Bu gün Milli Qəhrəman Vüqar Mürsəlovun şəhadətindən otuz il ötür.
Şəhid zabitimizin bacısı Jalə xanım Moderator.az-a açıqlamasında Vüqarı xatırladığımız üçün sevindiyini bildirib. O, deyib ki, atası dünyasını dəyişəndən sonra Vüqar haqqında ancaq ondan lazım olan məlumatları soruşurlar:
“Vüqarın şəhid olmasından otuz il ötür. Amma hər şeyi dünən kimi xatırlayıram. Bu acı xəbəri alanda dəhşətli günlər yaşadıq. Çünki inanmırdıq ki, Vüqara nəsə ola bilər. O, əsgərliyini Belarusiyanın Brest şəhərində çəkmişdi. Peşəkar tankçı idi, buna görə bir neçə dəfə təltif də edilmişdi. Ona görə 1990-cı ilin dekabr ayında Vüqar könüllü olaraq ordu sıralarına yazıldı. Onu Xüsusi Təyinatlı Polis Dəstəsinə yazdılar və döyüşlərə başladı. İki illik xidmət dövründə Füzuli, Ağdam, Laçın, Şuşa, Goranboy, Ağdərə istiqamətlərində gedən döyüşlərdə qəhrəmanlıq göstərdi”.
“Elə oldu ki, anamız ağır xəstəliyə tutuldu...”
“Həmin vaxt Türkiyəyə yollanıb üç aylıq kurs da keçdi. Sonuncu dəfə Tərtər istiqamətində döyüşürdü. Atam bir neçə dəfə yanına gedib-gəlirdi. İyunun 9-da isə Tərtərin Cəmilli kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid oldu. Bizim də razılığımız alındıqdan sonra qardaşımı Bakıda Şəhidlər Xiyabanında dəfn etdilər.
Vüqar çox əzablı yollar keçdi. Hərbi xidmətindən sonra yaşadığımız Göytəpə qəsəbəsində Avtomobil Təmiri Zavodunda işləyirdi. Elə oldu ki, anamız ağır xəstəliyə tutuldu və dünyasını dəyişdi. Vüqar anama çox bağlı idi, ona görə çox fikir edirdi. Amma sonra da özü şəhid olub anamın yanına getdi. Atam da bir neçə il bundan öncə dünyasını dəyişdi. İndi Vüqarın adını yaşadacaq, onun haqqında xatirələrini danışacaq tək bacısıyam. Çox sağ olun ki, Vüqarı belə günlərdə xatırlayırsınız”-deyə şəhid bacısı bildirib.
Qeyd edək ki, Vüqar Mürsəlov 1963-cü il 10 mart 1963-cü ildə Cəlilabadın Göytəpə qəsəbəsində anadan olub. Bu gün Vüqarın doğulub boya-başa çatdığı küçə, oxuduğu orta məktəb onun adını daşıyır. Vüqarın Göytəpə qəsəbəsinin mərkəzində büstü ucaldılıb. Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli 264 saylı fərmanı ilə Mürsəlov Vüqar Mirəzbər oğluna ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilib.