“Rəşadın bu gün 34 yaşı tamam olur. Bu münasibətlə rayon rəsmiləri, şəhid ailələri, yaxınlarımız bizə gəliblər. O, heç vaxt doğum günündə belə evdə olmazdı, həmişə işdə, təlimdə olardı. Ona görə də doğum günlərində biz onun evinə gedərdik”.
Bunu Moderator.az-a açıqlamasında 44 günlük Vətən müharibəsində şəhid olan kapitan Rəşad Quliyevin atası Əfras Quliyev deyib. Şəhid atası övlad itkisinin ağır olduğunu bildirib:
“Rəşad torpaqlarımızın işğalda qalmasına görə hərb sənətini seçdi. Biz onu məcbur etməmişik ki, hökmən hərbçi olmalısan. Çox vətənpərvər insan idi. O cür adamlara seçilmiş adamlar deyirlər. Onlar Allahdan tərəfindən seçilmiş bəndələrdir. Yuxularıma da girir və deyir ki, haqqınızı halal edin. Döyüşdə olanda isə deyirdi ki, özünüzdən muğayat olun, mən yaxşıyam. Bir ata üçün övlad itkisi çox çətindir. Amma bircə təsəllim odur ki, vətən uğrunda şəhid olub. Torpaqlarımızın işğaldan azad edilməsində Rəşad da qanını töküb”, - deyə şəhid atası bildirib.
Qeyd edək ki, Rəşad Quliyev 1988-ci ildə Cəlilabad rayonunun Uzuntəpə kəndində anadan olub. Silahlı Qüvvələrimizin zabiti 2016-cı il Şanlı aprel döyüşlərində də iştirak edib. 44 günlük Vətən müharibəsi zamanı isə Talış kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.
Ölümündən sonra ölkə başçısı tərəfindən “Vətən uğrunda”, “Cəsur döyüşçü” və “Suqovuşanın azad olunmasına görə” medallarıyla təltif edilib.