“İşğaldan azad edilmiş ərazilərdə dövlət sərhədinin mühafizə və müdafiəsinin təşkili məqsədilə 19 yeni hərbi hissə kompleksi, 110 sərhəd-döyüş məntəqəsi, İranla dövlət sərhədində işğaldan azad olunmuş ərazilərdə 14 sərhəd zastavasının fəaliyyəti bərpa olunub”.
Qaziler.az xəbər verir ki, bunu Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini general-leytenant Abbas Xəlilov bu gün keçirilən mətbuat konfransında deyib.
O xatırladıb ki, "Eyvazlı" və "Qazançı" dövlət sərhədindən buraxılış məntəqələri inşa edilib. "Füzuli" beynəlxalq hava limanında sərhəd nəzarətinin işi təşkil olunub.
"1 452 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib, nəticədə 1 530 ədəd piyada əleyhinə, 1 762 ədəd tank əleyhinə mina və 245 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib. İşğaldan azad edilmiş ərazilərdə 104 km məsafədə yeni yollar çəkilib, 223,7 km məsafədə yolların əsaslı və cari təmiri həyata keçirilib", - o, əlavə edib.