Qarabağda şəhid olan qazax qəhrəmanın Vətənində ilk anım məclisi təşkil edilib - FOTO

Qarabağda şəhid olan qazax qəhrəmanın Vətənində ilk anım məclisi təşkil edilib - FOTO backend

Qazaxıstanın Jambıl rayonunun Kulan kəndində Birinci Qarabağ müharibəsi zamanı qəhrəmancasına həlak olan qazax şəhid Yerbol Barımbekovun ilk anım məclisi keçirilib.

Qazaxıstan Azərbaycanlıları Assosiasiyasının və şəhidin yaxın qohumlarının birgə təşkil etdiyi anım tədbirində yerli sakinlər, döyüş yoldaşları və diasporumuzun üzvləri iştirak ediblər.

Yerbol Barımbekovun əziz xatirəsini yad edən mərasim iştirakçıları bildiriblər ki, 1993-cü ildə heç kimə demədən Qazaxıstan ordusunu tərk etdiyi üçün Vətəndə onu itkin düşmüş hesab ediblər.  Valideynləri onun Azərbaycan Ordusunda qəhrəmanlıqla döyüşdüyünü, həlak olduğunu və Bakıdakı İkinci Şəhidlər xiyabanında dəfn olunduğunu bilmədən dünyadan köçüblər. Yalnız 28 il sonra döyüş yoldaşlarının vasitəsilə qohumları şəhidin Bakıda dəfn olunmasından xəbər tutublar. Azərbaycan diasporunun dəstəyi ilə Bakıya səfər edən qohumlar Qazaxıstanın Azərbaycandakı səfirliyinin əməkdaşları və Erbolun döyüş yoldaşları ilə birlikdə şəhidin məzarını ziyarət ediblər. 

Xatırladaq ki, Azərbaycan ordusunda kəşfiyyatçı kimi xidmətə başlayan Yerbol Barımbekov Murovdağda və Tərtər-Ağdərə istiqamətində döyüşüb. Kəşfiyyat qrupuna rəhbərlik edib, mühüm əməliyyatlarda iştirak edib, 8 dəfə düşmənin arxa cəbhəsində tapşırıqları yerinə yetirib. 20 yaşlı Yerbol 1994-cü il aprelin 20-də döyüş zamanı qəhrəmancasına həlak olub. (oxu.az)

Diaspora