"Vardanyanın “Artsax eşqinə” düşməsi Kremlin siyasətidir..."

"Vardanyanın “Artsax eşqinə” düşməsi Kremlin siyasətidir..." backend

Brüssel formatında sayca dördüncü görüşün dörd saat davam etməsi bir daha sübut edir ki, diplomatiya masasında Azərbaycan və Ermənistan arasında hər hansı bir razılaşma asanlıqla əldə edilmir, hətta belə bir təəssürat yaranır ki, bu dəfə Ermənistanın mövqeyi nəinki son görüşü, bütövlükdə Brüssel prosesini pozmağa yönəlib.

Alınan ilk məlumatlardan bəlli olur ki, müzakirənin əsas predmeti olan sülh müqaviləsinin layihə mətnlərinin hazırlanması üçün xarici işlər nazirlərinə bir ay müddətində görüşmək tapşırığının verilməsi, ermənilər tərəfindən narazılıqla qarşılanıb. Ermənistan nümayəndə heyətini “bir aylıq müddət” və Qarabağ məsələsinin müzakirəyə çıxarılmaması narzı salıb. Ermənistan baş nazirinin “Azərbaycanın tərkibində Dağlıq Qarabağın statusunu” müzakirə etməyə bir xeyli cəhd etdiyi barədə də məlumatlar daxil olur. Şarl Mişelin rəsmi açıqlamasında iki dövlət arasında “münasibətləri nizamlayan sülh müqaviləsinin irəliləməsi istiqamətində substantiv işin sürətləndirilməsi ilə bağlı və bir ay müddətində layihə mətnlərin hazırlanması  tapşırığının verildiyi” qeyd olunur. Burada “işin sürətləndirilməsi” və “bir ay müddəti” sözlərinə xüsusi diqqət yetirmək lazımdır. Bu ilin aprelində Brüsseldə keçirilən ikinci görüşdə də delimitasiya üzrə ikitərəfli komissiyanın aprelin sonunadək yaradılması şərt kimi irəli sürülmüşdü, çünki komissiyanın yaranması hələ 26 noyabr Soçi görüşündə razılaşdırılsa da, ermənilər və təbii ki, həm də Rusiya süni şəkildə zamanı uzadır və komissiyanı yaratmırdı, baxmayarq ki, Azərbaycan tərəfi komissiyanın tərkibini də elan etmişdi. Məhz Brüssel görüşündə konkret vaxt qoyulduqdan sonra mayın ortalarında ikitərəfli komissiya yarandı və ilk görüşü də mayın sonunda Moskvada keçirildi. Yeri gəmişkən, ikinci görüş də Brüssel görüşü ərəfəsində Moskvada keçirildi və birinci görüşdə olduğu kimi bu dəfə də konkret olaraq hansı razılaşma olduğu açıqlanmır. Görünür, heç bir razılaşma olmayıb. Brüssel görüşü ərəfəsində RF XİN sözçüsü Mariya Zaxarovanın Avropa İttifaqının vasitəçiliyini “geosiyasi ambisiya”, və “pevdo təşəbbüs” kimi dəyərləndirməsi Moskvanın Brüssel formatına narazılığını yox qəzəbini ifadə edirdi. Kreml noyabrda keçirilməsi nəzərdə tutulan növbəti Brüssel görüşlərinə mane olmaq məqsədilə həm Qarabağda, həm də Ermənistanda gərgin vəziyyət yaratmağa və gərginlik prosesi “uğurla” davam edərsə, hakimiyyət dəyişikliyinə çalışır. Rusiya milyarderi Ruben Vardanyanın Rusiya vətəndaşlığından imtina edib Qarabağa gəldiyini elan etməsi və “Artsaxın inkişafı və təhlükəsizliyi fondu” yaratmaq niyyətində olduğu məsələnin görünən tərəfidir. Əsl məqsəd  Paşinyan hakimiyyətinə son verib birmənalı olaraq Rusiyanın mövqeyində dayanan yeni fiqur- milyarder  Ruben Vardanyanı hakimiyyət olimpinə yüksəltməkdir. Əslən Qarabağ ermənisi olmayan, İrəvanda anadan olan Vardanyanın “Artsax eşqinə” düşməsi Kremlin siyasətidir. Vardanyanın məqsədi  fond yaratmaq olsaydı, bunu RF vətəndaşlığından imtina etmədən də həyata keçirə bilərdi. Sadəcə, Ermənistan baş naziri olmaq üçün Ermənistan vətəndaşı olmaq lazımdır.  

 

Bu gündən İrəvanda yenidən etiraz mitinqlərinə start verilib və qondarma separatçı rejimin “müstəqillik günü” münasibətilə Ermənistan müxalifəti apreldən başlayıb uğursuzluqla nəticələnən küçə etirazlarına yenidən start verib. Müxtəlif siyasi partiyalar Ermənistanın müstəqillik gününə -21 sentyabra kimi Paşinyan hakimiyyətinə son verməyə çağırışlar edib. Brüssel danışıqlarını, Laçının, Zabux və Sus kəndlərinin azad edilməsini də bəhanə gətirib mövcud iqtidarı devirmək cəhdi həm müxalifətin , həm də onu idarə edən Kremlin yürütdüyü siyasətdir. Moskvanın Koçaryan, Sarkisyan cütlüyündən əlini üzəndən sonra yaşadığı lider böhranını Ruben Vardanyanın simasında əvəzləmək planına məhz Brüssel görüşündən həmən sonra başlamasının konturları açıq görünür. Azərbaycan üçün qarşı tərəfin liderlərinin dəyişməsi, ümumiyyətlə şəxsin kim olmasının xüsusi önəmi yoxdur. Biz ərazi bütövlüyümüzü heç kimə güzəşt etmirik. 

 

Paşinyanın Brüsseldə bir söz, İrəvanda başqa söz danışmasına, ritorikasının fərqli olmasına adət etmişik. Bu gün də separatçılara göndərdiyi “təbrik məktubu”nda da Şarl Mişellə razılaşdırdqlarının tam əksini söyləyib. Paşinyan daxili və Rusiyadan gələn xarici təzyiqləri səngitmək üçün fərqli mövqe nümayiş etdirib. 

 

O vurğulayıb ki, “Dağlıq Qarabağ problemi”nin mahiyyəti Dağlıq Qarabağ ermənilərinin “ hüquqlarının qorunacağı təhlükəsiz şəraitdə yaşamağını” təmin etməkdir. Paşinyan Azərbaycanın Dağlıq Qarabağın ərazi vahidi kimi mövcud olmadığı və Dağlıq Qarabağ probleminin həll olunduğu barədə bəyanatlarını yersiz hesab edir. Paşinyanın fikrincə, “Artsax ermənilərinin təhlükəsizliyi və hüquqları təmin olunmayana və Dağlıq Qarabağın statusu müəyyən olunmayana qədər problem həll olunmuş hesab edilə bilməz”. O ATƏT-in Minsk Qrupunun həmsədrliyini də unutmayıb və bildirib ki, bu qurumun beynəlxalq ictimaiyyət tərəfindən təsdiqlənmiş mandatı var və heç kim onu ləğv etməyib. Ermənistanın baş naziri bu dəfə Azərbaycanı beynəlxalq ictimaiyyət üçün həssas olan etnik təmizləmə məsələsində də dolayısı ilə ittiham edib. O, bildirib ki, “..beynəlxalq ictimaiyyət Dağlıq Qarabağda etnik təmizləmə siyasətinin qarşısının alınması üçün səy göstərməyə borcludur”.

 

Bütün qeyd olunanlar onu göstərir ki, Rusiya və Ermənistan Qarabağa münaqişəsində son nöqtənin qoyulmasının, iki ölkə arasında sülh müqaviləsini imzalamasının əleyhinə birgə siyasət yürüdürlər. Azərbaycan Avropa İttifaqı, Türkiyə ilə birlikdə süni zaman uzadılmasının qarşısını almaq üçün diplomatik səylərini artırmalı, əks mövqe ortaya qoymalı, 10 noyabr 2020 bəyanatında göstərilən müddəaların-erməni silahlı qüvvələrin Azərbaycan ərazisindən çıxarılmasını və keçmiş Dağlıq Qarabağda yaşayan azərbaycanlı qaçqınların geri qaytarılmasını həll etməlidir. Əks halda, delimitasiya və demarkasiya işləri, yekun sülh sazişi illərlə zaman alacaq, bu isə Azərbaycanın maraqlarına əksdir və təhlükə yaradır.

 

İlham İsmayıl

moderator.az

Diaspora