Düşmənin anlayacağı ən sadə dil güc dilidir
Ermənistan və Rusiya tərəfi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə rəsmi Bakı birgə Bəyanatdan imzasını geri çəkə bilər
Mayın 2-i axşam saatlarında Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə fasilələrlə atəşə tutmasının ardından daha iri miqyaslı düşmən təxribat ilə qarşılaşdıq.
Mayın 3-də Qarabağdakı erməni silahlılarının Rusiya sülhməramlılarının gözü qarşısında mühəndis qurğuları inşa etməsinə şahidlik etdik.
Həm Kəlbəcər istiqamətində atəşkəsin pozulması, həm də Rusiya sülhməramlılarının müvəqqəti məsuliyyət zonasında mövcudluğu birgə Bəyanata görə nəzərdə tutulmayan qeyri-qanuni erməni silahlı birləşmələrinin yenidən Azərbaycan ərazisində, Azərbaycan Əsgərinə qarşı döyüş mövqeləri yaratması, sülhməramlı kontingentin seperatçı rejimə birbaşa dəstək verməsi deməkdir. Bununla birgə Bəyanatı imzalayan və müttəfiqmizi olan Rusiya, sanki Azərbaycan tərəfini öz ərazilərində Fərrux dağı istiqamətindən baş verən yerdəyişmədən daha adekvat və ağrılı fəaliyyətlərə sövq etmək məqsədi daşıyır.
İstənilən halda nə mayın 2-də baş verən atəşkəs pozuntusu, nə də mayın 3-də erməni silahlılarının Xocavənd rayonu istiqamətində uzunmüddətli atəş mövqeləri inşa etməsi cavabsız qalmayacaq. Buna hər kəs əmin olmalıdır.
Erməni silahlılarının Qarabağda uzunmüddətli atəş mövqeləri inşa etməsi ilə ilk dəfə rastlaşsaydıq, bunu rus sülhməramlılarının vəzifə borclarına məsuliyyətsiz münasibəti kimi dəyərləndirə bilərdik. Amma sülhməramlıların bu tipli fəaliyyətləri ilə artıq mütəmadi olaraq qarşılaşırıq. Odur ki, erməni təxribatının qarşısını almaq üçün heç bir tədbir görmək əvəzinə silahlılara dəstək verən Rusiya sülhməramlılarının fəaliyyətinə və onların mandatına yenidən baxılmalıdır. Rus kontingenti müvəqqəti nəzarət etdikləri ərazidən silahlıları çıxarmaq əvəzinə, baş verənlərə göz yumaraq erməni təxribatlarına şərik olmağa üstünlük verməsi, cavabsız qalacaq fəaliyyət deyil.
Sülhməramlıların onlara məxsus BTR-82A zirehli personal daşıyıcısı ilə erməni silahlılarının adı qeyd olunan ərazidə yerləşməsinə baxmayaraq, erməni silahlılarının qeyri-qanuni fəaliyyətlərinə müdaxilə etmək əvəzinə onlara havadarlıq etməsi, Azərbaycan torpaqlarında terrorizmin və seperatizmin dəstəklənməsi məqsədi daşıyır.
Bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri mütləqdir. Bu tədbirlər kompleks xarakter daşımalı, özündə həm atəş açılan, həm də səngər qazılan düşmən mövqeləri üzərində, takti şərait tələb edərsə bir qədər də dərinliyə irəlləməklə Bayrağımızın dalğalanması ilə nəticələnməlidir.
Ermənistan və Rusiya üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmirsə, atəşkəsə əməl olunmursa, erməni silahlısını ruslar ərazidən çıxarmaq əvəzinə onlara döyüş mövqeləri inşa etməyə şərait yaradırsa, sərhədlərin təyin olunması prosesi süni şəkildə uzadılırsa, o zaman Azərbaycan Ordusu birtərəfli qaydada birgə Bəyanatın şərtlərini yerinə yetirməklə bu acı reallığı rus sülhməramlısı və onun himayə etdiyi erməni silahlılarına həzm etdirməlidir. Əgər Ermənistan bundan sonra da fəaliyyətində əsaslı dönüş etməzsə, Azərbaycan “Ermənistan və Rusiya tərəfi üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmədiyinə görə rəsmi Bakı birgə Bəyanatdan imzasını geri çəkə bilər” açıqlaması ilə noyabrın 9-na olan vəziyyətə qayıda bilər. Bu isə nəinki Qarabağdakı seperatçılar üçün, hətta bütün Ermənistan üçün fəalkət deməkdir.
Ermənistan və erməni silahlıları bu təxribatçı fəaliyyətləri rus sülhməramlılarının və ya rus bazasının dəstəyi ilə həyata keçirir. Odur ki, sərhəddəki erməni ordusunun qalıqlarının və ya Qarabağdakı erməni silahlılarının cəzalandırılması üçün Ordumuza imkan verməliyik. Düşmənin anlayacağı ən sadə dil, güc dilidir.
P.S. Qarabağdan rus sülhməramlısının çəkilməsindən 1 gün sonra həmin ərazidə erməni silahlısının qalmayacağına da tam əminəm.
Ədalət Verdiyev, hərbi ekspert
moderator.az