Fərhad Cabbarov: “Əsas suallardan biri budur ki, Cümhuriyyət zamanı bizim Ermənistanla sərhədlərimiz haradan keçirdi?”
“Təhsil müəssisələrində Cümhuriyyət tariximiz yetərincə təbliğ olunur. Tarix dərsliklərinə nəzər saldıqda bunu aydın görürük. Keyfiyyət, məzmun baxımından isə fərqli yanaşmaq olar”.
Bu fikirləri Milli Azərbaycan Tarixi Muzeyinin icraçı direktoru, tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov “Yeni Müsavat”a açıqlamasında bildirib. O deyib ki, bəzən dərsliklərdə faktologiyaya daha çox yer verilir, bu isə dövrün möhtəşəmliyini təhlil nöqteyi-nəzərdən kölgədə qoyur: “Ali təhsil müəssisləri üçün nəzərdə tutulan tarix dərsliklərində də Cümhuriyyət tarixi haqqında məlumatlar genişdir. Hesab edirəm ki, uşaqlar da, gənclər də Azərbaycan Xalq Cümhuriyyətinin qurulma tarixi, o dövrün şəxsiyyətlərinin hansı fəaliyyət göstərdikləri haqqında məlumata malikdirlər. Yeri gəlmişkən, hazırda Cümhuriyyət dövrünə diqqət, hörmət, xoş münasibət daha çoxdur. Ədəbiyyatda bu mövzuya yer verilir, verilişlər çəkilir, sosial mediada informasiya kifayət qədərdir, məqalələr yazılır. Cümhuriyyət tarixi təkcə 28 Mayda yox, 15 sentyabr, parlamentin açılış günü, Dövlət Bayrağı günü, Cümhuriyyət liderlərinin doğum, anım günləri və s. günlərdə də xatırlanır. Təbliğatı müsbət qiymətləndirirəm”.
Ekspert deyir ki, Qarabağ mövzusu Cümhuriyyət dövründə də aktual olub. O dövrün sənədlərində həssas və strateji məqam kimi Qarabağ bölgəsi diqqət mərkəzində olub: “Təsadüfi deyil ki, zaman-zaman ərazi vahidi olaraq Qarabağın keçmişinə nəzər saldıqda mütəxəssislər, tarixçilər Cümhuriyyət dönəminin sənədlərini araşdırmağı vacib bilirlər”.
F.Cabbarov qeyd etdi ki, Cümhuriyyət dövründə Qarabağ mövzusunun parlamentdə müzakirəsi ilə bağlı araşdırmalar var: “Hazırda Ermənistanla o vaxtkı münasibətlərdə ərazi və sərhəd məsələləri aktuallaşıb. Demarkasiya məsələsi gündəmdədir (red: Prezident İlham Əliyev Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalayıb). Əsas suallardan biri budur ki, Cümhuriyyət zamanı bizim Ermənistanla sərhədlərimiz haradan keçirdi? Mübahisəli, mübahisəsiz ərazilər hansılar idi? Alimlərimiz konfranslarda bu mövzuya daha diqqətli yanaşırlar. Hətta bəzi tarixçilər 1918-1920-ci illərdə gedən müharibəni I Qarabağ müharibəsi adlandırmağı təklif edirlər. Bu fikir zaman-zaman səslənir, sadəcə, hələ ki təkliflər formasındadır, konsepsiya kimi formalaşdırılmayıb. Cümhuriyyət zamanında da Qarabağ müharibəsi olub. O zaman Qarabağın faktiki olaraq Cümhuriyyətin tərkibində qalması sonrakı proseslərə də təsir etdi. Ermənilər bu ərazini Azərbaycandan qopara bilmədilər, çünki Cümhuriyyət Qarabağı Azərbaycanın tərkibində saxlaya bildi. Qafqaz İslam Ordusunun Qarabağ əməliyyatı haqqında da araşdırmalar var. 44 günlük müharibədən sonra bu mövzulara diqqət artıb”.
F.Cabbarov həmçinin bildirdi ki, Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan Cümhuriyyətinin qurulmasının 104-cü ildönümünə həsr olunmuş elmi seminar keçiriləcək. Məruzəçi professor Solmaz Rüstəmova-Tohidi Cümhuriyyətin “Azərbaycan” adlandırılması və onun tarixi əhəmiyyəti mövzusunda çıxış edəcək. İştirak etmək istəyənlər üçün giriş sərbəstdir.
“Yeni Müsavat”