"Zəngilan şəhərinin Baş planının ilkin versiyası mənə təqdim edilmişdir".
Qaziler.az xəbər verir ki, bunu Prezident İlham Əliyev mayın 4-də Vahid Hacıyevi Prezidentin Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Zəngilan rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
"Prinsip etibarilə bu, məqbuldur. Amma, əlbəttə ki, göstəriş vermişəm ki, daha geniş diskussiyalar, müzakirələr aparılsın. Siz də təbii olaraq bu işlərə dərhal qoşulun. Zəngilan şəhərinin Baş planı bütün müasir memarlıq normalarını ehtiva edəcək. Həm xarici görünüşü çox gözəl olmalıdır, rahatlıq olmalıdır, həm də bütün ekoloji standartlar burada təmin edilməlidir və tətbiq olunmalıdır. Zəngilan şəhəri və ümumiyyətlə, Zəngilan rayonu təbiət nöqteyi-nəzərindən çox gözəl olduğu üçün yeni yaradılacaq şəhər də bu gözəlliyi özündə təcəssüm etdirməlidir. Ona görə Baş planın qəbul edilməsi, təsdiq olunması və ondan sonra işlərin daha sürətlə getməsi, əlbəttə ki, təmin ediləcəkdir", - dövlət başçısı bildirib.