Rəsmi danışıqlarda masadakı əsas mövzulardan biri barədə suallara cavab verməyən İrəvan nə vaxta kimi susacaq?; Azərbaycan dövləti hansı addımlar atır və ya atacaq; ekspertlər deyir ki...
Birinci Qarabağ müharibəsində itkin düşmüş azərbaycanlılarla bağlı Prezident İlham Əliyev sonuncu Brüssel görüşündə tələblər irəli sürmüşdü. Azərbaycan dövləti hər platformada bu mövzunu qabardır, Ermənistandan bu insanların taleyi ilə bağlı izahat və informasiya istəyir.
Qeyd edək ki, Azərbaycan humanizm prinsipini rəhbər tutaraq, törətdikləri təxribatların qarşısı alınarkən saxlanılan 150-dək erməni hərbi qulluqçunu İrəvana qaytarıb. Ancaq 44 günlük müharibədə itkin düşən 6 hərbçimizin taleyi barədə qarşı tərəf hər hansı məlumatı təqdim etməyib. Azərbaycan tərəfinin humanitar xarakterli addımlarının əvəzində Ermənistan tərəfi birinci Ermənistan-Azərbaycan müharibəsində öldürülmüş və kütləvi məzarlıqlarda basdırılması ehtimal edilən hərbi və mülki Azərbaycan vətəndaşları haqqında məlumatları, habelə bu qəbildən olan kütləvi məzarlıqların yerləri barədə məlumatı Azərbaycan tərəfinə verməli olduğu halda, bundan yayınır.
Fransa Respublikasının Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində prezident Emmanuel Makronun, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilmiş görüşdə də Azərbaycan Prezidenti bu məsələyə diqqət çəkib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi, İşçi qrupunun rəhbəri İsmayıl Axundov bir müddət əvvəl demişdi ki, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasında 01.01.2022-ci il tarixə olan məlumata əsasən, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində, I Qarabağ müharibəsində 3890 nəfər itkin düşmüş şəxs kimi qeydiyyata alınıb. Onlardan 3171 nəfəri hərbçi, 719 nəfəri mülki şəxsdir. Mülki şəxslərdən 71 nəfəri yetkinlik yaşına çatmamış uşaq, 267 nəfəri qadın, 326 nəfəri yaşlı adamdır. İtkin düşmüş şəxslərin ümumi sayından 872 nəfər, o cümlədən 29 uşaq, 98 qadın və 112 yaşlı adamın əsir-girov götürülməsi və ya işğal edilmiş ərazilərdə qalmasına dair təkzibedilməz məlumatlar var. Ermənistan bu şəxslərin saxlanılması faktını beynəlxalq təşkilatlardan gizlədərək onların sonrakı taleyi barədə hal-hazıra kimi məlumat vermir. (APA) Xatırladaq ki, 10 noyabr 2020-ci ildəki Üçtərəfli Bəyanatın 8-ci bəndi hərbi əsirlər, girovlar və digər saxlanılan şəxslərin, habelə cəsədlərin mübadiləsinin həyata keçirilməsini nəzərdə tutur. Qeyd etdiyimiz kimi, üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycan Respublikası üzərinə götürdüyü öhdəliyin yerinə yetirilməsi ilə bağlı dərhal ciddi addımlar atıb. Azərbaycan Respublikasının aidiyyəti dövlət qurumlarının iştirakı ilə ərazidə aparılan axtarışlar zamanı 1447 Ermənistan hərbçisinin meyit qalıqları tapılaraq, qarşı tərəfə verilib. Üçtərəfli bəyanat imzalandıqdan sonra həm Azərbaycan Silahlı Qüvvələrinin nəzarət etdiyi ərazilərdə, həm də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazilərdə, I Qarabağ müharibəsi ilə bağlı təxminən 140 şəxsə aid meyit qalığı müəyyən edilərək götürülüb və Dövlət Komissiyasına təhvil verilib. Bu meyit qalıqları üzrə Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza Patoloji Anatomiya Birliyində 230 bioloji nümunə götürülərək Daxili İşlər Nazirliyinin Kriminalist Tədqiqatlar İdarəsinin laboratoriyasına təhvil verilib. Amma hələ minlərlə insanımızın taleyindən xəbər yoxdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu ilin aprelində İtkin düşmüş şəxslər üzrə Beynəlxalq Komissiyanın baş direktoru xanım Katrin Bombergerlə görüşündə də bu məsələdən bəhs edib. Dövlətimizin başçısı birinci Ermənistan-Azərbaycan müharibəsindən etibarən 3890 nəfər azərbaycanlının itkin düşmüş hesab olunduğunu, onların bir çoxunun işgəncələrə məruz qaldığını və öldürülərək Ermənistan tərəfindən kütləvi məzarlıqlarda basdırıldığını qeyd etdi. Prezident İlham Əliyev bildirdi ki, Azərbaycan humanitar xarakter daşıyan bu məsələ ilə bağlı dəfələrlə Ermənistan tərəfinə müraciət etsə də, Ermənistan tərəfindən konstruktiv əməkdaşlıq və xoş niyyət nümayiş olunmayıb. Dövlətimizin başçısı bu yaxınlarda Xocavəndin Edilli kəndində belə bir kütləvi məzarlığın müəyyən olunduğunu, qazıntı işləri apararaq orada basdırılmış şəxslərin qalıqlarının aşkara çıxarıldığını və bu qalıqların DNT analiz təyinatlı laborator müayinələrə təqdim edildiyini diqqətə çatdırıb.
Eyni zamanda Prezidenti İlham Əliyev fevralın 23-də Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşündə də əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızla bağlı mövqeyini ifadə edib. “Birinci Qarabağ müharibəsi dövründən 3890 azərbaycanlı, o cümlədən təqribən 200 uşaq indiyədək itkin düşmüş hesab edilir. Biz erməni tərəfinə kütləvi məzarlıqların yerini göstərmələri barədə müraciət etmişik, lakin hələ cavab yoxdur. Mən bilmirəm niyə. Yəqin onlar başa düşürlər ki, orada, sadəcə, hərbi cinayətlərin sübutları olacaq. Lakin bununla belə, biz tələb edirik və yeri gəlmişkən, Avropa İttifaqı da bu məsələ ilə bağlı fikrini bildirib ki, kütləvi məzarlıqların yeri bizə təqdim edilsin. Çünki ehtimal çox böyükdür ki, hər şey Qarabağdadır, bizim işğaldan azad etdiyimiz ərazilərdədir”, dövlət başçısı bildirib.
Bu xatırlatmalar da sübut edir ki, dövlətimiz üçün 4 minə yaxın vətəndaşımızın müəmmalı taleyi Qarabağın bərpası qədər önəmlidir və danışıqlarda irəli çəkilən prioritet mövzular sırasındadır.
Milli Məclisin ötən iclasında da məsələ barədə şok faktlar səsləndi. Deputat Sahib Alıyev Birinci Qarabağ müharibəsi zamanı itkin düşən azərbaycanlıların taleyindən bəhs edərək bildirdi ki, həmvətənlərimizin bir hissəsi orqan alverinin qurbanı olub. Deputat Asim Mollazadə isə 1994-cü ildə “Human Right” təşkilatının azərbaycanlılarla bağlı yaydığı hesabatı xatırlatdı. Sitat: “Hesabatda ermənilər tərəfindən həbs edilmiş azərbaycanlı əsirlərin orqanlarının necə çıxarıldığı və işgəncə ilə öldürüldüyü qeyd edilmişdi. İndi bu hesabat yoxa çıxıb. Təşkilat öz saytından hesabatı ləğv edib. Hesab edirəm ki, hərbi cinayətlərin araşdırılması genişləndirilməli, vaxtilə bu prosesi həyata keçirən ermənilər cəzasını almalıdır”. Araşdırılması vacib mövzudur. Həm də “ikili standartlar”ın daha bir nümunəsi...
Ermənistanda vaxtaşırı itkin düşənlərin və terrorçuluq fəaliyyətinə görə Bakıda cəzalandırılmış hərbçilərin valideynləri aksiyalar keçirir. Həmçinin Paşinyan hökuməti tez-tez bu barədə gülünc iddialarla çıxış edib, Azərbaycana təzyiqlər göstərməyə çağırış edirlər. Hansı ki, Azərbaycanın minlərlə vətəndaşının taleyi on illərdir naməlum qalıb, öncə bunlara aydınlıq gətirilməlidir. Bəs rəsmi Bakının tələblərinin qarşılığında Paşinyan bu məsələ ilə bağlı lazımi addımlar ata biləcəkmi, Azərbaycanın tələblərini yerinə yetirəcəkmi? Dövlətimiz və onun ayrı-ayrı strukturları məsələnin həlli üçün başqa nələr edir, yaxud edə bilər?
Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, Azərbaycan bütün hallarda prosesin sonuna kimi Ermənistan tərəfindən izahat tələb edəcək: “Prezident İlham Əliyev bütün Brüssel görüşlərində bu məsələni qaldırıb, Ermənistandan izahat istəyib. Ermənistan 4000-ə yaxın Azərbaycan vətəndaşının taleyinə mütləq aydınlıq gətirməlidir. Ermənistanda kimin hakimiyyətdə olmasından asılı olmayaraq, bu məsələ mütləq həllini tapmalıdır. Eyni zamanda Azərbaycan dəfələrlə bu məsələni beynəlxalq qurumlar qarşısında qaldırıb. Azərbaycanlılara qarşı törədilən vəhşiliklə bağlı sənədləri, işgəncə faktlarını təqdim edib. Onu da qeyd edib ki, artıq uzun illərdir ki, Azərbaycandakı müvafiq komissiya bu istiqamətdə fəal iş aparır, dəqiqləşdirmə işlərini həyata keçirir. Müəyyən nəticələr var”.
Ceyhun Məmmədov
C.Məmmədov hesab edir ki, bu məsələdə Ermənistanla yanaşı, ona dəstək verən beynəlxalq qurumlar da məsuliyyət daşıyırlar: “Beynəlxalq qurumlar da Ermənistana təzyiqləri artırmalıdırlar. Ermənistanı bu məsələyə aydınlıq gətirməyə məcbur etməlidirlər. Söhbət 4000 şəxsdən gedir. Kifayət qədər böyük rəqəmdir”.
Hərbi ekspert Ədalət Verdiyev bu istiqamətdə rəsmi Bakının davamlı şəkildə iş apardığını xatırlatdı: “Azərbaycanla Ermənistan arasında baş tutan üçtərəfli görüşlərin, xüsusilə də Avropada, Brüsseldə aparılan danışıqların hər birində Azərbaycan Prezidenti İlham Əliyev və digər rəsmilərimiz daim Birinci Qarabağ müharibəsində itkin düşən azərbaycanlılarla bağlı məsələni gündəmdə saxlamağa, bununla bağlı Ermənistan tərəfini müsbət addımlar atmağa dəvət edib. Görüşün nəticələrinə aid keçirilən mətbuat konfranslarında da Avropa rəsmiləri, o cümlədən Avropa İttifaqının rəhbəri Şark Mişel tərəfindən bu şəxslərin taleyinə aydınlıq gətirilməsinin vacibliyi də vurğulanıb. Bütün bunlara baxmayaraq, Ermənistan tərəfi hələ də əsir və itkin düşmüş, girov götürülmüş insanlarımızın taleyinə aydınlıq gətirilməsi üçün heç bir real addım atmayıb. Yalnız bir dəfə 100 nəfərə aid ehtimal olunan cəsəd qalıqlarının ayrı-ayrı komponentləri Azərbaycan tərəfinə verilib. Qalan 4 min nəfərə yaxın azərbaycanlının taleyi isə bu günə qədər hələ də naməlumdur”.
Ədalət Verdiyev
Ə.Verdiyevin fikrincə, bəlkə də Paşinyan bu istiqamətdə hansısa addımlar atmaqda maraqlıdır: “Amma Ermənistanda mövcud olan vəziyyət, Azərbaycanla münasibətlərin gərginləşməsində maraqlı olan generallar - hansılar ki, hələ də Paşinyanın istefasını tələb edən kontingentə aiddirlər - hələ də müharibədəki məğlubiyyətlərini qəbul edə bilmir və münasibətlərin normallaşmasında maraqlı görünmürlər. Birinci Qarabağ müharibəsində də baş verən hadisələrdən daha çox məlumatlı olan şəxslər, o cümlədən Köçəryan, Sərkisyan, Ohanyan, Xaçatryan, Qriqoryan və digərləri bu məsələlərdən daha çox xəbərdardırlar. Amma onların da hamısı bu gün Ermənistanda Paşinyana qarşı mitinqlərdə iştirak edirlər. Odur ki, bu məsələlər barəsində məlumatlar olsa belə, erməni ordusunun arxivində saxlanılan məlumatların yaxın gələcəkdə Azərbaycana ötürüləcəyini ehtimal etmirəm”. Hərbi ekspertin sözlərinə görə, bunun üçün Azərbaycanın edə biləcəyi yeganə bir şey varsa, o da bu məsələləri hüquqi müstəviyə keçirməkdən ibarətdir: “Başqa yolla bizim Ermənistandan məlumatlar əldə etməyimiz mümkün görünmür”.
“Birinci Qarabağ Müharibəsində əsir və itkin düşmüş vətəndaşlarımızla bağlı dəfələrlə müxtəlif platformalarda çağırışlar edilsə də, Ermənistan indiyədək bu məsələdə manipulyasiyalar etməyə davam edir”.
Tural İsmayılov
Bu fikirlər isə Sosial Tədqiqatlar Mərkəzinin baş mütəxəssisi, politoloq Tural İsmayılova məxsusdur. Ekspert qeyd etdi ki, əvvəllər də müxtəlif təşkilatlar əsir və itkin vətəndaşlarımızla bağlı mövqe qoysa da, Ermənistanın indiki iqtidarı Köçəryan-Sərkisyanın quldur davranışlarını davam etdirərək bu günə qədər əməli addımlar atmır: “Təəssüflər olsun ki, rəsmi Brüssel Ermənistana bununla bağlı praktiki təzyiqlər etmir. Avropa İttifaqı Şurası tərəfindən hər üç Brüssel görüşü və Brüssel bəyanatlarında 4000-ə yaxın vətəndaşımızın taleyinə aydınlıq gətirilməsi labüd olaraq vurğulansa da, Ermənistan insanlıq cinayətini hələ də davam etdirir. Ermənistanın vətəndaşlarımızın taleyi haqqında sükutu qlobal ədalətsizliyin növbəti təzahürüdür. Bu günə qədər Ermənistanda Birinci Qarabağ müharibəsində əsir və itkin düşmüş vətəndaşlarımızın qul kimi işlədildiyi, orqan alveri kimi çirkin əməllərdə istismar edildiyi və sair haqqında məlumatlar yayılıb mediada. Rəsmi Brüssel bu məsələdə əməli addımlar atmalıdır ki, öz imzasının dəyəri olsun”.
T.İsmayılov qeyd etdi ki, eyni zamanda Rusiya da bu məsələdə faktiki heç bir addım atmır və növbəti dəfə erməni cinayətlərinə göz yummağa davam edir: “Hazırda dövlətimiz bu məsələni konkret olaraq diqqət mərkəzində saxlayıb. Bu sahə üzrə aidiyyəti komissiya fəaliyyət göstərir. Dəfələrlə müxtəlif beynəlxalq platformalarda bu məsələ qabardılıb”. T.İsmayılov təmsil olunduğu qurumun da bu istiqamətdə çalışmalarını davam etdirdiyini vurğuladı: “Sosial Tədqiqatlar Mərkəzi də erməni sosial media və KİV seqmentində 30 ilə yaxındır taleyi naməlum olan vətəndaşlarımız haqqında hər bir informasiyanı tapmağa çalışır. Bu sahədə monitorinqlərimizi genişləndirib aidiyyətı qurumlara təkliflərimizi də verə bilərik”.
“Yeni Müsavat”