Kürdəmirin Qarasu kəndində Vətən Müharibəsi şəhidi Elnur Abışovun adını daşıyan bulağın açılışı olub.
"Report"un Yuxarı Şirvan bürosu xəbər verir ki, açılış mərasimində rayon ictimaiyyətinin eləcə də idarə, təşkilat, müəssisə rəhbərləri və şəhid ailələri iştirak ediblər.
Mərasim iştirakçıları əvvəlcə şəhidin məzarını ziyarət edərək ruhuna dualar oxuyublar.
Açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər şəhid Elnur Abışovun keçdiyi ömür yolu, bu şərəfli yolda göstərdiyi igidlik və qəhrəmanlıqlarından danışıblar. Şəhidin atası Şaiq Abışov göstərilən diqqət və qayğıya görə Ali Baş Komandan, Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür edib.
Tədbirdə məktəblilərin ifasında şeirlər və müxtəlif kompozisiyalar ifa olunub.
Qeyd edək ki, şəhid Elnur Şaiq oğlu Abışov 1997-ci ildə Kürdəmirin Qarasu kəndində doğulub. Vətən müharibəsi zamanı Elnur qardaşı ilə birlikdə ön cəbhəyə atılıb. E.Abışov cəbhənin Talışkənd və Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak edib. Düşmənin xeyli sayda canlı qüvvəsinin və texnikasının məhv olunmasında əvəzsiz xidmətlər göstərib. Onun son döyüşü Suqovuşan istiqamətində olur. Elnur oktyabr ayının 7-də düşmənlə döyüşdə qəhrəmancasına həlak olub.
Onun nəşi Kürdəmirə gətirilib və Qarasu kənd qəbiristanlığında torpağa tapşırılıb.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə "Vətən uğrunda", "Laçının azad olunmasına görə”, "Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.
Allah rəhmət eləsin!