Bu gün Vətən müharibəsində qəhrəmancasına şəhadətə ucalan Şəhidimiz əsgər İmaməli Əhədzadənin doğum günüdür.
Qaziler.az bildirir ki, bu barədə ZƏFƏR Şəhid Ailələrinə Dəstək İctimai Birliyi öz feysbuk səhifəsində məlumat verib.
Əhədzadə İmaməli Şəfəqqət oğlu 24.08.1997-ci ildə Lənkəran şəhərində anadan olub. 2004-cü ildə Lənkəran şəhər Xarici Dillər Təmayüllü gimnaziyada 1-ci sinfə gedib və 2015-ci ildə 11-ci sinfi başa vurub. Təhsilini başa vurduqdan sonra qısa müddət ərzində ailəsinə kömək etmək məqsədilə bir sıra işlərlə məşğul olub. Həmin ilin oktyabr ayının 5-də Lənkəran şəhər Hərbi komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılan İmaməli Tərtər rayonunda yerləşən "N" saylı hərbi hissəyə göndərilib. 2016-cı ildə baş vermiş "Aprel döyüşləri"ndə fəal iştirak edir və 2017-ci ilin aprel ayında xidmətini nümunəvi başa vurur.
İmaməli 21 sentyabr 2020-ci ildə Lənkəran şəhər Hərbi komissarlıq tərəfindən hərbi təlimə göndərilir.
O, ağır döyüşlərdə iştirak edir, böyük şücaət göstərir. Müharibənin 2-ci günündə, sentyabr ayının 28-də Füzuli-Cəbrayıl istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olur.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda”, “Cəsur döyüşçü”, "Döyüşdə fərqlənməyə görə" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
CƏNNƏTDƏKİ YAŞIN MÜBARƏK,
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!!!