Bu gün Vətən müharibəsinin iki hərbi təhsil ocağını gümüş medalla bitirən 23 yaşlı şəhid Ənvər Əliyevin doğum günüdür.
Bu barədə ZƏFƏR Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin feysbuk səhifəsində məlumat verilib.
Evin altı övladının sonuncusu olan, 23 yaşında şəhidlik zirvəsinə ucalan Vətən müharibəsinin iştirakçısı Ənvər Nizami oğlu Əliyev döyüşlərdə cəsarəti, igidliyi ilə seçilib.
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbini gümüş medalla bitirən Ənvər Əliyev Talış kəndi və Suqovuşan uğrunda gedən döyüşlərdə hünər göstərib, ötən il oktyabrın 15-də şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra dövlət başçısının sərəncamı ilə “Vətən uğrunda” medalı ilə təltif edilib. Naxçıvan Muxtar Respublikasının Şərur rayonundakı Şəhidlər xiyabanında dəfn olunub.
Ənvər Əliyev 1997-ci il iyun ayının 4-də Şərur rayonunun Axaməd kəndində anadan olub. Öz nizam-intizamı ilə seçilən Ənvər Axaməd kənd tam orta məktəbinin 9-cu sinfini bitirdikdən sonra 2012-ci ildə Naxçıvan şəhərindəki Heydər Əliyev adına Hərbi Liseyə daxil olub. Liseyin kursantları arasında çalışqanlığı, fəallığı ilə seçilib, fəxri fərman, medal, təşəkkürnamə və “İlin ən yaxşı kursantı” adına layiq görülüb, liseyi gümüş medalla bitirib.
Nümunəvi kursant olduğu üçün Ənvər 2015-ci ildə Türkiyənin Ankara şəhərindəki Quru Qoşunları Məktəbində təhsil almağa göndərilib. 2016-cı ildə Vətənə qayıdaraq təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirib. 2020-ci ilin may ayında həmin məktəbi leytenant rütbəsi ilə bitirib. 2020-ci il iyul ayının 1-də Tərtər rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmət etməyə başlayıb. Vətən müharibəsini ilk günlərindən döyüşlərdə iştirak edib. Canından çox sevdiyi torpaq uğrunda canından keçməklə Şəhidlik zirvəsinə ucalıb.
O, Vətən müharibəsində göstərdiyi igidlik və qəhrəmanlıqlara görə “Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
CƏNNƏTDƏKİ YAŞIN MÜBARƏK,
RUHUN ŞAD OLSUN ŞƏHİDİM!