Sülhməramlıların rəhbərinin yeni yola “status” vədi

Sülhməramlıların rəhbərinin yeni yola “status” vədi backend

General Aleksandr Volkovun səlahiyyətlərindən kənar məsələlərlə bağlı dedikləri ermənilərin  narazılığını azaltmaq məqsədi güdür;  deputat: “Bu yol Zəngəzurdakı kimi dəhliz statusunda ola bilməz”

Avqustun 23-də Xankəndindəki qondarma 5 “parlament fraksiyasının” rəhbəri general Aleksandr Volkovla görüşüblər. Bu son ay ərzində sülhməramlıların Qarabağ separatçıları ilə ikinci görüşüdür. Aydındır ki, ermənilərin əsas narahatlığı yeni yolun açılması ilə bağlıdır.

Erməni mediası yazır ki, görüşdə Rusiya sülhməramlı kontingentinin məsul şəxsləri “xüsusilə, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata istinad edərək”, yeni marşrutun dəhlizlə eyni hüquqi statusa malik olacağını, 5 kilometrlik təhlükəsizlik zonasından başlayaraq bütün təhlükəsizlik komponentlərinin, Rusiya sülhməramlı qüvvələrinin nəzarət-buraxılış məntəqələrinin saxlanacağını bildiriblər. “Rusiya sülhməramlı kontingentinin komandanlığının nümayəndələri avqust hadisələri ilə bağlı lazımi nəticələr çıxardıqlarını qeyd edərək, gələcəkdə bu cür pozuntuların qarşısının alınması üçün əlavə səylər göstərəcəklərinə və yerli əhalinin təhlükəsizliyini lazımi səviyyədə təmin edəcəklərinə əmin ediblər”, deyə xəbərdə bildirilir. Maraqlıdır ki, elə həmin gün bir neçə yüz  Xankəndi sakini küçələrə çıxaraq 100 metrlik Rusiya bayrağı ilə yürüş keçirib. Erməni KİV-lərinin yazdığına görə, “aksiya şəhər sakinləri tərəfindən təşkil olunub” və son müharibədən sonra Xankəndində keçirilən ən böyük rusiyapərəst mitinqdir. Qeyd edək ki, Rusiya bayrağı ilə keçirilən aksiya Ermənistanda Rusiya sülhməramlılarına qarşı etirazların artması fonunda baş tutub. Ötən il ermənilər Rusiya bayraqları ilə Xankəndidə aksiya keçirmiş, həmçinin Ukraynadakı separatçı qurumlara “yardım” göndərməklə Kremlin gözünə girməyə çalışmışdılar. Ancaq Azərbaycan ordusunun “Qisas əməliyyatı” keçirməsindən sonra Rusiyaya qarşı etiraz aksiyaları genişlənmişdi. Hətta İrəvanda baş verən partlayışdan sonra ermənilər hadisədə “rus izi” axtarmağa başlamışdılar, bu isə Moskvanın İrəvana nota verməsi ilə yekunlaşmışdı. Daha sonra Xankəndində hətta Rusiya əleyhinə mitinqlər keçirilib, iştirakçılar rus sülhməramlılarını öz tapşırıqlarını yerinə yetirməməkdə ittiham ediblər. Oxşar aksiyalar İrəvanda da Fransa sülhməramlılarının Qarabağa göndərilməsi tələbi ilə keçirilib. Avqustun 21-də də Xankəndində növbəti mitinq keçirilib və orada Rusiya sülhməramlıları tənqid olunub. Onu yerli partiyalardan birinin lideri Artur Osipyan təşkil edib. Yüzlərlə tərəfdarı qarşısında çıxış edən Osipyan deyib ki, “sülhməramlıların hərəkətləri Rusiyanın maraqlarına ziddir”. Elə bu yazını yazarkən, 25 avqustda İrəvanın “Azadlıq” meydanında antirusiya aksiyası keçirənlərin bir qrupunun saxlandığı barədə xəbər yayıldı.

Bütün bunları nəzərə alsaq, Xankəndində  rusiyapərəst aksiyanın arxasında sadə sakinlərin dayanması inandırıcı görünmür. Ermənilər adətən şantaj yolu ilə nələrsə əldə etməyə üstünlük verirlər və çox güman ki, bu da eyni oyunun tərkib hissəsidir. Bunlar məsələnin bir tərəfi və Azərbaycana o qədər də aidiyyəti yoxdur. Sadəcə, rus sülhməramlılarının Laçında inşa olunan yeni yolun “statusu” ilə bağlı Qarabağ separatçılarına vəd verməsi anormallıqdır.

Təbii ki, Azərbaycanın çəkdiyi yeni yolun statusu ölkəmiz üçün mühüm məsələdir. 10 noyabr sənədində yeni yolla bağlı (6-cı bənd) yazılır: “Tərəflərin razılığı əsasında növbəti üç il ərzində Dağlıq Qarabağla Ermənistan arasında əlaqəni təmin edən Laçın dəhlizi üzrə yeni hərəkət marşrutunun inşası planı müəyyən ediləcək və bununla da həmin marşrutun mühafizəsi üçün Rusiya sülhməramlı kontingentinin gələcək yerdəyişməsi nəzərdə tutulur”. Yeni yolda ermənilərin təhlükəsizliyinə təminat, əlbəttə ki, verilir, amma bu marşrutun taleyi, sonrakı statusu, Azərbaycanın sərhəddə nəzarət-buraxılış (gömrük) məntəqələri qurub-qurmayacağı Zəngəzur dəhlizi ilə birbaşa bağlı olacaq. O səbəbdən, erməni mənbələrinin yazdığına inansaq, general Volkovun 10 noyabr sənədinə istinad edərək yeni yolun statusunu müəyyənləşdirmək səlahiyyəti yoxdur.

Məlumdur ki, Rusiya sülhməramlıları 24 avqustdan etibarən Laçın dəhlizindəki postları sökməyə başlayıblar. Postlar Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, Qarabağla Ermənistan arasında əlaqəni təmin edən yeni hərəkət marşrutunda quraşdırılacaq. Həm ermənilərin qəfil Rusiya ilə bağlı mövqelərini dəyişib, 100 metrlik bayraqla meydana çıxması hansı məna kəsb edir? Həmçinin Volkovun yeni yola Laçın “koridor”u kimi status vədi erməniləri həvəsləndirib, bəs,  bu məsələ necə həll olunacaq?

Sahib Alıyev: Azərbaycan Prezidenti Türk Şurasını bütün dünya üçün örnək  sayıla biləcək əməkdaşlıq modeli kimi təqdim etdi - AZƏRTAC – Azərbaycan  Dövlət İnformasiya Agentliyi

Sahib Alıyev

Deputat Sahib Alıyev “Yeni Müsavat”a bildirdi ki, Qarabağdakı separatçı ünsürlər ötən əsrin 90-cı illərindən üzü bəri Ermənistandan çox, Rusiyadakı bəlli çevrələrin təsiri altında olub, onlardan aldıqları əmri yerinə yetiriblər: “Yəni indi Xankəndində bir dəstə hayın 100 metrlik Rusiya bayrağı ilə yürüşə çıxmalarında təəccüblü heç nə yoxdur. Amma məncə, bu yürüşdə məqsəd Rusiyanı dəstəkləmək yox, İrəvanda yayılan vərəqələrdə olduğu kimi, onu gözdən salmaqdır. Volkovla tabeçiliyindəkilər belə bir yürüşün təşkilinə heç də sevinməməlidirlər. Fikir verdinizsə, eyni gündə Nikol Paşinyan Vladimir Putinə zəng etdi. Bu dəfə də danışıqların əsas predmeti Qarabağın Rusiya hərbi kontingentinin müvəqqəti kontrolunda olan hissəsində yaşayanların və onları orda qoruyanların gələcəyi olub. Əgər son günlər Paşinyan bu məsələlərlə bağlı Putinə zəng edirsə, konkret açıqlama verilməsə də, burada Rusiya hərbi kontingentinin işindən narazılıq və Qarabağdakı hayların gələcəyi ilə bağlı narahatlıq ifadə edildiyi kimsəyə sirr deyil. Və məncə, bu zənglər heç də qaldırılan məsələlərdə Ermənistanın istəyinə uyğun hansısa bir addımın atılması məqsədilə edilmir”. S.Alıyev Ermənistan rəhbərliyinin real situasiyadan xəbərdar olduğuna şübhə etmir: “Paşinyan o dərəcədə əbləh deyil ki, hazırkı geosiyasi reallığı görməsin və bilməsin ki, Rusiyanın hərbi kontingentinin Qarabağda onların arzuladıqları sayaq davranması mümkünsüzdür. Buna onların nə mandatı, nə də reallığı yaxşı bildiklərindən həvəsləri var. Yəni ardıcıl edilən bu zənglər də, ardınca Rusiya hərbi kontingentinin ”fəaliyyətsizliyi" haqqında verilən açıqlamalar da bir məqsədə - Rusiyanı və Ermənistanda ona bağlı siyasi qruplaşmaları tam gözdən salmağa xidmət edir. Az öncə vurğuladığım kimi istisna etmirəm ki, İrəvanın küçələrində Köçəryanın “Hayastan” bloku adından divarlara yapışdırılan “Qarabağ Rusiyadır” vərəqələri də məhz Ermənistan hakimiyyətinin o yöndə atdığı addımlardan biridir. Köçəryançılar artıq qətiyyətlə bunu onların etmədiklərini bildiriblər ki, bu da dediyimizin doğruluğunu təsdiqləyir. Demək, hakimiyyət bu vərəqə və bayraq yürüşü ilə bir tərəfdən Köçəryan kimi Rusiyaya bağlıları gözdən salır, yəni göstərir ki, baxın, bunlar bizim “arsax”ın Rusiyaya aid olduğunu deyirlər, digər tərəfdən də oradakı haylara aşılanır ki, Laçının boşaldılması da, avqustun 3-dəki olaylar da ona görə baş verirdi ki, “Qarabağ Rusiyadır”. Yəni Rusiya özü proseslərin məhz belə getməsini istəyir. Bir sözlə, Rusiya ilə Ermənistan arasında əslində heç birinin maraqlarına tam cavab verməyən, amma geosiyasi reallığın diktə etdiyi bu cür çoxkombinasiyalı oyun gedir". Laçın yoluna gəldikdə, deputat bildirdi ki, bu yol Zəngəzurdakı kimi dəhliz statusunda ola bilməz: “Çünki burada Ermənistanın bir hissəsindən digər hissəsinə keçib gedilmir, Ermənistandan Azərbaycanın haylar yaşayan şəhər və kəndlərinə gedilir. Zəngəzur dəhlizi isə məhz Azərbaycanın bir hissəsindən digər hissəsinə keçib getmək üçündür. Onun dəhliz statusu üçtərəfli bəyanata görə əbədi, Laçın yolunun indiki statusu isə müvəqqətidir. Rusiya hərbi kontingentinin Qarabağdakı missiyası başa çatan kimi o status da aradan qalxacaq. Bəli, yeni Laçın yoluna da, qeyd edildiyi kimi, Rusiya hərbi kontingenti nəzarət edəcək. Amma bir reallıq burada unudulur. Unudulur ki, Ermənistandan Qarabağa çəkilən qaz, elektrik, rabitə xətləri əvvəlki yolun ətrafından keçirdi və onlar artıq tam Azərbaycanın kontrolu altındadır”.

Uzeyir Ceferov ordudan ehtiyata buraxildi

Üzeyir Cəfərov

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov sülhməramlıların oyunlarına diqqət çəkdi: “General Volkovla separatçıların budəfəki görüşü əvvəlkilərdən onunla fərqlənirdi ki, indi ermənilərin ruslara daha çox ehtiyacı və qorxusu var deyə, onlar az qala dəridən-qabıqdan çıxırlar. Gah Rusiyanın əleyhinə etiraz mitinqi təşkil edilir, üstündən bir neçə gün keçəndən sonra isə tam fərqli bir formada yaltaqlıq və riyakarlıq elementləri ilə dolu bir başqa ”dəstək", minnətdarlıq tədbiri reallaşdırılır. Rusiya sülhməramlılarının komandanının səlahiyyətlərindən kənar məsələlərlə bağlı ermənilərə verdiyi bəzi vədlər separatçıları, sadəcə, sakitləşdirmək və onların narazılığını bir az azaltmaq məqsədi güdür. Bildiyim qədər, yeni yolda mənzərə əvvəlkindən fərqli olmalıdır və bu belə planlaşdırılmışdı. Orada artıq Dövlət Sərhəd Xidmətinin (DSX) və Dövlət Gömrük Komitəsinin (DGK) nümayəndələrinin də olması nəzərdə tutulur. Çünki bu, sırf Azərbaycan-Ermənistan sərhədində olan yeni yoldur və orada adlarını çəkdiyim qurumların olması həm qanunidir, həm də zəruridir. Bunun hansı formada həyata keçiriləcəyini isə yaxın bir həftə-on gün ərzində görəcəyik".

Ü.Cəfərov qeyd etdi ki, əslində yeni yolun çəkilməsində əsas məqsədlərdən biri də yuxarıdakı vacib amillər idi: “İndi ermənilər əvvəlki kimi bu yeni yoldan rusların xeyir-duası ilə istifadə etmək istəyirlər. Amma bu, belə olmayacaq. Onların ürəyindən çox şey keçə bilər, amma biz tez bir zamanda bəzi həllini gözləyən vacib işləri başa çatdırmalıyıq ki, vətəndaşlarımızın tezliklə öz doğma yurd-yuvalarına qayıtması prosesi sürətlənsin. Rusiya sülhməramlıları 2020-ci ildə imzalanmış üçtərəfli sənədin müddəalarının tam şəkildə yerinə yetirilməsini düşünməlidirlər. Onlar Azərbaycana nə söz verdiklərini unutmamalıdırlar”.

Polkovnik əminliklə bildirdi ki, vaxtı uzatmaq üçün ermənilərə bir daha imkanlar verilməyəcək: “Kifayət qədər vaxt uzadıldı və razılaşmamalırn xeyli hissəsi məhz erməni-rus tərəfindən yerinə yetirilməmiş qalıb. Ona görə də, biz tez bir zamanda qarşı tərəflərin üzərinə düşən vəzifələri yerinə yetirməklərini onlardan tələb etməliyik. Azərbaycan yaxın dönəmdə öz ərazilərini erməni qeyri-qanuni silahlı dəstələrinin qalıqlarından təmizləmək və vətəndaşlarını o ərazilərə qaytarmaq işini həyata keçirməlidir. Bu işlər sürətlə görülməlidir. Ermənilər isə hələ də min  bəhanə ilə öz qeyri-qanuni əməllərini Azərbaycan ərazilərində davam etdirməyə cəhdlər edirlər”.


“Yeni Müsavat”

Diaspora