Azərbaycanın Milli Qəhrəmanı, Birinci Qarabağ müharibəsi şəhidi Yusif Mirzəyevin doğum günüdür.
Oxu.Az xəbər verir ki, Yusif Mirzəyev 1958-ci il 23 may Babək rayonunun Böyükdüz kəndində anadan olub. 1975-ci ildə İ.Səfərli adına 1 saylı məktəbi bitirib.
O, 1988-ci illərdə Xalq Hərəkatına qoşulub. 90-cı illərdə xalq hərəkatına və 20 Yanvar faciəsi zamanı etdiyi etirazlara görə Bakı şəhər komendantı tərəfindən həbs edilib. Həbsdə işgəncələr gördüyü üçün böyrəkləri zədələnir.
Goranboy və Ağdərə uğrunda gedən döyüşlərdə iştirak edib. Qısa zamanda taborun ən adlı-sanlı döyüşçüsünə çevrilib. Yusif 14 nəfərlik dəstə ilə döyüşlərdə iştirak edib. Təhlükəli olduğu üçün tabora Ağdərə istiqamətində çıxmaq əmri verilsə də, 14 nəfərlik döyüşçü ilə Yusif elə bir vəziyyət yaradır ki, düşmən tərəf Ağdərədə böyük bir batalyon olduğunu düşünüb.
Ancaq böyrəklərindəki xəstəlik şiddətləndikdən sonra onu bir müddət müalicə olmağa razı sala bilirlər. O, Şəmistan Əlizamanlı ilə bir otaqda müalicə alır. Vəziyyətini yaxından izləyən həkimi Yusif üçün bir mahnı yazır. Dinlədikdən sonra mahnını çox bəyənən Yusif Mirzəyevə Şəmistan Əlizamanlı mahnını ifa edəcəyinə və ona həsr edəcəyinə söz verir. Daha sonra Yusif müalicəsini yarımçıq saxlayır və “Bilirəm canım əldən gedir, ancaq Vətən də əldən gedir”, - deyərək yenidən cəbhəyə yollanır.
Bakıda Yusifə müxtəlif vəzifələr təklif edilsə də, o, razı olmur. 1993-cü il 19 fevralda Ağdərədə mühasirəyə düşmüş əsgərləri xilas etməyə çalışarkən şəhid olur. Naxçıvan şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Həmin ilin martında Yusif Mirzəyevə “Azərbaycanın Milli Qəhrəmanı” adı verilir.
Şəmistan Əlizamanlı isə söz verdiyi “İgid əsgər, möhkəm dayan” mahnısını ifa edərək Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevə həsr edir.
Naxçıvan şəhərində büstü qoyulub. Bakının Nəsimi rayonundakı 44 saylı məktəbə qəhrəmanımızın adı verilib, qarşısında büstü qoyulub.