin iştirakı ilə görüşlər, şəxsi inkişafyönümlü təlim və seminarlar, intellektual oyunlar, müxtəlif özfəaliyyətlər, musiqi məclisləri, idman oyunları və panel müzakirələr keçirilmişdir. Həmçinin hər qarışı əsrarəngiz abidə olan bu qədim Azərbaycan şəhərinin gözəlliklərini, tarixi abidələrini gənclərə yaxından tanıtmaq məqsədilə Şuşanın tarixi məkanlarına ekskursiyalar təşkil olunmuş, işğal dövründə şəhərin tarixi-mədəni irsinə qarşı erməni vandalizmi və işğaldan azad olunduqdan sonra şəhərdə aparılan bərpa-quruculuq işləri haqqında düşərgə iştirakçılarına ətraflı məlumat verilib.

Düşərgə Azərbaycan Respublikası Gənclər Fondunun dəstəyi, “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı hər il ənənəvi olaraq təşkil olunur.

 

Diaspora