“Özünə ev tikdirdi, istəyirdi ki, anasıyla o evə köçsün...” - Şəhid zabitimizin dayısı

“Özünə ev tikdirdi, istəyirdi ki, anasıyla o evə köçsün...” - Şəhid zabitimizin dayısı backend

Bu gün 2020-ci ilin iyul ayında Tovuz döyüşlərində şəhid olan baş leytenant Rəşad Mahmudovun ad günüdür. R.Mahmudov 1992-ci il iyulun 2-də Biləsuvar rayonunun Aşağı Cürəli kəndində anadan olub. 

 

Şəhid zabitimizin dayısı Fərhad Hüseynov Moderator.az-a açıqlamasında Rəşadın həmişə xatırlandığını bildirib:

 

 

“Rəşad zəhmətkeş uşaq idi. Özünə ev tikdirdi, istəyirdi ki, anasıyla o evə köçsün və sonra da ailə qursun. Amma qismət olmadı, o, şəhid oldu. Tovuz döyüşlərinin ordumuzun tarixində xüsusi yeri var. Rəşad generalımız Polad Həşimovla, polkovnik İlqar Mirzəyevlə, mayor Anar Novruzovla bir yerdə şəhid oldu. Bu gün Rəşadın anası təkdir, çox fikir edir. Onun ümidi, gümanı Rəşad idi, amma Allah onu şəhidlik zirvəsinə ucaltdı”.  

 

 

Qeyd edək ki, Rəşadgil ailədə iki qardaş olublar və elə olub ki, qardaşının 11 yaşı olanda dünyasını dəyişib. Rəşad anasının himayəsində böyüyüb. Orta məktəbi bitirdikdən sonra Cəmşid Naxçıvanskı adına Hərbi Liseydə və daha sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsilini davam etdirib. 

 

O, 2014-cü ildən zabit kimi orduda xidmətə başlayıb. 2016-cı il Şanlı aprel döyüşləri zamanı Rəşad Tərtər rayonunun Talış kəndi istiqamətində döyüşlərə qatılıb. Gecə döyüşləri zamanı Tərtər rayonunun Talış kəndi istiqamətində olan əlverişli yüksəkliklərin düşməndən azad edilməsində Rəşad da böyük şücaət göstərib. 

 

2020-ci il iyulun 12-dən 13-nə keçən gecə düşmən növbəti dəfə Tovuz və Ağdam rayonu istiqamətində təxribata cəhd edib. Baş verən döyüşlər zamanı baş leytenant Rəşad Mahmudov da qəhrəmancasına şəhid olub. 

 

Ölümündən sonra isə ölkə başçısı tərəfindən “İgidliyə görə” medalıyla təltif edilib. 

Diaspora