“İyulun 1-də Elsevərin 29 yaşı tamam oldu. O, Cəbrayılın Qovşudlu kəndində anadan olub. Daha sonra ailəsiylə Beyləqanda yaşayıblar. Ordan isə Bakıya köçüblər. Ata-anası isə artıq dünyasını dəyişib. Onlar ailədə iki qardaş və iki bacı olublar”.
Bunu Moderator.az-a açıqlamasında Vətən müharibəsində şəhid olan mayor Elsevər Paşayevin həyat yoldaşı Xəyalə xanım deyib. Şəhid xanımı Elsevərin atasının istəyilə hərbçi olduğunu bildirib:
“Elsevərin hərb sənətini seçməsi atasının istəyilə olub. Biz məcburi köçkün olmuşuq deyə bu da onun hərbçi olmasında rol oynayıb. Elsevər 2010-cu ildən orduda xidmətə başlayıb. 44 günlük Vətən müharibəsində isə vaxtından əvvəl mayor rütbəsi alıb. O, 2016-cı il Şanlı aprel döyüşlərində də öz taboruyla iştirak edib. Amma bizə bu haqda heç nə deməyib. Biz müharibə qurtarandan sonra bilmişik ki, aprel döyüşlərində də iştirak edib.
Elsevər sülhməramlı taborda xidmət edirdi. Gəncədə və Bakıda xidmət edib, amma ən çox xarici ölkələrdə təlimlərdə, kurslarda olub. 2012-ci ildə isə biz ailə qurmuşuq. Elsevərlə qohumuq və ordan da elə oldu ki, ailə qurduq. Özüm müəlliməyəm, məktəbdə işləyirəm. İki qızımız var və onları atalarına layiq böyütməyə çalışıram. Elsevərin adına küçə verilməyib, amma adına məktəb verilməsiylə bağlı məktubla müraciət etmişik. O, Cəbrayılın Qovşudlu kəndinin yeganə şəhididir. Bakıda bizim kəndin məktəbi var və istəyirik ki, adı o məktəbə verilsin. Ötənilki ad günündə Müşfiq qəsəbəsində Ağdam 32 saylı məktəbində adına böyük abidə tikdirmişik və barelyefini qoymuşuq”.
Qeyd edək ki, Elsevər Paşayev 1988-ci ildə Cəbrayıl rayonunun Qovşudlu kəndində anadan olub. Mayor Elsevər Paşayev oktyabrın 25-də Qubadlı uğrunda gedən döyüşlərdə şəhid olub. Ölümündən sonra ölkə başçısı tərəfindən “Qarabağ ordeni”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medallarıyla təltif edilib.