“O, indi özündən yox, məndən çox narahatdır...” - Şəhid anasının oğul dərdi...

“O, indi özündən yox, məndən çox narahatdır...” -  Şəhid anasının oğul dərdi... backend

“Bu gün Zakirin 26 yaşı tamam olur. O, heç vaxt unudulmur, dostları, yaxınlarımız onu unudulmağa qoymurlar. Mən də onu yoxmuş kimi saymıram”

 

Bunu Moderator.az-a açıqlamasında 2017-ci il fevralın 24-dən 25-nə keçən gecə Xocavənd rayonu istiqamətində düşmən tərxibatının qarşısını alarkən şəhid olan beş hərbçimizdın biri, istehkamçı Zakir Cəfərovun anası Kəmalə xanım deyib. Şəhid anası şəhid oğlunu xatırlayan hər kəsə minnətdarlıq edib:

“Zakir həmişə sağdır, həmişə bizimlədir. Onun etdiyi qəhrəmanlıqlar haqqında eşidəndə təskinlik tapıram. Göydə Allah, yerdə də yaxşı insanlar onun qiymətini verib. Zakir həmişə yuxularıma girir, dərdləşirik və sonra yenə çıxıb gedir. O, özündən yox, məndən çox narahatdır. Çünki o istəyirdi ki, əsgərliyini başa vurandan sonra işləyib evə kömək etsin. Amma təəssüf ki, qismət olmadı”. 

Xatırladaq ki, Zakir Cəfərov 1996-cı il mayın 3-də Bakı şəhərində anadan olub. 2011-2015-ci illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetinin nəzdində İnşaat Kollecində təhsil alıb. 2016-cı il yanvarın 7-də hərbi xidmətə yollanıb. Beyləqan rayonunda hərbi xidmətə başlayıb. Zakir sonradan xidmətini davam etdirmək üçün Xocavənd rayon Qaradağlı kəndinə yollanıb. 2017-ci il fevral döyüşləri zamanı Zakir dörd hərbçi yoldaşları ilə birlikdə qəhrəmancasına şəhid olub. Fevralın 27-də beş hərbçimizin nəşi neytral ərazidən götürülərək, dəfn edilməsi üçün ailələrinə, yaşadıqları ünvana gətirilib. Şəhid Zakir Cəfərov fevralın 28-də Bakı şəhəri Nizami rayonu Keşlə qəsəbəsində yerləşən qəbiristanlıqda böyük izdihamla dəfn edilib. Şəhid Zakir Cəfərov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə, “Şücaətə görə” medalı ilə təltif edilən ilk hərbçidir. 

 

Həmin əməliyyatda mayor Aqşin Abdullayev, kapitan Şahlar Nəzərov, baş-leytenant Tural Həşimli və gizir Zülfi Qədimov şəhid olub. 

 

Allah cəmi şəhidlərimizə rəhmət eləsin!

Diaspora