İyulun 23-də Zəngilan rayonunun Ağalı kəndinə yola düşən daha 10 ailə öz doğma yurduna çatıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sevinc və qürur hissləri ilə Vətənə dönən zəngilanlıları Ağalı kəndində Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Zəngilan rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev qarşılayıb və onların xoş təəssüratları dinləyib.
Doğma torpağa dönən zəngilanlılara Ağalı kəndində yaradılan şərait barədə məlumat verilib. Bildirilib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusu torpaqlarımızı azad etdikdən sonra burada tikinti-quruculuq işləri geniş vüsət alıb. Nəticədə ötən dövr ərzində Ağalı kəndində lazımi infrastruktur yaradılıb. Kənd hazırda doğma sakinlərinə qucaq açıb. Bu böyük dönüşlə nəinki Şərqi Zəngəzurda, o cümlədən Zəngilanda həyat öz axarına qayıdır.
Qeyd edək ki, bu gün daha 10 ailə - 45 nəfər daimi məskunlaşmaq üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin ayırdığı nəqliyyat vasitələri ilə Ağalıya yola düşüb. Onlar müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayan keçmiş məcburi köçkünlərdir.
İlkin mərhələdə artıq 30 ailənin – 151 nəfərin ən müasir infrastrukturla təchiz edilmiş kəndə köçürülməsi təmin edilib. Qarşıdakı günlərdə köçürülmə davam etdiriləcəkdir. Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər. Ağalı kəndinə köçürülmə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yeni yaşayış sahələrinin təqdim olunması cədvəli əsasında, ardıcıl şəkildə davam etdiriləcəkdir.