Hərbi ekspert: “Azərbaycan daha çox qardaş Türkiyə istehsalı olan robotların işə cəlb edilməsində maraqlıdır”
ABŞ ordusu Kiyev ətrafında minaları təmizləmək üçün Ukraynanı “Boston Dynamics” şirkətinin “Spot” robot iti ilə təmin etməyə razılaşıb. Belə ki, ABŞ ordusu özünün iki robot itindən birini Ukraynaya verməyə razı olub. Bildirilir ki, bu iş Amerikanın qeyri-kommersiya təşkilatı HALO Trust tərəfindən həyata keçiriləcək.
ABŞ belə köməkliyi Azərbaycana da edə bilərmi? Minaaxtaran robot-itlərdən Qarabağda, ANAMA-çılarda niyə yoxdur? Səbəb qiymətlə bağlı ola bilərmi? Ümumiyyətlə, ərazilərimizin minalardan təmizlənməsndə ən çox hansı dövlət bizə kömək edir?
Xəzər Müdafiə Tədqiqatları Mərkəzinin rəhbəri, hərbi şərhçi Ramil Məmmədli “Yeni Müsavat”a deyib ki, ötən il Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında “Ermənistan və Azərbaycan arasındakı münaqişənin humanitar nəticələri” adlı qətnamə qəbul olunub. Qətnamənin müzakirəsi zamanı çıxış edən AŞPA üzvləri mina xəritələrinin Azərbaycana verilməsinin bundan sonrakı insan ölümünün qarşısının alınması üçün vacib olduğunu xüsusi vurğulayıblar. Fransa və ABŞ kimi erməni lobbilərinin sistemli şəkildə fəaliyyət göstərdiyi dövlətlər də Ermənistana mina xəritələrini Azərbaycana verməsi üçün davamlı müraciət edəcəklərini bildiriblər: “Bu proseslərlə yanaşı, ABŞ Azərbaycana 30 mina axtaran it göndərəcəyini də qeyd etmişdi. Özünün mina təmizləmə agentliyində mina axtaran it hazırlanan bir dövlətin xaricdən gələn itlərə niyə ehtiyacı olsun? Cavab sadədir. Azərbaycan yaxşı bilir ki, prosesi bu və ya digər yollarla ləngidən güc dövlətləri çoxdur. Azərbaycan da daxil olmaqla, regionun əksər ölkələri əvvəllər mina və partlayıcı maddələrin axtarışını həyata keçirən itləri kənardan alırdı. Lakin 4-5 ildir ki, ANAMA bu cür itləri özü hazırlamağa başlayıb”.
Ramil Məmmədli
Ramil Məmmədli deyir ki, Azərbaycan daha çox qardaş Türkiyə istehsalı olan robotların işə cəlb edilməsində maraqlıdır: “SSRİ dövründə Azərbaycanda kinoloji məktəblər olub. Ancaq hazırda Azərbaycanda bu ixtisasın inkişafı yüksək səviyyədə deyil. Müvafiq qurumlar hazır kinoloq işə götürürlər, ancaq bu kadrların hazırlanması üzrə kurslar yoxdur. Bununla əlaqədar aidiyyəti orqanlara çox müraciət edilib, lakin əhəmiyyətli nəticə əldə edilməyib. İndiki zamanda Azərbaycan bu sahə üzrə ixtisaslaşmış xarici təşkilatları Qarabağa dəvət etmək üçün böyük miqdarda pul vəsaiti ayırır. Halbuki ölkəmizdə belə təşkilatların xaricdəki kimi inkişaf etməsi üçün çox böyük potensial var. Düzdür, ANAMA 4-5 il əvvəl yerli imkanlar hesabına minaaxtaran itlərin hazırlanması ilə yanaşı, partlayıcı maddələrin axtarışını həyata keçirən itləri də hazırlamağa başlayıb. ANAMA və digər qurumların istifadəsi üçün nəzərdə tutulan itlər müxtəlif növ partlayıcı maddələri aşkarlaya və minatəmizləmə qruplarına kömək edə bilir. Yerli bazada öyrədilmiş itlər hazırda minatəmizləmə əməliyyatlarında iştirak edir. Bu itlər çox sayda minaları və partlayıcı maddələri aşkarlama qabiliyyətinə malikdir. Elə bu təşəbbüsün nəticəsidir ki, təlimlərə başlayan ilk vaxtlardan ANAMA-nın mina axtaran itlər üzrə qrupu ABŞ-ın Marşal İrsi İnstitutunun (Mİİ) 2018-ci il üzrə ilin heyəti seçilmişdi.
İşğaldan azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatları bu gün sürətlə davam edir. Amma həmin ərazilərdə hələ də çoxlu sayda mina və partlamamış hərbi sursat qalmaqdadır. Ərazilərin minatəmizləmə işi kifayət qədər çətin, uzunmüddətli və təhlükəli prosesdir. Ani ehtiyatsız davranış bədbəxt hadisə ilə nəticələnə bilər. Bu baxımdan mina təmizləyənlərin bu sahədə fəaliyyəti olduqca mürəkkəbdir. Buna baxmayaraq, həm müvafiq güc strukturları, həm də ANAMA bu istiqamətdə fəaliyyətlərini intensiv davam etdirir. Ərazilər artıq müəyyən qədər hərbi sursatdan təmizlənsə də, mina təhlükəsi Azərbaycan vətəndaşlarının həmin ərazilərdə sərbəst fəaliyyəti üçün hələ də ciddi maneələr yaratmaqdadır. Unutmaq olmaz ki, hərbi zonalara daxil olmayan ərazilər də minalanıb. Erməni hərbçiləri minaların növlərini, relyefin müxtəlifliyini və basdırılma üsullarını məhz çoxlu sayda insan tələfatının olması üçün məqsədli şəkildə seçiblər. Nə zaman basdırılmasından asılı olmayaraq, hər bir mina, partlamamış hərbi sursat, əldədüzəlmə partlayıcı qurğular ölümcül fəsadlar törətməyə qadirdir. Aşkarlanan hər bir partlamamış hərbi sursat, əldədüzəlmə partlayıcı qurğularla əlaqədar FHN, ANAMA və daxili işlər orqanlarına müraciət etmək vacibdir. Azərbaycan dövlətinin hazırda prioritet vəzifələrindən biri də azad olunan ərazilərin tamamilə təhlükəsiz vəziyyətə gətirilməsi və məcburi köçkün vətəndaşlarımızın ən qısa müddətdə doğma yurdlarına qaytarılmasından ibarətdir.
Hərbi ekspert deyib ki, hər birimiz minanın real təhlükə olduğunu nəzərə almalıyıq: “Təkcə bu ərazilərdə təhlükə törədən minalar deyil, həm də kustar üsulla hazırlanan partlayıcı vasitələr və partlamamış hərbi sursat da real təhlükə mənbələridir. Odur ki, əhalimizi bir qədər də təmkinli olmağa, həmin minalanmış ərazilərə səfərlərdən çəkinməyə çağırırıq. Vətəndaşlarımız mina təhlükəsizliyi məsələlərinə və ərazilərin minalardan təmizlənməsi ilə əlaqədar fəaliyyətə dəstək olmalıdır. İşğaldan azad olunan ərazilərdə mina, partlamamış hərbi sursat qalıqları hələ də mövcuddur. Minalanmış ərazilərə gələrkən səhlənkarlıq, məsuliyyətsizlik və qaydalara etinasızlıq ağır nəticələrə və bədbəxt hadisələrə gətirib çıxara bilər. Öz qurbanları tərəfindən işə salınan, məsafədən idarə edilən, vaxtla işə düşən bu partlayıcı qurğular ərazidə geniş yayılıb və əhali, xüsusilə yeniyetmələr üçün yüksək təhlükə mənbəyi olmaqda davam edir. Partlamamış hərbi sursatla üzləşən vətəndaşlarımız onlarla təmasdan qorunmalı, ehtiyatlı və diqqətli olmalı, həmçinin məsuliyyətli davranmalıdır. Qarabağda yayılmış partlayıcı maddələr və minalardan yaralanma, tələf olma riskindən heç kim sığortalanmayıb. Odur ki, Qarabağa qayıtdıqdan sonra orda yaşamağa başlayacaq əhalinin üzləşə biləcəyi risklərdən mümkün qədər sığortalanmasına hamımız dəstək olmalıyıq”.
“Yeni Müsavat”